Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:28 / 19 Noyabr 2024

Rusiyanın ATACMS zərbələrinə cavabı necə olacaq? - Tofiq Zülfüqarovun şərhi

2383

Xəbər verdiyimiz kimi, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verib. Bunun ardından Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.

Bəs, Ukraynanın bu raketlərdən istifadəsi hansı nəticələrə səbəb olacaq? Rusiyanın buna cavabı necə olacaq?

Mövzuyla bağlı Bakupost.az-ın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ukraynanın ATACMS raketlərindən istifadəsi vəziyyətə təsir etməyəcək:

“Onsuz da tərəflər imkanları çatan silahlardan istifadə edirlər. Sadəcə olaraq, Ukrayna bir çox hədəflərə raketlər atmayıb. Zərbələri nisbi şəkildə endirir. Rusiyanın da həmçinin Qərbi Ukrayna deyilən bölgəyə atəşləri o qədər də çox deyil. Gərginlik artsa da, müvəqqəti artacaq. Bəzən deyirlər, sülh sazişi olacaq, amma mən bunun olacağına inanmıram. Atəşkəs razılaşması ola bilər. İndiki mərhələdə bundan artıq irəliləyiş gözləmək düzgün olmaz. Ona görə də, əminəm ki, bu, müvəqqəti olacaq”.



Politoloq qeyd edib ki, ABŞ-də köhnə administrasiya keçid dövrü deyilən bir dövrü yaşayır:

“Trampın inaqurasiyası yanvarın 20-də baş tutacaq. Tramp öz təşəbbüslərini icra etməyə tələsmir. Çünki onun səlahiyyətləri yetərincə deyil. Belə görünür ki, Bayden administrasiyası Trampa gələcəkdə hansısa problemlər yaratmaq üçün bu gərginlik dalğasını qızışdırıb. Lakin mən inanmıram ki, bu, kiminsə xeyirinə olacaq. Vəziyyəti kəskin şəkildə dəyişmək mümkün olmayacaq”.

T.Zülfüqarovun sözlərinə görə, ötən 3 il ərzində hərbi üslublar müharibədə tərəflərin məqsədlərinə nail olmasına imkan verməyib:

"Gələcəklə bağlı iki imkan var: ya indiki vəziyyəti dondurmaq, ya da müharibəyə davam etmək. Məncə, tərəflər indiki vəziyyəti dondurmağa hazırdırlar. Bu o demək deyil ki, hansısa biri məğlub olacaq. Əsas məsələ həll olunmayıb: tərəflər öz istəklərinə nail olmayıblar. Ona görə də, müharibəni donduracaqlar. Gələcəkdə Minsk Qrupuna bənzər danışıqlar çərçivəsi yaradacaqlar və bu çərçivədə danışıqlar mənasız və nəticəsiz davam edəcək”.

Rəhman Mirzəlizadə, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar