Yekaterinburqda saxlanılan azərbaycanlıların təqsirləndirildiyi qətllərin səbəbi biznesdə təsir dairələrinin bölünməsi ilə bağlı münaqişə olub.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
"İstintaqla müəyyən edilib ki, cinayətkar qrupun tərkibində olan təqsirləndirilən şəxslərin 2001-ci ildə bıçaq xəsarətlərindən dünyasını dəyişən Yunis Paşayevin qətlində, 2010-cu ildə F.Şirinovu sifarişlə öldürməyə cəhddə, 2011-ci ildə isə Azərbaycan Respublikasının vətəndaşı İ.Hacıyevin qətlə yetirilməsində əlləri var. Bu cinayətlərin motivi, istintaqın hesab etdiyi kimi, biznesdə təsir dairələrinin bölünməsi, habelə şəxsi qisasçılıq olub", - deyə Rusiya İstintaq Komitəsinin rəsmisi bildirib.
S.Petrenko əlavə edib ki, ifadələrin yerindəcə alınması zamanı təqsirləndirilən şəxslərdən biri cinayətin baş vermə şəraiti ilə bağlı ifadə verib və şəriklərini ifşa edib.
Rəsmi nümayəndənin sözlərinə görə, işdə altı təqsirləndirilən şəxs - Məzahir Səfərov, Akif Səfərov, Ayaz Səfərov, Əhliman Gənciyev, Şahin Lalayev və Bəkir Səfərov var. Cinayətlərin törədilməsində rolundan və iştirak dərəcəsindən asılı olaraq, onlardan beşi artıq qabaqcadan əlbir olaraq adam öldürmə, muzdla adam öldürmə, muzdlu adam öldürməyə cəhd maddələri ilə ittiham olunublar. İstintaqın vəsatəti əsasında məhkəmə altı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçib.
Aygün,
BakuPost