Ru
11:00 / 05 Oktyabr 2022

“Şəhid xəbəri gələndə ürəyimdə rahatlıq yarandı” - Nəşi 50 gün sonra dəfn olunan Vüsalın evindən REPORTAJ

57015
Bakupost.az 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsini əbədiləşdirmək üçün başlatdığı “44 günün fatehləri” layihəsini təqdim edir.


Keçmişi xatırlamaq üçün bəzən yalnız rəsmi tarixi sənədlər yetərli olmur. Müharibənin ağrılarını, azadlığımızı necə, nəyin bahasına əldə etdiyimizi yaddaşlara həkk etmək, onları diri saxlamaq üçün bizim real insan hekayələrini bilməyə ehtiyacımız var. Əgər hər şey edilməsinə rəğmən, müharibənin qarşısını almaq mümkün olmursa, o zaman jurnalistə, yazıçıya insan hekayələrinə və fərdi yaşantılara köklənib, müharibənin əsl üzünü göstərmək düşür.


Əsgər, sivil, kim olusunuzsa-olun, müharibə bir insanın həyatı boyunca qarşılaşacağı ən ağır təcrübələrdən biridir. Bu elə bir təcrübədir ki, sənə “yaşaya bilmərəm” deməyi tərgidir. Ağrılarla yaşamağı öyrədir.


3000-ə yaxın şəhid verdiyimiz 44 günlük Vətən müharibəsinin şəhidlərindən biri də Vüsal Rzayev Tofiq oğludur.


Qısa arayış:



Vüsal Rzayev Tofiq oğlu 14.04.1996-cı ildə Şabran şəhərində dünyaya gəlib. 2003-cü ildə 5 saylı liseydə birinci sinifə başlayıb. 2015-ci ildə 5 saylı Bakı Peşə Liseyini bitirib. Həmin ilin iyul ayının 3-də hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Murovdağ zirvəsində keçirən Vüsal, 2016- cı ildə baş verən “Aprel döyüşləri”ndə iştirak edib. Fəal iştirakına görə hərbi hissə komandiri tərəfindən təşəkkürnamə alaraq hərbi xidməti fərqlənmə ilə başa vurub.


21.09.2020-ci il tarixində hərbi səfərbərliyə çağırılıb. 27.09.2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Füzulinin Kürdmahmudlu kəndi istiqamətində döyüşə gedib. Vətən müharibəsinin ilk günlərində müxtəlif döyüş tapşırıqlarını yerinə yetirən Vüsal, döyüş meydanında şücaət göstərərk, bir neçə məntəqənin düşməndən azad edilməsində iştirak edib. Oktyabrın 14-də Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhadətindən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.


Vüsal Rzayev Tofiq oğlunun nəşi 50 gün sonra ailəsinə təhvil verilib. Şəhid Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbiristanlığındakı “Şəhidlər Xiyabanı”nda dəfn olunub.


Qarabağda müharibə başlayanda Vüsal hələ anadan olmamışdı. İndi isə Vüsal Qarabağı azad edənlərin arasında şəhidlik zirvəsini fəth edənlərdəndir. 3 ildir köçdüyüm yeni binada qapı qonşumdur Vüsalın ailəsi. Bu illər ərzində mən onların ailəsini sadəcə müşahidə edirəm. Düz eyvanımın qarşısında Vüsalın adına tikilən bulaq var. Bulaq tikiləndə İcra Hakimiyyətindən fəhlə göndərilməsinə baxmayaraq, ata o fəhlələri yaxına buraxmadı. Aylarla şəhidin atası və qardaşı özü tikdi bu xatirə abidəsini. Mən aylarla o prosesi izlədim. Səhərin alaqaranlığından işə başlayan ata düz gün batana qədər dayanmırdı. Bir kərpici qoyur, durur kənardan dəqiqələrlə baxırdı. Mənzərə ağır və olduqca ağrılı idi. Sanki, hər kərpici balası kimi oxşaya-oxşaya, nazını çəkə-çəkə üst-üstdə qoyurdu. Sonra gedir Vüsaldan bir-iki bayram böyük olan şam ağacının altında oturub gözünü tikintidən ayırmadan siqaret çəkirdi. Ümumiyyətlə, çox sakit ailədirlər. Dərdlərini o qədər pünhan yaşayırlar ki, adam dözümlərinə qibtə edir. Ana hər səhər işə getməzdən bir saat əvvəl oğlunun otağını yığışdırırmış kimi özünə əl qatır. Süpürür, silir, güllərini sulayır. Uzun-uzun şəklinə baxır gülümsəyir. Əzabla yoğrulan, heydən düşən təbəssümü adamı dərindən sarsıdır. Ömrümdə bu qədər kədərli təbəssüm görməmişəm mən. Düz bir ildir hər səhər bu mənzərəyə tamaşa edirəm.


Onlara Vüsaldan geriyə yalnız xatirələri və bir ömür boyu bitməyən ağrıları qalıb. İndi onlara yalnız həmin ağrı və xatirələrə sarılıb yaşamaq düşür. Yaşaya bilirlərmi? Bu sualın cavabını özlərindən başqa heç kim izah edə bilməz. Övlad itkisinin təsəllisi olurmu bilmirəm... Amma onların adlarının əbədiləşməsi, xatirələrinin diri tutulması şəhid anasına-atasına xalqın verə biləcəyi ən böyük təsəllidir deyə düşünürəm.





Anası Zəminə xanımla söhbət edəndə oğlundan gülə-gülə bəhs edir. Hərdən mənə elə gəlirdi ki, o övladının həyatda olmadığını unudur.


Binanın həyətində axşam tərəfləri Vüsalın həmyaşıdı olan cavanlar toplaşır. Eyvanlardan analar boylanır. Kimisi oğlunu çağırıb nə isə almağı tapşırır, kimisi “əynini geyin, soyuq olar” deyir. Zəminə xala da tez-tez pəncərəni açıb həyətdə Vüsalın adına tikilən bulağa tərəf boylanır. Baxışları ilə Vüsalın orda olduğunu yoxlayır. O an anlayıram ki, onun üçün Vüsal diridir, canlıdır, aramızdadır.

Vüsal da əksər şəhidlər kimi kasıb və yoxsulluq içində həyatla mübarizə aparan bir ailənin övladı idi. Onun arzuları, həyatda çatmaq istədiyi zirvələr bəlli olsa da, onlara çatmaq üçün xeyli yol getməli idi. Vüsalın arzuları böyüdüyü bu kiçik, darısqal otağa sığmırdı. 3 il sonra ayaq basdığım bu evin hər yerində Vüsal görünürdü. Divardan asılan şəkillər, onun istifadə etdiyi əşyalar, oxuduğu dini, tarixi kitablar... Hər şey Vüsaldan danışır.


“Çətinliklə, əziyyətlə böyüdülər. Bizimlə bərabər əziyyət çəkiblər. Sevinirdik ki, uşaqlar böyüyüb, əlləri çörəyə çatıb. Baxırdım oğlanlarıma, fəxr edirdim onlarla. Vüsal əsgərliyini çəkib gəlmişdi. İndən belə ancaq onun işini, toyunu, evini fikirləşirdim. Heç müharibəni fikirləşmirdim” deyir Zəminə xanım.




Son vida


Anadan başqa ailədə hamı artıq müharibənin qapıda olduğunu anlamışdı. Elə Vüsal özü də bunu arzulayırdı. Anası deyir son zamanlar bütün söhbətlərində ancaq müharibədən danışardı:


- Hardasa müharibədən 2-3 ay qabaq dedi ki, ana bilirsən, nə istəyirəm? İstəyirəm güclü bir müharibə başlasın, mən də gedim şəhid olum. Mən də başına bir qapaz vurdum ki, şəhid niyə olursan, get qəhrəman ol, gəl. Mən də bilim ki, oğlum bir-iki erməni öldürüb gəlib. Sən demə, Allah artıq onu şəhadətə hazırlayırmış. Sentyabrın əvvəlində evə bir-iki dəfə zəng gəldi. Yoxlayırdılar ki, Vüsal şəhərdədir, ya yox. Mən heç nə başa düşmürdüm. Sentyabrın 21-də saat 08:00-də qapı döyüldü. Qapını açdım. Hərbi komisarlıqdan gəlmişdilər Vüsalı soruşdular. Onda artıq ürəyimə qorxu düşdü. Amma Vüsalın bir qram da qorxusu yox idi. Elə bil çoxdan hazırlaşmışdı. Mən hələ də onun qapıdan son çıxışı olduğuna inanmırdım. Elə bilirdim komissarlığa gedib qayıdacaq, sonra aparacaqlar. Vidalaşa bilmədim onunla. İşə gecikirdim, dedim yəqin axşama qayıdıb gələcək, rahat sağollaşarıq”.

Göz yaşları ixtiyarsız axan ananın baxışlarındakı peşimançılığı hiss etdim:





- Heç bilmirəm çörək yedi, yoxsa ac getdi. Xatırlamıram. Görüşə bilmədik, onu bağışlaya bilmirəm özümə”.


Atası Tofiq bəyə hər şey məlum idi. O, Vüsalı artıq gedər-gəlməzə yola saldığını qəbul etmişdi. Amma bunu anaya necə demək olardı? Günlərlə küncə-bucağa çəkilib xısın-xısın ağlayan ata, içində çəkdiklərinə kiçik ailəsində heç kimi şərik etmir. Bir tərəfdən də öz-özünü aldadır. “Bəlkə müharibə olmaz”, “bəlkə doğurdan da təlimdir” deyə-deyə özünə və ailə üzvlərinə televizora baxmağı, xəbərləri izləməyi qadağan edir.


- Müharibənin başladığından xəbərim yox idi. İşdə idim. Televizora baxmırdım. Xəbərlərdə nədən danışırlar bilmirdim. Evə gəldim, həyətdə dedilər müharibə başlayıb. Orda yıxıldım. Dedim, vəssalam! Uşağı itirdik”.


Və müharibə başlayır. Füzuli istiqamətində başlayan həlledici və ən ağır döyüşlərdə Vüsal ön sıralarda olur. Ancaq bundan nə anasının, nə atasının xəbəri olmur. Çünki hər dəfə zəng edəndə atasından olduğu yeri gizlədir, anasına yalan danışır. Od-alovun içində gülməyi, “yalan” danışmağı öyrənmişdi Vüsal.




Günlərlə ac, susuz, yorğun, su içində yatan Vüsal anasına hər telefon zəngi açıb danışanda bu sözləri deyir: “Yeyib yatmaqdan şişib nə boyda olmuşuq. Burda kəndin adamları bizə hər gün qoyun kəsib kabab bişirir”.


Hansı kəndin? O kəndlər ki, orda sadəcə insanların xatirələrinin ruhları dolaşırdı. Əslində isə düşmənin dağıtdığı evlərin xarabalıqlarında gecələyir, bir içim su üçün bəzən günlərlə təminat yoluna zillənirdi gözləri. Amma anasını şirin yalanlarla arxayın salırdı Vüsal.


Mühasirədə keçən 3 gün


Oktyabrın 8-də Vüsal və bir qrup döyüş yoldaşları Füzulinin Aşağı Seyidəhmədli kəndində mühasirəyə düşür. Düşmən təminat yolunu bağladığı üçün 3 gün onlar ac, susuz qalmalı olurlar. Düşmənlə aralarındakı məsafə 5 metrdən çox olmasa da onların heç biri ruhdan düşmür. Ölümü artıq qəbul etsələr də, düşmənə əsir düşməmək üçün son damla qanlarına qədər döyüşəcəklərinə and içirlər.





Atası həmin gün çəkilən videonu göstərir. Orda anı qeydə alan əsgərlərdən birinin gülə-gülə dediyi sözlərdən ətim ürpəşir, qulaqlarım uğuldayır: “Uşaqlar hamınız əl eləyin. Bəlkə də bu bizim son günümüzdür”. Amma o ruh ki, onlarda vardı, həmin ağır mühasirədən çıxmağı bacarırlar. Oktyabrın 11-də onlar Füzulinin Kürdmahmudlu kəndinə enə bilirlər. Amma əsl təhlükəli və həlledici döyüş qarşıda idi:


- Mühasirədən çıxandan sonra mənə zəng vurdu. Dedi, anam yanındadı? Dedim, yox. Mənə dedi, ata, keç o biri otağa birdən anam eşidər. Səsi boğulmuşdu. Bildim ki, odun-alovun içindədir. Əlimi üzmüşdüm artıq Vüsaldan. Bircə onu dedim ki, ay bala, yerini de, bilim ki, mən səni harda axtarım. Dedi ata, Füzulinin Kürdmahmudlu kəndindəyik, amma bu gecə çıxırıq yuxarı. Döyüşə giririk. Ya salamat çıxarıq, ya yox.


Oktyabrın 11-i Aşağı Seyidəhmədli kəndində, Şumluq deyilən ərazidə həlledici döyüş başlayır. Üç gün davam edən qızğın döyüşdə düşmənin çox ciddi mühafizə etdiyi və heç bir topun dağıda bilmədiyi bunkerin üstünə getmək əmri alırlar.


Vüsal artıq hər şeyi anlamış və qəbul etmişdi. Odur ki, son dəfə atasına zəng edir:



- Ayın 14-ü mənə zəng vurdu. Çox danışa bilmədik. Amma hər şey aydın idi mənə. Artıq aramızda hər şey açıq idi. Daha gizlətmirdi heç nəyi.İkimiz də bilirdik ki, ölümün bir addımlığındadır. Dolayı yolla məndən halallıq istədi.

Bunker ətrafında açıq döyüşlərdə ən ön sırada gedən üç döyüşçüdən biri də Vüsal olur. Elə həmin günü də minaatan qəlpəsindən yerindəcə şəhid olur.


50 gün itkin


Oktyabrın 14-dən sonra Vüsalın telefonuna bir daha zəng çatmır. Ata 50 gün oğlunu morqlarda, şəhidlər, yaralılar gətirilən hərbi maşınların içində axtarır. Amma Vüsaldan bir xəbər çıxmır. Dünyada ən amansız hisslərdən biridir bəlkə də nigarançılıq. İki yol ayrıcında qalan fikirlərlə başa çıxmaq bəlkə də adamı havalandırar. Vüsalın valideynlərinin həmin gün yalnız bir arzusu olur: Kaş oğlum əsir düşməyə, vətən xaini çıxmaya:


- İki ay mən Vüsalı axtardım. Onu axtara-axtara məni bir fikir çox narahat edirdi. Çox qorxurdum ki, oğlum birdən müharibədə qorxar, qaçar gizlənər. Hətta mən onu axtaranda onunla bir yerdə döyüşən əsgərlərdən biri tanıyıb mənə zəng vurmuşdu. Mən ondan da soruşdum ki, oğlum birdən, olar da uşaqdı, qorxub qaçar xarabalıqlarda gizlənər. O oğlan mənə bir söz dedi. Dedi, dayı, sən fəxr edə bilərsən ki, sənin oğlun ən öndə gedən üç döyüşçüdən biri olub”.


Mən bəzən efirdə şəhid anaları, ataları görəndə necə belə mətin olmalarına təəccüb edirdim. “Mən fəxr edirəm ki, oğlum şəhid olub” sözünü demək üçün Vətəni nə qədər sevmək lazımdır? Bu sözlərin elə-belə, söz, görüntü xətrinə deyilmədiyinə artıq bu ailənin timsalında əmin oldum. Onlar 50 gün itkin düşən övladın vətən xaini kimi sağ qayıtmasına razı deyildilər. Ana ürəyini deşən narahatlıq “birdən əsir düşər, birdən xain çıxar” fikirləri idi. 50 günlük nigarançılıqdan sonra ana Vüsalın şəhid xəbərini sevinclə qarşılayır:





- Adam həmin vaxt hər şey fikirləşir. Bir əsir düşməsindən çox qorxurdum, bir də vətən xaini kimi üstümə gəlməsindən. Çox qorxurdum ki, Vüsal qorxub qaçar, gizlənər. Şəhid xəbəri gələndə ürəyimdə, bəlkə də qəribə səslənəcək, amma bir rahatlıq yarandı. Mən artıq onu itirmişdim. Düzdü, övladımın itkisi məni yandırırdı. Bu yanğını izah etməkdə acizəm. Amma şəhid olması da mənim ən böyük təsəllim idi. Ən azından əsir düşmədi, vətəni qoyub qaçmadı. Məni Vüsalın şəhidliyi yaşadır, o xain kimi qayıtsaydı, mən bəlkə də o ləkə ilə yaşaya bilməzdim. Mən onu itirdim, amma onun ölümü mənim başımı uca etdi. O mənim üstümə qəhrəman kimi gəldi.


Vüsalın 50 gün itkin olmasının səbəbi isə Kürdmahmudlu kəndində paltarlarını dəyişən zaman adı, soyadı yazılan kağızı yadından çıxarıb cibinə qoymaması olub.



- Onlar mühasirədən çıxandan sonra ac-susuz idilər. Üstəlik paltarları su, palçıq içində olub. Ona görə də onlara Kürdmahmudlu kəndində bir gün istirahət etmək, əyinlərini dəyişmək imkanı verilib. Vüsal paltarlarını dəyişəndə adı, soyadı yazılan kağızı unudur götürmür. Sonra döyüşə girirlər və döyüş düşmənlə çox yaxın məsafədə getdiyi üçün onlar şəhid olanda həmin əraziyə girib cəsədi götürmək mümkün olmur. Vüsal və onunla birlikdə Şaiq adlı oğlanın cəsədini heç cür ordan çıxarmaq olmayıb. Yalnız həmin ərazi bizimkilərin nəzarətinə keçdikdən sonra cəsədlər götürülüb. Lakin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 50 gün Füzulidə morqda saxlanılıb. Axırda DNT testi nəticəsində şəxsiyyət müəyyənləşib və bizə təhvil verildi.

Vüsalın cənazəsi dekabrın 9-da ailəyə təhvil verilir. Onu dekabrın 10-da Suraxanı rayonunda, Dədə Qorqud qəbiristanlığındakı “Şəhidlər Xiyabanı”nda dəfn edirlər.




Yarım qalan arzular

Üstündən iki il yarım keçsə də, Vüsalın acısı soyumur. Anası Zəminə xanım oğlundan bəhs edərkən gözlərinin içi gülür:


- Çox ağıllı uşaq idi. Nanəcib uşaq olmayıb. Məni incitməyib. Onun üstünə heç hirslənməmişəm. Çünki özünə söz dedirdən uşaq olmayıb. Evə, xüsusilə də mənə çox bağlı idi. Mən onu əsgərliyə gedənə kimi evdən çölə güclə çıxarırdım. Dərslərini yaxşı oxumayıb. Bir dəfə birinci sinifdə düz yaza bilmədiyi üçün əlinin üstünə vurmuşdum. Möhkəm ağlamışdı. Sonra çox peşman oldum. Həmin gün dəhşətli ağrı tutdu məni, üstümə təcili yardım gəldi. İndi fikirləşirəm ki, bəlkə də Allah onu bir mələk kimi yaratmışdı. Onu vurduğum üçün də məni cəzalandırmışdı həmin gün.

Ailənin qorxusu evin böyük oğlundan olsa da, Vüsal onları yanıldır. Vüsalın qardaşı ağır böyrək xəstəsi olduğu üçün elə Vüsal da daxil hamı onun üstündə əsir. Anası həmişə qardaşını Vüsala tapşırarmış:


- Turalın səhhəti bir az yaxşı olmadığı üçün onu həmişə qorumuşuq. Qoymamışıq ağır işlərdə işləsin. Həmişə də Vüsala deyirdim, Turalı sənə tapşırıram. Birdən başımıza bir iş gələr Turalın səndən başqa heç kimi yoxdu. Sən ona dayaq olarsan.


Amma qismət olmur. Vüsalın ömrü anasına verdiyi sözü tutmağa yetmir. Amma qardaşı Turalın da dediyi kimi, Vüsalın ruhu həmişə onların yanında dolaşır.


Nakam məhəbbət, ünvana çatmayan məktub

Vüsalın ən böyük arzusu işində böyümək və sevdiyi qızla ailə qurmaq olur. Marketlərdən birində “Baş satıcı” işləyən Vüsal qısa vaxtda “Mal qəbul edici” vəzifəsinə yüksəlir. Amma o bununla kifayətlənmir. İşində daha da böyümək, özünü inkişaf etdirmək üçün ingilis dili kursuna yazılır. İşlədiyi marketdə bir xanımla tanış olur. Aralarında yaranan dostluq münasibətləri bir müddət sonra sevgiyə çevrilir. Həmin xanımdan anasına bəhs etsə də, fikrinin ciddi olduğunu bildirmir. Elə hey anası ilə sevdiyi qızı tanış etmək istəyir, amma heç cür qismət olmur. Zəminə xanım deyir ki, o qızı ilk dəfə Vüsalın dəfnində görüb:





- Şəhid olandan sonra sevdiyi qızı gördüm. Dəfnə gəlmişdi. Vüsala dəhşətli dərəcədə bənzəyirdi. Hərəkətləri, jestləri eynən Vüsal idi. Bilmirəm bəlkə də mən elə görmək istədiyim üçün mənə elə gəlirdi. Həmin gündən sonra o qız tez-tez gəlib bizə baş çəkir. Bir dəfə qəribə bir şey hiss etdim. Mətbəxdə yanımda dayanmışdı. Elə bildim yanımda dayanan Vüsaldı. Mən ondan Vüsalın qoxusunu aldım sanki”.


3 ildir Vüsalın anasını-atasını tək qoymayan həmin qız Vüsalın vaildeynlərinin “ get ailə qur, xoşbəxt ol” nəsihətlərini qəbul etmir. Bir gün olsun Vüsalın məzarını tək qoymur. Bəlkə də əsrimizin sədaqət, vəfa simvollarından biridir o qız.


Müharibə olmasaydı, hər şey fərqli olacaqdı. Amma müharibə bütün arzuları yarımçıq qoydu.


Əlimin altında bir kitabça görürəm. Vüsalın atası Tofiq bəy deyir ki, bu kitabı həmin xanım özü yazıb, öz büdcəsi ilə də çap etdirib. Kitabı əlimə alıb vərəqləyirəm. Xatirələr boylanır içindən. Bir sətirdə Vüsalın gülüşünə, bir sətirdə yerişinə, başqa bir sətirdə baxışlarına tuş gəlirəm. Sevgilərini ilmə-ilmə toxuyub bu kitaba zərif xanım. Bəlkə də zamanında Vüsala deməkdən çəkindiyi qəlbinin dərinliklərindəki ən ülvi hissləri bütün dünyaya car çəkər kimi hayqırıb sətirlərdə. O zərif qızın ürəyinə əkilən əzab bəlkə də bir ömür öz “bəhrəsini” verəcək. Aldığı bu dəhşətli travma ilə xoşbəxtlik qapısından boylana biləcəkmi o qız? Bilmirəm, bəlkə də deyildiyi kimi zaman hər şeyin ən yaxşı dərmanıdır. Amma hələlik keçən zaman nə Vüsalın ailəsinə, nə də onun sevdiyi xanıma dərman ola bilmir.



Sevdiyi qızın xatirələrindən


“Kitab oxumağı çox sevərdi. Birlikdə oxuyacağımız kitabların siyahısını hazırlayardıq. Mən romanları çox sevərdim, o isə tarixi əsərləri. Kitab almağa imkanımız olmazdı. Telefondan elektron kitablar oxuyardıq. Hər dəfə deyərdim, bu bayramda ona kitab hədiyyə edəcəm və ya hansısa xüsusi günə saxlayırdım ona kitab almağı. Nəsib olmadı.


Vüsalın yoxluğu çox incidir. Hələ də qəbul edə bilmirəm onun yoxluğunu, inanmıram nə vaxta buna öyrəşə biləm. Düzü, qəbul etmək də istəmirəm. İnanıram ki, yanımdadır hər an. Söz verib, heç vaxt tək qoymayacaq məni”.


Şəhid olandan sonra qardaşı otağı səliqəyə salanda Vüsalın sevdiyi qıza yazdığı məktubu tapır. Əl yazısı ilə yazılan məktubda Vüsal son dəfə, qəlbinin dərinliklərində o qıza aid olan bütün hisslərini məktuba qeyd etsə də, o məktubu sevdiyi qıza vermək ona qismət olmayıb.





Yuxu


Analar övladları ilə bağlı baş verə biləcək pis hadisəni günlər əvvəl hiss edə bilir. Ana instinkti güclü olan bütün analarda bu, belədir. Övladlarının başına gələcək fəlakətlə bağlı Allah onlara sanki işarə göndərir. Bu işarə ya yuxu olur, ya da hansısa hadisə. Vüsalın anası Zəminə xala da oğlunu itirməmişdən iki gün əvvəl onun başına gələcək fəlakətdən agah olur. Amma məsələ övlad olunca insan pis düşüncəni yaxına buraxmır və inkar edir.


-Vüsal şəhid düşməmişdən iki gün əvvəl bir yuxu gördüm. Gördüm evdə yığıncaq var. Qohumlarımız hamısı bizdədi. Vüsal da gülə-gülə üstümə gəlir. Amma qucaqlayanda möhkəm ağlayır. Başını çiynimə qoyur. Mən də ona təsəlli verirəm deyirəm: Vüsal, ağlama, tezliklə müharibə qurtaracaq”. Onu qucaqlayanda gördüm köynəyi yaşdı. Suyun içindədi. Sən demə, Vüsal şəhid olan gün möhkəm yağış yağıb, cəsədi suyun içində qalıb.


İki gün dalbadal belə yuxular gördüm. Səhərisi gün də yuxuda gördüm uzun dəhlizlə gedirəm, bir tərəfdə pəncərə var, bir tərəfdə də zülmət qaranlıqdı. İstəyirəm açıq pəncərəyə tərəf gedim, pəncərədən əsən külək vurub məni atır zülmət qaranlığa. O yuxulardan sonra da ağlıma Vüsalı itirəcəyimiz gəlmirdi.


Elə bilirdim yaralanıb mənə demirlər. Amma sən demə, Vüsal şəhid olacaqmış. Mən onun öləcəyinə sadəcə olaraq, inana bilmirdim. Çünki o, əsgərliyini Murovda çətin şəraitdə çəkmişdi. İldırım vurmuşdu, qarda batmışdı, əl-ayaqları donmuşdu. Amma o çətinliklərdən sağ-salamat çıxmışdı. Mən o qədər ümidli idim ki, Vüsal bu müharibədən də sağ çıxacaq. Amma olmadı...”

Müharibə bizim coğrafiyada taledir. Bəlkə də bitəcək, bəlkə də bəşəriyyət var olduqca bu torpaqlarda müharibə heç bitməyəcək. Amma neçə illər keçsə də, müharibə bizdən uzaq dursa da, durmasa da, Vətənimizin azadlığı uğrunda canından keçən oğulları, ataları, babaları unutmayacağıq. Olanların parlaq xatirəsi qarşısında baş əyirik.






Günel Musa
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər