Ru
17:30 / 17 İyun 2022

Qüdrətli dövlətin görünməyən “əli” - Xalqı yaşadan təməllər

37990
Dünyada hər bir xalqın özünəməxsus adət-ənənələri var. Məhz bu amil də toplumları bir-birindən fərqləndirir və onlara dünyanın bir parçası olma imkanı yaradır. Azərbaycan dünyanın ən qədim və zəngin adət-ənənələrinə malik olan ölkələrindəndir. Xalqımız da milli adət-ənənələrini uca tutan və ona sadiq olan xalqlardandır. Azərbaycan bu gün özünün zəngin milli, özünəxas qədim adət və ənənələri ilə bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkrarolunmaz milli adət-ənənələri xalqımızın keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir körpü rolunu oynayır.



Min illər boyu formalaşan bu ənənələr illər keçdikcə daha da dəyər qazanır. Xalqımız milli adət-ənənələrinə daha da bağlanır və onu gələcək nəsillərə çatdırır.



Bayram adət-ənənələri, toy, yas mərasimləri, İslam dininin bəşəri hisslərini təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab olunur.


Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub:





“Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Çoxmillətlilik, çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq bizim sərvətimizdir. Çünki məhz bu dəyərlər, bu üstün keyfiyyətlər, çox qədim və möhkəm əsaslara söykənən multikulturalizm mühiti, ölkəmizdəki sülh və sabitlik Azərbaycanın bütün istiqamətlərdə inkişafının əsasında dayanır. Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və bundan sonra da olacaq”.



Azərbaycan xalqının milli-mənəvi dəyərlərlərinin, qədim adət-ənənələrinin qorunması və inkişaf etdirilməsində Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində çox mühüm işlər görülüb:





“Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu ahəngdar şəkildə ehtiva edən tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan dəyərlər toplusu kimi mövcuddur ki, bunun da məzmunu və mahiyyəti Heydər Əliyev milli məfkurəsi ilə tam şəkildə uzlaşır. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Ona görə də bu gün sürətlə inkişaf edən, Şərqlə Qərb dəyərlərinin uğurlu sintezini nümayiş etdirməklə yeni nəsil dünya ölkələri sırasında bənzərsiz tolerantlıq və multikulturalizm örnəyini ortaya qoyan Azərbaycan dünyada humanizm prinsiplərinə sadiq ölkə kimi tanınır”.


Qədim və zəngin, dəyərli adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri var.




Məhz bu bayram Azərbaycanın qədim milli adət-ənənələrini özündə təcəssüm etdirir. Ənənələrimizə sadiq olan Azərbaycan xalqı hər il bu bayramı elə adət-ənənəyə uyğun şəkildə qeyd edir. Novruz axşamında hər kəs çalışır ki, süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olsu, Novruz süfrəsində içi şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, innab, qoz, fındıq, badam, kişmiş, püstə, boyanmış yumurtalarla dolu xonça olsun. Çərşənbə, eyni zamanda Novruz axşamında tonqallar qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır, qulaq falına çıxılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi, kədəri unudub şən əhval-ruhiyəyə köklənməli, bir-birinə xoş sözlər deməlidirlər. Milli adət-ənənəyə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib bayramlaşmalıdırlar. Eyni zamanda, dünyadan köçən insanların da qəbirləri yaxınları tərəfindən ziyarət olunur.


Millət vəkili Fatma Yıldırımın sözlərinə görə, Azərbaycan xalqı qədim, milli və zəngin adət-ənənələrini daim yaşadaraq inkişaf etdirib. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb:




“Milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli-mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur”.


Millət vəkili bildirib ki, müasir dövrdə Novruz bayramını daha çox xalqlar və ölkələr qeyd edir: “Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Bununla da Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə baş verdi. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edilib.


28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında isə İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu fakt Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayının daim artdığının göstəricisidir. Ən əsas məqamlardan biri də odur ki, Novruz xalqı birləşdirən bayramdır. Bu da milli birliyimizi və həmrəyliyimizi əhəmiyyətli dərəcədə gücləndirir”.



Xalqımızın milli-estetik dəyərlərinin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy şənlikləri də qədim və zəngin milli xalq adət-ənənələrinə uyğun olaraq təşkil olunur. Elçilik, nişan, xına mərasimi, xonça gətirmə, bayram payı aparma, cehiz vermə, kəbin kəsdirmə və toy.



Azərbaycanda yas mərasimləri də adət-ənənələrə əsasən İslam dininin qaydalarına uyğun təşkil edilir.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyir ki, bir çox müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçılır. Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir, qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır. Vəfat etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə bağlıdır:





“Qeyd edim ki, dinimizdə yas saxlanılmasının müddəti üç gündür. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdur: “Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır”. Burada qadının hamilə olub-olmamasının aydınlaşması, bundan doğan vərəsəlik və s. dəqiq bilinməsi kimi vacib məsələlər nəzərdə tutulub. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç günlük müddət müəyyənləşdirilib. İslama görə, dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir”.


Zəngin milli adət-ənənələrimizin qorunması və gənc nəslə ötürülməsi istiqamətində bu gün ölkədə çox mühüm işlər görülür.

Prezident İlham Əliyev bu məsələlərdən bəhs edərkən qeyd edib ki, gənclərimiz tariximizi və milli dəyərlərimizi yaxşı bilməlidir: “Milli dəyərlərimizi, adət-ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, qədim köklərə malik milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır:


“Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsirinin böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var”.




Millət vəkilinin sözlərinə əsasən, hər bir dövlətin gücü, qüdrəti, ilk növbədə, onun adət-ənənələrinin cəmiyyəti düzgün istiqamətə yönəltməsindən asılıdır. Müasir dövrdə şəxsiyyətin formalaşmasında müstəsna rol oynayan milli adət-ənənələrimizin təsir dairəsini genişləndirmək, tarixi ənənələrə və milli dəyərlərə qayğı ilə yanaşmaq vacib şərtlərdəndir:


“Gənclərin cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında adət-ənənələrimiz müstəsna rola malikdir. Milli adət-ənənələr insanların dünyagörüşünə və onların əxlaqına, mənəvi dünyasının zənginləşməsinə, vətənə, torpağa və xalqa bağlılıq hislərinin daha da güclənməsinə müsbət təsir göstərir. Gələcək nəsil saf təməllər üzərində tərbiyə edilməlidir. Bu baxımdan adət-ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında minlərlə insanın görə bilmədiyi əvəzsiz bir iş görür. Adət-ənənələr insanlar arasında olan münasibəti tənzimləyir. Birliyi, bərabərliyi təbliğ edir. İnsanları sülhə, əmin-amanlığa səsləyir. Dövlətinə, dövlətçiliyə sadiq, layiq olmağı, rəhbəri ətrafında sıx birləşməyi, daim dövlətinə, xalqına xidmət etməyi öyrədir. Hər bir vətəndaş mənsub olduğu xalqın tarixi keçmişinə, adət-ənənələrinə böyük hörmət və qayğı ilə yanaşmalıdır. Milli dövlətçilik milli-mənəvi dəyərlər sistemi ilə sıx daxili vəhdətdədir. Adət-ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında əsl həyat məktəbi rolunu oynayır. Bu adət və ənənələr mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də cəmiyyət üçün o qədər xeyirli şəxs kimi yetişər və dövlətin daha da güclü olmasına öz töhfəsini verər”.


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər