Ru
22:00 / 14 Oktyabr 2022

Səni sevdiyimə inanmayırsan? - Məmməd Arazın şeirləri

Səni sevdiyimə inanmayırsan? - Məmməd Arazın şeirləri
Eye

Bu gün xalq şairi Məmməd Arazın doğum günüdür.


Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb. Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib.


1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub.


Bakupost.az "Gecə pıçıltıları" rubrikasında Məmməd Arazın şeirlərini təqdim edir:


Ötən günlər


Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...


Bu sorğu-suallar nəyə gərəkdir,
Gərək unutmağı bacara insan.
Canın dağ da olsa, əriyəcəkdir
Hər günün dərdini ürəyə yığsan...


(Ey qadın ürəyi, ey sirli dilbər,
Bir xəzan görməsin gülün, gülşənin!
Deyirəm, inamsız olduğun qədər
İnamın olaydı dünyada sənin...)


Fikirli görürəm səni hər axşam,
Məni eşqimizə yadmı sayırsan?
Bəlkə gözəlləri unudub tamam,
Səni sevdiyimə inanmayırsan?


Doğrudan ömrümdə faciə vardı,
Uydum gözəlliyə, uydum əzəllər;
Məni də zəhmətdən, işdən ayırdı
Zəhmətsiz gözəllər, işsiz gözəllər...

Alıb “oynatdıqca” qəlbimi onlar
Xəyalım, ilhamım yerində saydı.
Şersiz, nəğməsiz ötən bu anlar
Bir şair ömrünə yazılmayaydı...

Sonralar yandırıb-yaxır insanı
Ötəri əyləncə, ötəri həvəs.
İnan ki, ehtiras aldatmayanı
İnci də, kövhər də aldada bilməz.

Hələ də göynəyir ağrının yeri,
Vaxtında onları oda yaxmadım.
O qansız, duyğusuz daş ürəkləri
Vaxtında qoparıb daşa çaxmadım.


Vaxt oldu qapıldım nifrət hissinə,
Od alıb, alışdı qəlbimin başı.
Mərhəmət gətirdi könlümə yenə
Yalan sevgi nazı, saxta göz yaşı.


Hərdən düşündükcə o günləri mən,
Ürək də sinəmdə tufan qoparır.
Sevgilim, “min ilin dərdini bəzən
Bir anın sevinci yuyub aparır”.


Silinsin qəlbindən qəmlər, düyünlər,
Yüz ilin, min ilin sorağı kimi.
Ömrün budağından qopdu o günlər
Saralmış bir payız yarpağı kimi.
Gəl daha tənəli sözlərdən əl çək,
Olub-keçənləri gətirmə yada.
Bəzən yarıkönül gülümsəyərək,
Hər sözü-söhbəti üzə vurma da...

Gəl yenə söhbət aç saf eşqimizdən,
Tək səni ömrümün günəşi saydım.
Bəlkə də seçməzdim yaxşını pisdən
Həyat yollarında yanılmasaydım...




BİR SƏNİN EŞQİNLƏ...


Yenə varaqlandı könül kitabım
Bir sənin, bir sənin eşqinlə, gözəl!
Düşündüm gül açır, bülbül oxuyur
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sinəmə bir eşqin sazını asdım,
Hər könül nəğməmi o dedi, yazdım.
Çox eşqin səsinə qulaq da asdım
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Gah odsuz, alovsuz pərvanə oldum,
Eşqinlə güləcək divanə oldum.
Bəlkə yüz gözələ biganə oldum
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Qəm-kədər üzünə tutanda pərdə
Qəmləndi çaylar da, şəlalələr də.
Sandım-doğur günəş, gülür səhər də
Bir sənin, bir sənin eşqinlə, gözəl!

Sənsiz bir anıma dedim bir ildi,
Dərdimi nə bacı, nə ana bildi...
Məhəbbət önündə qəddim əyildi
Bir sənin, bir sənin eşqinlə, gözəl!




SEVGİ NƏĞMƏSİ

Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.

Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək...

Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.

Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.

Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar