İyunun 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qərbi Kaspi Universitetinin “Məzun 2025” adlı tədbiri keçirilib.
Bakupost.az xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, millət vəkilləri, mədəniyyət xadimləri, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov tələbələrin təhsil müddətində əldə etdikləri nailiyyətlərdən danışıb, onlara gələcək həyat və karyera yollarında uğurlar arzu edib:
“Əziz məzunlar, bu gün böyük fərəhlə universitetdən məzun olursunuz. Təhsil aldığınız müddətdə qazandığınız bilik və bacarıqlarla Azərbaycanın inkişafına, parlaq gələcəyinə öz töhfələrinizi verəcəyinizdən əminəm. Bu yolda bundan sonra da daim sizlərə dəstək olmağa davam edəcəyik”.
Digər çıxışçılar da tələbəlik dövrünü həyatın ən dəyərli günləri kimi qiymətləndirib və məzun olan gənclərə daim öz üzərlərində çalışmağı, peşəkarlıq səviyyələrini artırmağı və sevəcəkləri işlə məşğul olmağı tövsiyə ediblər. Qeyd olunub ki, ölkənin gələcək inkişafı məhz savadlı və bacarıqlı gənclərdən asılıdır.
Daha sonra tədbirdə çıxış edən tələbələr universitet rəhbərliyinin gənclərə diqqət və qayğısından söz açıb, peşəkar mütəxəssis kimi yetişmələrində rol oynayan professor-müəllim heyətinə minnətdarlıq ediblər.
Tədbir musiqili və bədii kompozisiyalar, tələbələrin çıxışları və xatirə videoları ilə davam etdirilib.
“Məzun 2025” tədbiri tələbəlik illərinin son, lakin ən yaddaqalan səhifələrindən biri kimi yadda qalıb.