Ru
15:29 / 21 İyul 2025

Qlobal Media Forumunda diqqəti çəkən iki vacib məqam... - ŞƏRH

Qlobal Media Forumunda diqqəti çəkən iki vacib məqam... - ŞƏRH
Eye

“Media forumlar müxtəlif formatlarda, fərqli ölkələrdə keçirilir, amma Azərbaycanda, Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumu bunların arasında xüsusi çəkiyə malikdir. Şuşa Qlobal Media Forumu iki istiqamətdə xüsusilə diqqət çəkir və başqalarından fərqlənir.”

Bu sözləri Bakupost.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O, forumun yerli və xarici jurnalistlər üçün əhəmiyyətindən danışıb:

“Birinci istiqamət odur ki, bu forumda ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyev də hər il iştirak edir, burada jurnalistlərlə səmimi söhbət edir, onları maraqlandıran ən müxtəlif sualları cavablandırır. Cənab Prezidentin bu forumun iştirakçıları ilə görüşündə verdiyi mesajlar təkcə Azərbaycanın daxili və xarici siyasətini deyil, eyni zamanda geopolitik və qlobal siyasətin də elementlərini əhatə edir və bu baxımdan kifayət qədər maraq doğurur. Yəni, jurnalistlər qlobal, regional, geopolitik və Azərbaycan siyasəti barədə ən geniş və zəruri informasiyaları əldə etmək fürsəti qazanırlar.

İkinci istiqamət isə budur ki, Şuşa Qlobal Media Forumu mediaya aid ən son trendləri, yeni çağırışları müzakirəyə çıxarır. Bu ilki mövzu da kifayət qədər aktual və trenddir, belə ki, burada süni intellekt dövründə media, rəqəmsallaşma, media savadlılığı və s. kimi çox ciddi məsələlər müzakirəyə çıxarılır. Müzakirələri aparmaq üçün tanınmış ekspertlər dəvət olunublar, onlar mövzu ətrafında zəruri biliklər verirlər və açıq diskusiyalar olur. Bu forum çərçivəsində jurnalistləri maraqlandıran bütün suallara cavab tapmaq mümkündür.

Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, bu forum bizim üçün əziz olan Şuşa şəhərində keçirilir və bura gələn xarici jurnalistlər, hansı ki, onların sayı kifayət qədər çoxdur, erməni vandalizminin izlərini görürlər, eyni zamanda Azərbaycanın quruculuq potensialı ilə tanış ola bilirlər.

Ümumilikdə, Şuşa Qlobal Media Forumu həm Azərbaycanın özü üçün, həm də beynəlxalq media ictimaiyyəti üçün böyük fürsətlər yaradır”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar