Ru
16:48 / 24 Fevral 2023

Qarabağda ard-arda baş verən qırğınlar: Başlıbel, Ağdaban, Ballıqaya faciələri

32854
XX əsrin əvvəli və sonunda ermənilər tərəfindən Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədildiyi danılmaz həqiqətdir.

Ermənilərin məqsədi Qarabağ ərazisində yaşayan müsəlman əhalini tamamilə məhv etmək, etnik təmizləmə siyasətini başa çatdırmaq idi. Qarabağ regionuna gəlmə əhali olan ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər tarixdə heç bir müharibədə zamanı baş verməyib. Bunlar insanlığa qarşı yönəlmiş terrordur.


Tarixən silahsız, əliyalın insanlar, qocalar, uşaqlar və qadınlar ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib. Başları kəsilib, gözləri çıxarılıb, diri-diri yandırılıb. Bir sözlə, ermənilər azərbaycanlılara qarşı misli görünməyən soyqırım aktları həyata keçiriblər. Ermənilərin törətdiyi bu soyqırımlar Azərbaycan tarixinə ən dəhşətli, qanlı və faciəli səhifələrdən biri kimi daxil olub. Uzun illərdir ki, uşaqdan böyüyə bütün Azərbaycan xalqı bu soyqırımların ağrı-acısını qəlbində daşıyır.


Ötən əsrin 90-cı illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən dəhşətli soyqırımı Xocalı faciəsi olsa da, digər soyqırımları da diqqətdən kənarda qalmamalıdır. Bu yazıda da həmin soyqırımlarındna bəziləri haqqında bəhs edəcəyik.




Başlıbel soyqırımı


Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərindən biri də 30 il bundan öncə - 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törədilib. Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub. Başlıbel kəndinin tarixi xeyli qədim olsa da, tam öyrənilməyib. İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər təşkil edib. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub.




Başlıbel kəndinin sakini, araşdırmaçı-jurnalist Elxan Salahov deyir ki, 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edərkən yollar bağlandığından 62 nəfər kəndi tərk edə bilməyib dağlara sığınıblar. Onlar ermənilərin ətraf kəndləri işğal etməyindən gec xəbər tutaraq mühasirəyə düşüblər. Kənd əhalisi inana bilməmişdi ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab etdiyindən kimsə öz evini tərk edib getməmişdi: “Mühasirədən xilas olmağa başqa yol qalmadığından kahalarda yaşamağa məcbur olublar. Onların 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Erməni quldur birləşmələri kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıblar. Mühasirədə yaşamaq məcburiyyətində qalan sakinlərin arasında 4 yaşlı körpə də, 88 yaşlı qoca da olub. Onlar təxminən 3 kilometr aralıda kəndin ən hündür yerində dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq mühasirə həyatı yaşayıblar. Qayalarda yerləşən “Portda” kahasına sığınan kənd sakinləri aprelin 18-dək burada yaşayıblar. Sakinlərin sığındığı yeri müəyyən edəndən sonra erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar”.


E.Salahovun sözlərinə görə, sonra kənd sakinləri “Nəbinin kahası”na, sonra “Barıtlı” kahaya sığınaraq mühasirə həyatını yaşamağa davam ediblər. Onlar Dəlidağın soyuq və qarlı qışında dəfələrlə düşmən hərbçiləri ilə üz-üzə gəliblər və günlərlə ac-susuz qalıblar. 113 gün çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra iyulun 17-də özlərinə sığınacaq seçdikləri kahaları tərk edərək Daşkəsən istiqamətində yola düşdülər. Çox böyük əzab-əziyyət bahasına gizli yollarla 7 gün yol gedəndən sonra Daşkəsənin Zivlən kəndinə yetişiblər. Onlardan yalnız 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxaraq xilas olub.



Kəlbəcər sakini, Əməkdar elm xadimi Şahlar Əsgərov bildirib ki, işğalçı Ermənistan beynəlxalq miqyasda hələ Qarabağda törətdiyi cinayyətlərə görə cavab verməyib. Ərazilərimizin işğalı zamanı törədilən, insanlığa sığmayan cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib: “Mühasirəyə düşüb orada köməksiz vəziyyətdə qalan, aclıq, hər an düşmənin əlinə keçmək qorxusu yaşayan silahsız, köməksiz Başlıbel kənd sakinlərinə bu faciəni yaşadanlar bunun hesabın verməli, cəzalarını almalıdırlar. Ermənilərin köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşilikləri xatırladıqca insanı dəhşət bürüyür. Erməni daşnaklarının Başlıbeldə günahsız insanlara qarşı törətdikləri bu cinayət ən ağır cəzaya layiqdir”.





Ağdaban faciəsi

Kəlbəcərin işğalından bir il öncə erməni silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşən kəndə 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri hücum ediblər. Hücumdan xəbərsiz olan kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara üz tutublar. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali tamamilə müdafiəsiz qalıb. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıblar, 779 nəfər dinc sakinə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməyən ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırımı aktı törədiblər.

Bu zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. Həmçinin, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər isə girov götürülüb.

Erməni vəhşiliyinə, dağıntılara baxmayaraq, kənd camaatı yenidən öz yurd-yuvasına qayıdıb yaşayışı bərpa edib.

Bu faciənin üzərindən bir keçəndən sonra - 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğala yenidən Ağdaban kəndindən başlayılar. Erməni silahlıları yenənkəndə hücum edərək onu viran qoyublar. Beləliklə, onlar Ağdaban kəndində ikinci faciəni törədiblər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edilib. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi çoxdan hədəfə almışdılar. Onlar Ağdabanda yalnız soyqırım törətmədilər, erməni quldurları tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edildi.




Ağdabandan olan millət vəkili Aqil Məmmədovun dediyinə görə, 1992-ci ilin aprelin 7-dən 8-ə keçən gecə ermənilərin Kəlbəcərin Ağdaban kəndində törətdiyi qırğınlar insanlıq dramı idi: “Ağdaban kəndi 130 təsərüffatdan ibarət idi. Çayqoşan və Ağdaban kəndi bir nümayəndlikdə birləşmişdi. Kənddə 735 nəfər əhali yaşayırdı. Kənd rayon mərkəzindən 35 km-lik məsafədə yerləşirdi. Məlum hadisələr başlayandan Ağdərə və ermənilərin yaşadığı Çapar kəndi tərəfdən Ağdabana, Kəlbəcərə təzyiqlər, silahlı basqınlar edilirdi. 1988-ci ildən başlayaraq Ağdabanlılar basqınlardan qorunmaq üçün özünümüdafiə dəstələri yaratmışdı. 1989-cu ilin iyulun 7-i erməni kəşfiyyatçısı kənd camaatı tərəfindən tutularaq rayon mərkəzinə təhvil verilmişdi. Kəşfiyyatçıları aparmaq üçün göndərilən helikopterlər də faciəyə səbəb olmuşdu. Məktəbin stadionuna eniş edən helikopterə baxmaq üçün yaxınlaşan 8 uşaq faciəli şəkildə ölmüşdü. Bütün bunlar ermənilərin başlatdıqları təzyiqlərin tərkib hissəsi idi”.


Millət vəkili bildirib ki, 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə ermənilər Kəlbəcərin Ağdaban kəndinə hücuma keçdilər. Amma qarşı tərəf bilirdi ki, Ağdaban camaatı hər zaman özünü müdafiə etməyi bacarır. Ona görə də ermənilər kəndin xarakterini nəzərə alaraq daha genişmiqyaslı hərbi hücüm əməliyyatına başlamışdılar. Həmin vaxt kəndin özünümüdafiə dəstələri ayıq-sayıq olmasaydı, bəlkə qırğının miqyası böyük olardı. Ağdərə istiqamətindən Çapar kəndinə tərəf ağdabanlıların postlar qurması insanların qismən də olsa xilasına kömək etmişdi. 1992-ci ilin aprelin 8-i səhər tezdən kəndin ətrafında postalarda olanların demək olar ki, əksəriyyəti şəhid oldu. Yaralılar və sağ çıxanlar qaçaraq kəndə erməni hücumu haqqında xəbər verə bilmişdi. Ermənilər Ağdabanın mühasirəsini başa çatdırmamış kənd camaatı artıq təhlükəsiz yerə çıxmışdı. Təəssüflər olsun, erməni hücumuna inanmayan və çıxmaq imkanı olmayan kənd sakinlərinə qarşı amansız divan tutulmuşdu. Misli görünməmiş işgəncələrə əl atılmışdı. Erməni vandalaları ələ keçən kənd sakinlərini diri-diri yandırmışdılar. 33 nəfər kənd sakini xüsusi amansızlıqla qətlə yetirilmişdi. 7 nəfər diri-diri yandırılmışdı. Kənddəki evlərin 80 faizinə od vurulmuşdu. Çünki bu, məqsədli şəkildə həyata keçirilən bir terror hadisəsi idi.



Ballıqaya qətliamı

Ballıqaya qətliamı da erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən faciələrimizdən biridir. Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamı 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib. Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib. Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

1992-ci ilin yay aylarında Laçın işğal olunandan sonra öz evlərindən didərgin düşən yerli əhali Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmağa məcbur olub. Yaxın qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazisində məskunlaşıblar. Avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya sırf heyvandarlıq məşğuliyyətini davam etdirmək məqsədiylə gəliblər.

Lakin onlar avqust ayının 28-də xüsusi amansızlıqda qətlə yetiriliblər. Belə ki, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olub və əliyalın günahsız insanlara silahla hücum çəkiblər. Nəticədə özlərini müdafiə etməyə üzərilərində heç bir silah belə olmayan 24 mülki insan amansızlıqla öldürülüb, 9 nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.




Millət vəkili Azər Badamovun sözlərinə görə, Ballıqaya faciəsi ermənilərin günahsız azərbaycanlılara qarşı törətdikləri ən ağır soyqırımlardan biridir: “Qətliamın qurbanlarının ən balacası 6 aylıq körpə, ən böyüyü isə 93 yaşında olub. Bu, o deməkdir ki, ermənilərin məqsədi torpaqlarımızda etnik təmizləmə həyata keçirmək olub. Özləri üçün saxta xəritələr, separatçı dövlətlər yaratmaqla işğalı əbədiləşdirmək istəyiblər”.

İstər Başlıbel, istər Ballıqaya, istərsə də Ağdaban faciələrinin törədilməsi bir daha onu göstərir ki, ermənilər dinc azərbaycanlılara qarşı tarix boyu düşmən mövqedə dayanıblar. Onların azərbaycanlılara qarşı törətdiyi bu qətliamlar Azərbaycan tarixinin qan yaddaşına həkk olunub.

Bütün bu qətliamların qisası 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı bir-bir alınıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşməni döyüş meydanında məhv edə-edə qələbə qazanmaqla yanaşı bu qətliamda şəhid olan soydaşlarımızın qisasını almağa nail olub. Törədilən qanlı cinayətlərin qurbanlarının qanı yerdə qalmayıb.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər