Xəbər verdiyimiz kimi, Moskva vilayətinin Şolkovo rayonunun Fryanovo qəsəbəsində azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub. Belə ki, iki nəfər əlində “Vinçester” markalı odlu silahla bazarda çalışan azərbaycanlılar daxil olmaqla qeyri-rus millətindən olanları hədələyiblər. Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Fryanovo polis bölməsindən məlum insidentlə bağlı araşdırma aparıldığı bildirilib.
Maraqlıdır, bu hücum iki ölkə arasında gərginlikdən qaynaqlanır, yoxsa sıradan kriminal hadisədir? Azərbaycan tərəfi bu insidentlə bağlı hansı addımları atmalıdır?
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli
Bakupost.az -a açıqlamasında bildirib ki, Rusiyada ticarət sektorunda azərbaycanlıların geniş təmsil olunması bu cür hadisələr zamanı onların hədəfə çevrilmə ehtimalını artırır:
"Ümumiyyətlə, Rusiyada hansı bazara yön çevirsələr, fərqi yoxdur, orada mütləq şəkildə azərbaycanlılar var. Yəni Rusiya milisi və ya hansısa dəstə hansısa bazara gedib hərbi akt həyata keçirsə, orada mütləq şəkildə azərbaycanlıya rast gəlmək ehtimalı var. Yeri gəlmişkən, oradakı azərbaycanlılara müxtəlif formalarda təzyiq göstərmək Rusiya tərəfindən daim istifadə olunmuş rıçaq olub.”
Ə.Əlibəylinin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlıların sayına dair mövcud rəsmi və qeyri-rəsmi rəqəmlər arasında fərqlər var:
“Maraqlı məqam ondan ibarətdir ki, ənənəvi qaydada sovet dövründən formalaşmış bir klişe fikir var ki, guya orada 2 milyon azərbaycanlı yaşayır və ölkəyə çörək gətirir. Amma son miqrasiya hesabatları göstərdi ki, orada yaşayan 1,5 milyon azərbaycanlı Azərbaycan vətəndaşı deyil, amma təxminən 150-200 minə yaxın Azərbaycan vətəndaşı olan şəxs miqrant kimi Rusiyada əmək fəaliyyətindədir. Bu 1,5 milyonun qarşısında cüzi rəqəmdir. 200 min azərbaycanlının Azərbaycana gətirdiyi pul ölkənin iqtisadi dövriyyəsindəki payı yüksək rəqəm təşkil etmir. 200 min rəqəmi hətta 2022-ci ilə qədər mövcud idi, son rəqəmlər isə hətta 150 mindən aşağıdır. Yəni proses onu göstərir ki, Rusiya miqrantlar üzərindən Azərbaycana təzyiq göstərmək fikrinə düşsə belə, bu, Azərbaycanda ciddi bir iqtisadi fiaskoya gətirib çıxarmayacaq. Əksinə, bu, Rusiyanın özünün həmin sahədəki iqtisadi fəaliyyətinə böyük zərbə vura bilər”.
Politoloq əlavə edib ki, belə hadisələrin arxasında konkret siyasi niyyət və ya xüsusi xidmət orqanlarının izi olub-olmadığını müəyyənləşdirmək çətindir:
“Dayana da bilər, dayanmaya da. Amma o bazar məsələsi həmişə bizim münasibətlərimizdə düyün nöqtəsi olub”.
Ə.Əlibəli qeyd edib ki, Azərbaycan və Rusiya arasında vətəndaşların hüquqlarının qorunması və hüquqi yardımın göstərilməsi ilə bağlı bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr mövcuddur. Bu sazişlər çərçivəsində Azərbaycan dövləti vətəndaşlarına qarşı törədilən cinayətlərlə bağlı Rusiya tərəfinə rəsmi sorğular göndərə bilər:
“Bununla yanaşı, iki dövlət arasında cinayətkarlığa qarşı vahid mübarizə məkanı prinsipi fəaliyyət göstərir. Yəni biz kriminal ünsürlərə qarşı hər iki ölkə ərazisində hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları ilə birgə əməliyyat fəaliyyətini reallaşdıra bilirik. Dövlət Rusiya hökumətinə sorğu göndərir ki, mənim vətəndaşıma qarşı orada cinayət əməli olub, bunun qarşılığında hansı hüquq-mühafizə prosedurları həyata keçirilib, onlar da bunu cavablandırırlar".
Lalə,
BakuPost