Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:20 / 23 Avqust 2024

Putinin Bakı səfəri: ortaq maraqlar, birgə layihələr... - TƏHLİL

10048
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-u Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan və Rusiya qonşu, dost dövlətlərdir, iki xalqı tarixi keçmiş birləşdirir. Son illər münasibətlər daha da inkişaf edərək, müttəfiqlik səviyyəsinə yüksəlib. Hazırda Bakı və Moskva arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət mövcud deyil. Azərbaycan və Rusiya liderləri mütəmadi olaraq görüşür, yaxud telefon əlaqəsi vasitəsilə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Putinin ölkəmizə dövlət səfəri etməsi də həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.




Putinin Azərbaycana budəfəki səfəri daha dostcasına, səmimi və xoş aurada keçdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Vladimir Putinlə evdə nahar etdilər. Səfəri çərçivəsində Putin Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.


Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib. Rusiya lideri ilə Azərbaycan lideri arasında Bakıda bir çox məsələlər – Yaxın Şərq, Cənubi Qafqaz, nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan arasındakı sülh sazişi ilə bağlı məsələlər müzakirə olunub.



Prezidenti İlham Əliyev bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir: “Bu gün artıq Sizinlə fikir mübadiləsi apardıq və dostlar, qonşular və müttəfiqlər arasında münasibətlərin necə inkişaf etməsindən məmnunluq ifadə etdik. Bütün sahələrdə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Yəni, həqiqətən də müzakirə, qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və bizim qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Əminəm ki, Sizin səfəriniz ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiqamətində növbəti mühüm addım olacaq”.




Prezident qeyd edib ki, regionda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır: “Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.

Vladimir Putin qeyd edib ki, Rusiya Azərbaycanla humanitar əlaqələrə, dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

"Şimal-Cənub" layihəsindən danışan Rusiya lideri vurğulayıb ki, bu, Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək. Putin Azərbaycanda rus dilinə göstərilən diqqətdən də danışıb və Azərbaycan liderinə minnətdarlığını bildirib.




Eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev deyib ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.




Səfər zamanı dövlət başçıları tərəfindən Birgə Bəyanat qəbul edilib və 6 sənəd imzalanıb. Rusiya lideri bildirib ki, aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.

Putinin Azərbaycana səfəri Ermənistan və onu dəstəkləyən ölkələrin mətbuatında fərqli formada işıqlandırıldı. Təbii ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin gərginləşməsində marağı olan ermənipərəst qüvvələr var və onların əsas niyyəti bəllidir. Azərbaycan onun suveren hüquqlarını və ərazi bütövlüyünü qəbul edən ölkələrlə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır.




Politoloq Fikrət Sadıqov deyir ki, Azərbaycanla Rusiyanın özəl münasibətləri var. Bu, həm də tarixdən gələn əlaqələrlə bağlıdır, eləcə də humanitar, iqtisadi, mədəni, ticari və digər sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Siyasi münasibətlər də yüksək səviyyədədir:


“Şimal-Cənub layihəsi kimi layihələr Azərbaycan, həm də Rusiyanı qane edir. Belə layihələrin həyata keçirilməsi hər iki dövlətin maraqlarına cavab verir. Azərbaycanı Cənubi Qafqazdakı təhlükəsizlik və stabillik maraqlandırır. Azərbaycan Rusiya ilə münasibətlərində həm də bu amilə diqqət yetirir”.





Politoloq Elşən Manafov bildirib ki, Vladimir Putinin Bakıya səfərinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və genişlənməsi baxımından böyük əhəmiyyəti var:


"Bu səfər nəticəsində münasibətlərimizin inkişafı yeni bir mərhələyə qalxdı. Səfər zamanı hər iki ölkənin liderləri münasibətlərin mövcud vəziyyətindən məmnunluqlarını ifadə etdilər".



Elşən Manafovun sözlərinə görə, geosiyasi əhəmiyyət kəsb edən dəhlizlərlə bağlı razılıqlar xüsusi əhəmiyyət daşıyır. "Şimal-Cənub" dəhlizinin icrasında Azərbaycanın aparıcı roluna da prezidentlərin görüşündə diqqət yetirildi:



“Məlum oldu ki, bu dəhliz vasitəsilə yük keçirilmənin artırılması üçün ciddi imkanlar var. Azərbaycanın bu istiqamətdə gördüyü işlər yaxın gələcəkdə keçən yüklərin həcminin kəskin artımını təmin edəcək. Görülən işlər yük daşınmasının müddətini də qısaldır ki, bu da Fars körfəzinə, o cümlədən Cənubi-Şərqi Asiyaya Rusiya yüklərinin çatdırılması üçün əhəmiyyətlidir. Qərbin sözügedən bölgələrdə nüfuzunun genişlənməsinin qarşısının alınamsı üçün də həmin bölgələrə çıxış imkanlarının şaxələndirilməsi önəmlidir".

Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi ətrafında da Rusiya və Azərbaycanın maraqları üst-üstə düşür.



Politoloq Xəyal Bəşirov qeyd edib ki, Vətən müharibəsində düzgün siyasətin, məntiqi diplomatiyanın nəticəsi olaraq artıq Rusiyanı Ermənistanın yanında görmədik. Şimal qonşumuz bu mövzuda ədalətli mövqe nümayiş etdirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqazda əsas söz sahibi, dominant mövqeyə malik olduğunu bir da sübuta yetirdi:

“Müharibənin başa çatması ilə bağlı bəyanat da Rusiyanın iştirakı ilə imzalandı. Üçtərəfli qaydada bağlanmış razılaşma əsasında Rusiya üzərinə bir sıra öhdəliklər götürdü. Bunlardan biri də Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi idi. Təbii ki, 2022-ci il 22 fevral tarixli Müttəfiqlik Bəyannaməsini də unutmaq olmaz. Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxmasını özündə əks etdirən və 43 bənddən ibarət olan bu sənəddə qarşılıqlı əməkdaşlıq məsələləri öz əksini tapır. Bəyannamənin müvafiq bəndlərində yer alan Şimal-Cənub dəhlizi, nəqliyyat, iqtisadiyyatla bağlı kommunikasiya əlaqələri hazırda hər iki ölkə üçün prioritet məsələlərdəndir”.





Sevinc,
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar