Ru
16:37 / 01 May 2025

Quş ətinə qadağa: Azərbaycanda virusun yayılma təhlükəsi... - Açıqlama

Quş ətinə qadağa: Azərbaycanda virusun yayılma təhlükəsi... - Açıqlama
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bəzi ölkələrdə aşkarlanan yoluxucu xəstəliklərlə əlaqədar həmin ölkələrdən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) AQTA-ya daxil olan rəsmi məlumata əsasən, Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An və Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi qeydə alınıb. Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə zonalaşma prinsipi nəzərə alınaraq, dabaq xəstəliyi baş vermiş təsərrüfatlardan 10 km radiusda yerləşən ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi aşkar olunan təsərrüfatlardan isə 10 km radiusda yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nə uyğun olaraq məhdudiyyət tətbiq edilib.

Bəs, görülən tədbirlər yetərlidirmi? Azərbaycanda virusun yayılması təhlükəsi varmı?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov görülən tədbirlərin müvafiq standartlara uyğun olduğunu bildirib:

“Xəstəliklər olanda tədbirlərin palitrası elə əvvəllər də belə olub. Sovet vaxtında da belə idi. Müəyyən radiusda məhdudiyyətlər qoyulur, hətta avtomobillərin şinləri yuyulur, təmizlik işləri gedir, heyvanların karantin zonasından kənara miqrasiyasına məhdudiyyət qoyulur və s. Yəni yer üzündə mövcud olan qaydaları tətbiq edirlər. Düşünürəm ki, bu əlbəttə ki, təhlükələrdən qoruyur”.

E.Hüseynovun sözlərinə görə, əhalinin bu prosesə ciddi nəzarət etməsi vacibdir:


"Əhalinin çox ciddi şəkildə məlumatlandırılması aparılmalıdır. Hamı bu işdə fəallıq göstərməlidir. Karantin zonasında olan heyvanlarla qeyri-karantin zonasında olan heyvanların miqrasiyasının qarşısı mütləq alınmalıdır. Bunlar normal tədbirlərdir. Qida Təhlükəsizliyi Agentliyi bunu edirsə, çox yaxşıdır. Karantin zonalarını insanlar bilməlidir və polis, yerli icra orqanları, bələdiyyələr bu işə dəstək verməlidirlər. AQTA elə iş aparmalıdır ki, bu işdə əhalinin dəstəyini alsın. Medianın da müstəsna rolu var. Qida Təhlükəsizliyi Agentliyi media vasitələrindən geniş istifadə etməlidir.”

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar