Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, şair-publisist Ramiz Duyğun uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bakupost.az xəbər verir ki, o bu gün 87 yaşında dünyasını dəyişib.
Ramiz Duyğun (Məlikov) 1938-ci il fevralın 10-da Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) rayonunun Güdəcühür kəndində anadan olub. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Şimali Qafqaz, Belorusiya və Zaqafqaziya hərbi dairələrində müxtəlif vəzifələrdə hərbi həkim kimi xidmət edib.
1978–1990-cı illərdə Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim və şöbə rəisi kimi çalışıb. Uzun illər Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə rəhbərlik edən Ramiz Duyğun, həm də “Hünər” televiziya verilişinin müəllifi və aparıcısı kimi tanınıb.
O, “Vətən kimi şirin”, “Vətən beşiyim mənim”, “Göy üzü damar-damar” və digər şeir kitablarının müəllifi idi.
Ramiz Duyğun Azərbaycan ədəbiyyatında və hərbi publisistikada özünəməxsus iz qoymuş şəxsiyyətlərdən biri olub.