Xəbər verdiyimiz kimi, Ukrayna xüsusi xidmət orqanları “Hörümçək toru" əməliyyatı” çərçivəsində Rusiyanın strateji bombardmançı təyyarələrinin yerləşdiyi hava limanlarına genişmiqyaslı PUA hücumları həyata keçirib. Bu əməliyyatın bu gün İstanbulda Rusiya və Ukrayna arasında növbəti danışıqlardan bir gün əvvələ təsadüf etməsi diqqəti çəkir.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, danışıqlar bu gün İstanbulun Çırağan sarayında, Türkiyə vaxtı ilə saat 13:00-da başlayacaq.
Maraqlıdır, “Hörümçək toru" əməliyyatı danışıqlar prosesinə necə təsir edəcək? Bununla Ukrayna Rusiyaya hansı mesajları verdi?
Hərbi ekspert Ədalət Verdiyev məsələ ilə bağlı
Bakupost.az -a açıqlamasında bildirib ki, “Hörümçək toru" əməliyyatı Ukrayna tərəfində uğurla təşkil edilmiş hücum kimi qiymətləndirilir:
“117 dronun istifadəsi ilə Rusiyanın strateji aviasiya vasitələrinin yerləşdiyi 4 hərbi aerodroma zərbələr endirilib və bu zərbələr zamanı məhv edilən Tu-22, Tu-95 və A-50 döyüş təyyarələrinin ümumi sayının 40-dan çox olduğu Ukrayna tərəfindən rəsmən təsdiqlənib. Məlumata Rusiya tərəfi münasibət bildirməsə də, görünən odur ki, bu əməliyyat bu gün İstanbuldakı danışıqlar prosesində Ukraynanın mövqelərini bir qədər gücləndirəcək.”
Ə.Verdiyev bildirib ki, Ukrayna bu əməliyyatla Rusiyanın istənilən ərazisində yüksək səviyyədə qorunan hərbi obyektlərə belə zərbə endirmək imkanına malik olduğunu nümayiş etdirib:
“Sıradan çıxarılan aviasiya vasitələrinin ümumi sayı kifayət qədər çoxdur və onlar təxminən 7 milyard dollar civarında dəyərləndirilir. Lakin bir məsələ də var ki, zərbələr qapalı məkanlarda deyil, açıq uçuş-enmə zolaqlarında yerləşən vasitələrə qarşı endirilib. Yəni sıradan çıxarılan vasitələr Rusiya üçün böyük əksəriyyət təşkil etmir. Rusiyanın aviasiya imkanları Ukraynadan kifayət qədər üstün olaraq qalmaqdadır. Digər tərəfdən, ümumilikdə götürsək, may ayı ərzində Rusiya ortalama hər gün müxtəlif istiqamətlərdə 200-ə yaxın hücum həyata keçirir. Ukraynanın son hücumuna isə Rusiya tərəfindən cavab reaksiyası olacaq. Ukraynanın mərkəzi şəhərlərinə bundan sonra daha çox hücumların təşkil ediləcəyi gözlənilir.”
Ekspert qeyd edib ki, İstanbulda keçiriləcək danışıqların ikinci mərhələsində real nəticə gözləmək hələ tezdir:
“Danışıqlar prosesi yeni başlayıb və ikinci görüşdə hansısa bir real nəticənin əldə ediləcəyi gözlənilmir. Lakin Ukrayna tərəfinin birinci görüşdən fərqli olaraq bu dəfə daha prioritet əsaslarla iştirakı gözləniləndir. Birinci görüşdə bildiyimiz kimi, Rusiya tərəfi özünü qalib, şərtləri diqtə edən tərəf kimi göstərməyə çalışırdı. Bu dəfə ola bilsin ki, vəziyyət bir qədər Ukraynanın xeyrinə dəyişsin. Amma yenə də təkrar edirəm ki, real nəticələr gözləmək hələ çox tezdir. Çünki sülhün əldə olunması üçün tərəflərin irəli sürdüyü şərt və tələblər arasında kifayət qədər ciddi fərqlər mövcuddur.”
Lalə Novruz,
BakuPost