Ru
09:55 / 10 İyun 2022

Şagirdlərdən oğurlanmış yay məktəbləri - Məktəblilər harada dincəlsin, harada əylənsin? - ARAŞDIRMA

38465
Qarşıdan məktəblilərin yay tətili gəlir. Təxminən bir həftədən sonra bütün ümumtəhsil məktəblərində uşaqların istirahət günləri başlayır. 9 ay boyunca hər gün dərsə gedən, dayanmadan oxuyan, imtahan verən şagirdlər bu günü böyük səbirsizliklə gözləyirlər. Stressli və gərgin dərs ilindən sonra yay tətilini səmərəli keçirmək, yorğunluqdan qurtulmaq isə hər bir şagirdin arzusudur. Ancaq bir çoxları üçün bu, elə arzu olaraq qalır. Yalnız maddi imkanı yerində olan valideynlər övladlarını şagirdlərin yay tətilini səmərəli keçirməsi üçün təşkil olunan düşərgələrə göndərir. İmkansız ailələrin övladlarının bəziləri isə yay tətilini bölgələrdə yaşayan nənə-babanın yanında keçirir. Paytaxtda yaşayanlar isə 3 ay boyunca şəhərə uyğun məkanlarda, parklarda, məhəllədə, evdə televizor, kompüter, telefon arxasında keçirmək məcburiyyətində qalırlar.


Məktəblilərin yay tətilini səmərəsiz və maraqsız keçirməsi valideynləri də narahat edən problemlərdəndir. Valideynlər yay düşərgələrinin yetərincə olmaması ucbatından övladlarının yay boyu istirahət edə bilmədiklərindən şikayətlənirlər.





Məktəb dövründə yay tətilini düşərgədə keçirən valideyn Səma Babayeva deyir ki, hər il tətili böyük səbirsizliklə gözləyib: “3 ay boyunca səmərəli, maraqlı və gözəl vaxt keçirəcəyimizi bildiyimiz üçün çox sevinirdik. Bizim dövrümüzdə məktəblər bağlanan kimi uşaqları istirahət düşərgələrinə aparırdılar. Onlar burada dincəlir, əylənir, yeni dostlar tapır, bir sözlə çox gözəl vaxt keçirirdilər. Lakin indi vəziyyət tamam başqadır. İndi yay düşərgələrini özəl liseylər və bəzi şirkətlər təşkil edirlər. Orada isə qiymətlər çox bahadır. Bu səbəbdən də yalnız maddi imkanı olan ailələr övladlarını yay düşərgəsinə göndərə bilirlər. Əvvəllər pioner düşərgələri var idi. Bu düşərgələr dövlət hesabına təşkil olunduğu üçün bütün təbəqədən olan insanların övladları bu fürsətdən yararlana bilirdilər. İndi isə ən azı 400 manat pul lazımdır ki, bir uşağı 10-15 günlük düşərgəyə göndərəsən. Buna da təbii ki, hər ailənin gücü çatmır. Maddi imkanım olmadığı üçün mən də uşaqlarımı təşkil olunan düşərgələrə göndərə bilmirəm. Hər il olduğu kimi bu il də övladlarım yay tətilini şəhərdə keçirməli olacaqlar”.


Mütəxəssislərin fikrincə, yay düşərgələri uşaqların yay müddətində asudə vaxtının mənalı və səmərəli təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük əhəmiyyətə malikdir. Yay düşərgələrinə qatılan şagirdlər orada özlərinə yeni dostlar tapır, təşkil olunan oyun və yarışmalarda iştirak edir, idman və s. aid bacarıq və vərdişlərə yiyələnirlər. Bir sözlə, yay tətilini səmərəli və maraqlı keçirir, yaxşıca dincəlir, təhsil ilinin yorğunluğunu və stressini üzərlərindən atmış olurlar.


Yay tətilini səmərəli keçirməyən, dərs ilinin yorğunluğunu üzərindən ata bilməyən şagirdlər isə yeni tədris ilinə yorğun və həvəssiz başlayır.


Postsovet dövründə məktəblilərin 3 aylıq yay tətilini daha səmərəli keçirmələri üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Lakin 1992-cı ildən Azərbaycanın torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal olunması nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların bir hissəsi həmin düşərgələrdə yerləşdirilib. Bu səbəbdən də həmin düşərgələrin fəaliyyəti tam dayandırılıb.


Hazırda müxtəlif dövlət qurumlarının Həmkarlar İttifaqlarının nəzdində 4-ə yaxın yay düşərgəsi fəaliyyət göstərir. Bu düşərgələr 3400 şagirdi qəbul etmək imkanına malikdir. Uşaqlar bu düşərgələrdə 21 gün müddətində qala bilərlər. Azərbaycan Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Övladlarını həmin düşərgələrə göndərmək istəyən valideynlər müvafiq Həmkarlar İttifaqına xərclərin 1 faizi həcmində pul ödəməlidirlər.




Özəl müəssisələr tərəfindən təşkil olunan yay düşərgələrinin sayı isə kifayət qədərdir. Sözügedən düşərgələrdə isə şagirdlərin yay istirahətini səmərəli keçirməsi üçün müxtəlif qiymətlər təklif olunur. Valideynlər 10 gün üçün 300, 490, 600 manat, 12 gün üçün isə 800 və daha artıq vəsait ödəməklə övladlarının yay istirahətini maraqlı, səmərəli təşkil edə bilərlər. Bu düşərgələrdə məktəblilər üçün gündə 4 dəfə qidalanma, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, yarışmalar, diskoteka, ekskursiyalar, gündəlik idman nəzərdə tutulur.



Bəzi özəl qurumlar tərəfindən isə şagirdlər üçün müxtəlif eko-düşərgələr təşkil olunur. Bölgələrdə təşkil olunan bu eko-düşərgədə Azərbaycan, rus, ingilis dilli məktəblilər üçün xüsusi proqramlar təklif edilir. Buraya hovuz, zip-layn, ekskursiyalar, intellektual və əyləncəli oyunlar, yarışlar, estafetlər, master klasslar vəs. təşkil edilir. İyulun əvvəlindən start götürəcək yay istirahətinə əsasən 11-15 yaşlı uşaqlar dəvət olunur. İstirahətin müddəti 2 və 4 həftədir. 2 həftəlik istirahətin qiyməti 550-600 manat, 4 həftə üçün isə 1000 manatdır.


Göründüyü kimi, həm yay düşərgələrində, həm də eko-düşərgələrdə qiymətlər çox yüksəkdir, hər kəs üçün münasib deyil. Bu o deməkdir ki, yalnız maddi imkanı yaxşı olan valideynlərin övladları bu düşərgələrdə səmərəli vaxt keçirə bilərlər.




“Yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir...”



Mövzu ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, uşaqların yay tətilində necə və harada dincəlməsi sualı bu günün özündə də əksər valideynləri çox düşündürür. Bir vaxtlar pioner düşərgələri adlandırılan bu təsisatlar indi çoxları üçün xoş və şirin xatirələrdən ibarət bir nisgilə çevrilib. Sovet dönəmini qoyaq bir kənara, heç olmasa 2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra belə düşərgələrin təşkili dayandırıldı. Halbuki, bəyənmədiyimiz postsovet məkanında bu qəbildən olan düşərgələr dövlət hesabına təşkil olunurdu. Hətta, rayonlarda iri təsərrüfatların özlərinin balansına məxsus mövsümi düşərgələri var idi. Ayrı-ayrı təşkilatların Həmkarlar İttifaqı hesabına uşaqlar şən və mənalı istirahət edirdilər. Bu düşərgələrə düşmək isə hər bir məktəblinin ən böyük arzusu idi. Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır.




Ekspert bildirib ki, yay düşərgələri şagirdlər üçün tətilin mənalı, səmərəli, asudə vaxtın təşkili idi. Zaman-zaman yay düşərgələrini yenidən təşkili məsələsi gündəmə gətirilib. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı da bildirilib. Hətta bir neçə il bundan qabaq millət vəkillərimiz ötən illərin nisgilini reallığa çevirmək üçün Milli Məclisdə uşaqların asudə vaxtlarını müzakirə etmək məsələsini də gündəmə gətirmişdilər. Belə ki, qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında “Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, “Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Ancaq hələlik ortada bir mexanizm yoxdur. Uşaqlar bizim gələcəyimizdir, gələcəyi isə qorumaq borcumuzdur. Uşaq uşaqlıq həyatını yaşamalıdır və uşaq kimi böyüməlidir. Demək olar ki, şagirdlər yay görmür, asudə vaxt tapan kimi kompüter qarşısında müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar. Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür. Məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir”.


N. İsrafilov bildirib ki, 1998-ci ildə qəbul olunan “Uşaqların hüquqları haqqında" qanunun 25-ci maddəsində qeyd olunur: “Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ vardır. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir”:


“Qanunda sadalananları nəzərə alıb şagirdlərin istirahət və asudə vaxtlarını səmərəli təşkil etmək üçün bütün imkanlardan istifadə olunmalıdır. Uşaqların istirahəti büdcə vəsaiti, Həmkarlar İttifaqı, sahibkarlar, bələdiyyələr, xeyriyyəçilər və ianələrin hesabına, ya da imkanlı valideynlərin öz hesabına olsa belə bütün mümkün imkanlar araşdırılmalıdır. Problemin dövlət büdcəsi hesabına həll olunması və dövlət nəzarəti altında olması isə arzu olunandır. Əks halda isə problem öz həllini tapanadək, cüzi miqdarda dövlət büdcəsindən pul ayırmaqla, heç olmasa yay tətili zamanı səfalı regionlarda yerləşən məktəblərin bina və ərazilərini yay düşərgəsinə çevirmək və düşərgə xidmətləri təşkil etmək olar. “Sağlam bədəndə sağlam ruh olar” deməklə iş bitmir. Əlaqədar hökumət və dövlət qurumları gələcəyimiz olan uşaqlarımızın sağlamlığı, mənəvi və fiziki inkişafı imkanlarını lazımınca dəyərləndirməli və ölkə başçısı qarşısında müvafiq məsələ qaldırmalıdır”.



“Özəlləşdirilmiş düşərgələr geri alınaraq Təhsil Nazirliyinin balansına verilməlidir...”



Təhsil eksperti Elşən Qafarov hesab edir ki, məktəblilərin yay tətilini səmərəli keçirməsi ilə bağlı dövlət proqramı hazırlanmalıdır. Hazırkı vəziyyətdə ölkədə olan 1milyon 600 min şagirdin çox cüzi bir hissəsi, o da valideynlərinin maddi imkanı hesabına yay tətilini səmərəli keçirir. Halbuki, bu işi sistemli şəkildə qurmaqla daha çox uşağın yay tətilini səmərəli keçirməsini təşkil etmək mümkündür. Ölkənin səfalı yerlərində, xüsusən dənizə yaxın ərazilərdə tikilib istifadəyə verilən məktəb binalarında bunu yaratmaq olar. Bununla da ölkədə qısa müddətdə böyük bir yay düşərgəsi sistemini qurmaq mümkündür:




“Bizim turizm zonalarında, səfalı bölgələrimizdə lazımı şəraiti olan məktəblər tikilməlidir. Bu məktəblərin həyətində üzgüçülük hovuzu, yeməkxanası, ümumiyyətlə yayda yay düşərgələri kimi istifadə olunması üçün bütün lazımi şəraiti, infrastrukturu olmalıdır. Sovet dövründə yay düşərgələrinin böyük əksəriyyəti Bakıda, xüsusilə də Mərdəkan, Şüvəlan, Buzovna, Bigəhdə yerləşirdi. Hal-hazırda sözügüdən yay düşərgələrinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb. Bir hissəsi isə ayrı-ayrı məmurlar tərəfindən özəlləşdirilib. Hesab edirəm ki, yay düşərgələrini bərpa etmək üçün ilk növbədə bu yerlər tamamilə boşaldılmalıdır. Özəlləşdirilmiş düşərgələr geri alınaraq Təhsil Nazirliyinin balansına verilməlidir. Ölkədə yay düşərgələrinin bir şəbəkəsi yaradılmalıdır. Qiymətlər də hazırki yay düşərgələrindən bir necə dəfə ucuz olmalıdır ki, maddi imkanı aşağı olan ailələrin uşaqları da bu yay düşərgələrinə qatıla bilsinlər. Bildiyimə görə, yay düşərgələrinin bir günlüyü şagirdlər üçün 30 manatdan başlayır. Bunu daha aşağı qiymətə təşkil etmək olar. Yaxud da dövlət hesabına qarşılamaq olar. Çünki dövlət sosialyönümlü büdcəyə malikdir. Gələcəyimiz olan uşaqlar üçün yay düşərgələrinin düzgün təşkil olunması onların həm mənəvi, həm də psixoloji, tərbiyəvi cəhətdən təkmilləşməsi üçün çox böyük fürsətdir”.



Ekspert qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə quruculuq işləri gedir. Azad olunmuş ərazilərdə yay düşərgələrinin salınması məktəblilərin istirahəti üçün əlverişli olardı. İşğaldan azad olunan ərazilərin infrastrukturu qurularkən, bu bölgələrdə, xüsusilə də turizm ərazilərində yay düşərgəsi şəbəkəsinin yaradılması və ya təhsil müəssisələrinin bazasında yay düşərgələrinin fəaliyyəti üçün şəraitin nəzərə alınması vacibdir: “Belə düşərgələri səfalı təbiəti, çayı, meşəsi olan ən ucqar dağ kəndlərində də yaratmaq olar. Yay düşərgələrini yaradarkən Rusiya, Qazaxıstan və digər ölkələrin təcrübəsindən yararlanmaq mümkündür. Hətta bəzi məktəblərə maliyyə vəsaiti ayırmaq olar ki, onlar həm də yayda düşərgə kimi fəaliyyət göstərsinlər”.
E.Qafarovun dediyinə görə, postsovet dövründə təlim nailiyyətləri yüksək olan şagirdlər dövlət hesabına yay düşərgələrinə göndərilirdi: “Bu gün də bu təcrübədən istifadə etmək olar. Ümumilikdə şagirdlər dövlət hesabına yay düşərgələrinə göndərilsə daha yaxşı olar. Bu zaman yay düşərgələrindən yararlanan şagirdlərin sayı daha çox olar”.




“Bu, asan məsələ deyil, vaxt və vəsait lazımdır...”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov hesab edir ki, məktəblilərin yay tətilini səmərəli və maraqlı keçirmələri üçün düşərgələrin yaradılmasına ehtiyac var:




“Yay düşərgələrinin yaradılması asan məsələ deyil. Bunun üçün vaxt və vəsait lazımdır. Şagirdlərin yay tətilinin maraqlı təşkili üçün yay düşərgələrinin yaradılmasına ehtiyac var. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq addımlar atılmalıdır”.



“Qiymətlər çox bahadır, hər bir valideyn üçün əlçatan deyil...”


Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyir ki, məktəblilərin yay mövsümünü səmərəli keçirmələri üçün Təhsil Nazirliyi tərəfindən yay məktəbləri təşkil edilir. Həmçinin fərqli qurumlar tərəfindən də ödənişli yay düşərgələri təşkil olunur. Ancaq özəl qurumlar tərəfindən təşkil edilən yay düşərgələrində qiymətlər çox bahadır. Hər bir valideyn üçün əlçatan deyil:





“Valideynlər də övladlarının yay tətilini səmərəli keçirmələri üçün alternativlər ortaya qoymalıdır. Onlar tətil müddətində övladlarını müxtəlif muzeylərə, tarixi, görməli yerlərə apara bilərlər. Əgər belə səfərləri ölkə xaricinə təşkil edə bilmirlərsə, ən azından Azərbaycanın müxtəlif regionlarına səfər edə bilərlər. Yay tətili günlərində şagirdlərin sağlamlıqlarının qayğısına da qalmaq vacib məqamlardandır. Valideynlər bu dövr ərzində övladlarını müxtəlif idman klublarına yazdıra bilərlər. Alternativlər çoxdur. Sadəcə valideynlər bu məsələyə diqqət yetirməlidirlər. Şagirdlərin yay tətilinin səmərəli təşkili ilə bağlı hər bir ailənin öz proqramı olmalıdır. Valideyn övladını yay tətilini bu proqrama əsasən səmərəli təşkil etməlidir”.



““Yay məktəbi" Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir”



Təhsil jurnalisti Niyazi Şərifsoyun dediyinə görə, Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Yay məktəbi” məktəblilərin asudə vaxtlarının səmərəli təşkili baxımından çox faydalıdır.




Çünki burada şagirdlər həm əylənir, həm də öyrənirlər. "Yay məktəbi" şagirdlərin zəif mənimsədikləri mövzuları təkrar öyrənməsinə şərait yaradır. Yay məktəbləri könüllü və ödənişsiz olduğundan daha çox şagird burada iştirak etmək imkanı qazanır: “"Yay məktəbi" Azərbaycan təhsil mühitində bir ənənə halını almalı və möhkəmlənməlidir”.


Məsələ ilə bağlı əlaqə saxladığımız Təhsil Nazirliyindən isə bildirildi ki, ötən ildən etibarən Təhsil Nazirliyi tərəfindən şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" təşkil olunub. Ödənişsiz və könüllü əsaslarla təşkil olunan "Yay məktəbləri"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak ediblər. "Yay məktəbi" zamanı şagirdlər üçün təlim, seminar və informativ sessiyalar keçirilib, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil edilib. "Yay məktəbi" çərçivəsində ekskursiyalar təşkil olunub. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.




Nazirlikdən verilən məlumata görə, bu ildə nazirlik tərəfindən STEM (Elm, texnologiya, riyazi biliklərin təkmilləşdirilməsi üçün innovativ proqram) Yay Düşərgələrinə start veriləcək. Bu proqram bütün rayonları və məktəbləri əhatə edəcək, özü də pulsuz olacaq. Bu proqram şagirdlərə fənn müəllimləri tərəfindən tədris ediləcək.


Fəridə Ağazadə
BakuPost



Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər