Ru
11:00 / 01 İyun 2022

Söz azadlığı, yoxsa cinayət? - Sosial şəbəkələrdəki “söyüş bumu” bizi hara aparır... - EKSPERTLƏR

38118
Artıq bir müddətdir ki, Yutub kanalları açaraq özlərini jurnalist kimi təqdim edən şəxslərin cəmiyyət üçün ciddi problemə çevrilməsi müzakirə mövzusudur. Əvvəllər belə kanalları daha çox siyasi adamlar açırdılar. Bu kanallarda səslənən təhqirlər, bəzən həqiqətə uyğun olmayan məlumatlar müzakirəyə çıxarılanda bunu hakimiyyətin narahatlığı kimi qəbul edir, siyasi sifariş kimi təqdim edirdilər. İndi isə bu kanalların hədəfi təkcə hakimiyyət deyil, bəzən hətta adi vətəndaşlar belə şəxsi münasibətlər zəminində söyülür, ən ağır formada təhqir edilir, hədələnir... Hətta bu mövzuda nəsə yazan, proseslərə etiraz edən jurnalistlər də hədəfə alınır.


Məsələn bu yaxınlarda Xural.TV-nin rəhbəri Əvəz Zeynallı həmin söyüşçü yutuberlərin hədəfinə gəlmişdi.


Buna səbəb Azərbaycanlı iş adamı Mübariz Məsimovla ona verdiyi müsahibədə yutuberlərin fəaliyyətini tənqid etməsi olmuşdu.


İnsanları ən ağır formada təhqir etmək, tanınmış şəxslərə qarşı kampaniyalar aparmaq, onları nüfuzdan salmaq, dövlət xadimlərinə qarşı çağırışlar…


Bunların qarşısı necə alınmalıdır? Çıxış yolları hansılardır? Hərənin özünə bir kanal açıb istədiyi adamı linç etməsi hansı problemlərə yol açır? Yutub kanalları həqiqətən dövlətə təhdiddirmi?


Bakupost.az –ın əməkdaşı mövzunu ekspertlərlə araşdırıb.



SÖZ AZADLIĞI SÖYÜŞ AZADLIĞI DEYİL



Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bildirib ki, heç kimin mətbuat və söz azadlığından sui-istifadə etmək haqqı yoxdur:


“Böhtan, təhqir, yalan yazmaq, danışmaq, təəssüf ki, bizim mediada, xüsusilə sosial şəbəkələrdə bir dəb halını alıb. İstər Yutub kanalı, istərsə də hər hansı saytın söz və mətbuat azadlığından sui-istifadə etməsi yolverilməzdir. Kimin nə sözü varsa yazsın, tənqid etsin, mövqeyini bildirsin, amma insanları təhqir etmək olmaz. Digər tərəfdən, bu Azərbaycan Cinayət Məcəlləsinin konkret maddəsi ilə cinayət məsuliyyəti yaradır”.


Professor hesab edir ki, internetin verdiyi imkanlardan ağılla, xoş məqsədlər üçün istifadə edilsə, ümumilikdə cəmiyyət və dövlət xeyir görər:


“Bu gün bizdə Yutub kanalları genişlənir. Bunun müsbət tərəfi odur ki, alternativ fikirlər səslənir, maraqlı ictimai müzakirələr aparan kanallar var. Bu və ya başqa mövzuda tamaşaçıları, cəmiyyəti, auditoriyanı məlumatlandıran verilişlər mövcuddur. Necə ki yazılı mətbuatda vaxtı ilə təhqir, böhtan, yazırdılar, həmin adamlar yükü daşıyıblar Yutub kanallarına. Xaricdən yayımlananlar, buradan efirə çıxanlar da var. Əlbəttə ki, bunların qarşısı alınmalıdır”.


ZƏRƏRLİ KANALLAR BLOKLANSIN





Q.Məhərrəmli bildirib ki, Yutub və digər sosial şəbəkə platformalarının hamısının müəyyən etik öhdəliyi olmalıdır:


“Birinci növbədə Yutub və digər sosial şəbəkə platformalarının hamısının müəyyən etik öhdəliyi olmalıdır ki, söyüş, təhqir, şəxsi ləyaqətin alçaldılmasına yol verilməsin. Əgər bu baş verərsə, bunun sonu müəyyən bir cəza ilə qurtarmalıdır. Tədbirlər görülür. Hansı ki zərərli kanalların yayımının bloklanması bunlardan biridir. Amma bununla bağlı qanunun ən sərt tələbləri ilə tədbirlər görülməlidir. Özünə hörmət edən, öz ləyaqətini qoruyan şəxs başqasını təhqir edə bilməz. Çox təəssüf ki, bəzən Yutub kanallarını şəxsi qisas vasitəsinə çevirirlər, bunun da çox pis nəticələri olur. Bir-iki verilişdən sonra o kanallara heç kim baxmır. Yalnız müəyyən marağı olan, əyləncə həvəskarları ora maraq göstərir. Amma ümumən hesab edirəm ki, söz və mətbuat azadlığından sui-istifadə etmək, internetin verdiyi imkanlardan ziyanlı məqsədlərlə, ictimai əxlaqı pozan, söz azadlığına xələl gətirən addımların atılması, birinci növbədə ictimai düşüncəyə xəyanətdir. Bunların qarşısı qətiyyətlə alınmalıdır. Bunun üçün hüquq-mühafizə orqanları, texnoloji müdaxilələr var. Cəmiyyəti necə ki narkomaniyadan quruyuruq, eləcə də bu cür ziyanlı platformalardan qurumalıyıq. Amma bu heç bir halda azad mətbuata, azad düşüncəyə faydası ola bilən Yutub kanallarına şamil olunmamalıdır”.


Hüquqşünas Ələsgər Məmmədli bir qədər fərqli mövqedədir.


O hesab edir ki, təhqir olunan, hüquqları pozulanlar məhkəməyə müraciət edə bilərlər:


“Təhqir, həqarət, şərləmə, böhtan varsa, onun məhkəmə yolu ilə mübahisələndirmək imkanı da var. Qanunvericilik imkan verir ki, hər hansı bir formada hüquqları pozulanlar məhkəməyə müraciət etsinlər. Əgər söhbət hansısa ölkədə konstitusiyalı quruluşu devirməyə yönəlmiş çağırışlardan, nifrət nitqindən gedirsə, burada prokurorluğun konkret səlahiyyəti var ki, bu qurumlara qarşı qanunvericiliyə uyğun şəkildə cinayət məsuliyyəti yaradılsın. Mənafeyinə toxunan tərəflər, istər dövlət qurumları, istər digərləri hüquq-mühafizə orqanlarına müraciət edərək, onları narahat edən, hüquqlarını pozan, onların şərəf və ləyaqətinə ləkə salan, yaxud cəmiyyətdə ictimai asayişi pozan şəxslərə qarşı tədbir görülməsini istəyə bilərlər”.



XARİCDƏN SÖYƏNLƏR NECƏ CƏZALANDIRILA BİLƏR? – HÜQUQİ YOL

Ə. Məmmədli xaricdən təhqir, böhtan, şərləmə kimi işlərlə məşğul olan sosial media platformalarına qarşı cəza tədbirlərinin hüquqi yolunu da açıqlayıb:


“Əgər həmin şəxslər xaricdən bunları edirsə, burada məhkəmə iddiası qaldırmaq olar. Əgər konkret olaraq cinayət əməli törədiblərsə, cinayətkarların geri alınması ilə bağlı həmin ölkələrlə müqavilə olur. İnterpol vasitəsilə həmin şəxslər tələb oluna bilər. Əgər həmin cinayət həmin ölkədə cinayət hesab olunmursa, bizim ölkədə cinayət hesab olunursa, o zaman onun mühakimə imkanları minimuma düşür. Lakin mülki qaydada həmin ölkədə məhkəməyə verilə bilərlər və şəxsə dəyən ziyanı kompensasiya etmək olar”.


Hüquqşünas əlavə edib ki, ifadə azadlığı, demokratik cəmiyyətdə plüralizm çox vacibdir:


“Əlbəttə ki, plüralizm hamının sevərək dinləyə biləcəyi bir nitq deyil. Nəticə etibarı ilə kiminsə dediyini siz qəbul etməyə bilərsiniz, sizin dediyinizi də başqası. Plüralizmin ən önəmli tərəfi odur ki, burada fərqli fikirlər özünə yer tapa bilir. Bu məhz demokratiyanın olmazsa-olmaz prinsipidir. Demokratiyada ifadə azadlığı çox önəmlidir. Bu baxımdan Yutub kanallarının çox olması problem deyil. Əslində, bunlar demokratiyanın mövcud olması və ona xidmətdir. Eyni zamanda fərqli fikirlərin olması cəmiyyətin alternativ mənbələrdən də informasiya almaq , alternativ mənbələrin düşüncəsi ilə tanış olmaq imkanı verir. Bunlar əgər iticidirsə onlardan uzaq dura bilir, əgər çəkicidirsə onları mənimsəyə bilirlər. Ona görə də Yutub kanallarının faydalı olanları da var. Yutubda çox faydalı resurslar var. Amma bunun içərisində kimlərsə başqalarının hüquqlarının tapdalanmasına yönəlik hərəkət edirsə, bunları faktiki olaraq həmin şəxslər mübahisələndirib məhdudlaşdıra bilər. Amma ümumi şəkildə Yutub üzərində milyardlarla kontent var. Bunun 99%-i faydalıdır, 1 % faydasız ola bilər. Buna görə biz bütün hamısını kəsib atmalı deyilik”.





ÇƏKİC EYNİ YERƏ DÖYÜLSÜN


Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib ki, internetin vermiş olduğu azadlıqdan, demokratik imkanlardan neqativ məqsədlər üçün istifadə edənlər ortaya çıxıb:


“Azərbaycan müstəqillik əldə etdikdən və demokratik media mühiti yaratdıqdan sonra təəssüf ki, azad, demokratik media mühitindən sui-istifadə etmə halları da yaranıb. Bu neqativ hallara qarşı mübarizə uzun müddətdir başlayıb və davam edir. Bu cür halların yaranmasının səbəblərindən biri Azərbaycanın uzun müddət sovet sisteminin tərkibində olmasıdır. Həmçinin, medianın üzərində dövlət idarəçiliyi, senzura olub. Ona görə də senzuradan kənar materialların yayılmasının qarşısı alınıb. Amma Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra bəllidir ki, demokratik ölkələrin, demokratik dünyanın tələblərinə uyğun olaraq media üzərindən dövlət tənzimləyici qurumlarını ləğv edib. Azərbaycanda senzura, Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və mediaya özünü tənzimləmək hüququ verilib. Yəni, media özü-özünü tənzimləyən bir quruma, sahəyə çevrilib”.


Media eksperti qanunvericilikdə bu məsələ ilə bağlı boşluğun olduğunu qeyd edib:


“Təəssüf ki, verilmiş bu azadlıqdan, demokratik imkanlardan neqativ məqsədlər üçün istifadə edənlər də ortaya çıxıb. Biz bunları “reket jurnalistlər” adlandırırıq. “Reket jurnalistlər” deyəndə mediadan neqativ məqsədlər üçün istifadə edən şəxslər nəzərdə tutulur. Bunlara qarşı uzun müddət mübarizə aparılıb. Amma qeyd etdiyimiz kimi, medianın özünütənzimləmə imkanları daxilində bu mübarizə aparılıb. Təəssüf ki, indiyə kimi mübarizəni sona çatdırmaq ,“reket jurnalistika”nın kökünü kəsmək mümkün olmayıb. Bunun da özünün müəyyən səbəbləri var. Səbəblərdən biri bizim qanunvericilikdə olan boşluq idi. Boşluq ondan ibarətdir ki, köhnə qanunvericilikdə jurnalist kimdir, onun standartları nədir, KİV subyekti nədir, bununla bağlı konkret anlayış yox idi. Buna görə də sıradan bir insan, internetə əli çatan, mobil telefonu, kompüteri olan hər şəxs özü üçün bir sosial şəbəkə platforması açıb, adını da KİV qoyaraq, ondan sui-istifadə edirdi. Qeyd etdiyimiz kimi, KİV haqqında qanunda olan boşluq da həmin problemlərin qarşısını almaq üçün yetərli deyildi. Məsələnin ikinci tərəfi, niyə bu reketçilik inkişaf edir? Bu, texnoloji inkişafla bağlıdır. İnternetin inkişaf etməsi buna çox loyal şərait yaradır. Yəni internetə çıxış imkanı, mobil telefonu, sosial şəbəkə platformasında hesabı olan hər şəxs özü üçün bir səhifə açaraq onu KİV qurumu elan edib, insanları aldada bilir”.


M.Ələsgərli bu problemlə mübarizə üsullarına diqqət çəkib:


“Bunun üzərinə ümumi şəkildə gedilməli, birtərəfli mübarizə olmamalıdır. Gəldiyim qənaət odur ki, bunlara qarşı kompleks mübarizə aparılmalıdır. İnsanlar bu cür neqativ hallardan şikayət verməsələr təbii ki, bu neqativ əməlləri törədənləri hüquqi məsuliyyətə cəlb etmək olmaz. Burada vətəndaşlar aktiv olmalı və bunun üçün də onların media savadlılığı artırılmaldır. Həmçinin ölkənin jurnalist təşkilatları aktiv və həmrəy işləməlidir. Bu məsələlərdə hər kəs çəkici bir nöqtəyə döyməldir. Eyni zamanda hüquq-mühafizə orqanları bunlara qarşı aktiv mübarizə aparmalıdırlar. Yəni, vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, media təşkilatları və hüquq-mühafizə orqanları koordinasiya olunmuş fəaliyyət göstərməlidirlər. Bu cür neqativ hallara qarşı vahid bir mübarizə sərgiləməlidirlər. Əgər belə olarsa, onlara qarşı effektiv mübarizə aparıb müəyyən nəticələr əldə olmaq mümkündür”.




Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da hesab edir ki, bəzi Yutub kanallarında yol verilən təhqir, təhdid, böhtan, şantaj kimi halların qarşısını almaq üçün müvafiq addımlar atılmalı, qanunu pozanlara qarşı çox ciddi tədbirlər görülməlidir:


“Əgər Yutub kanalını kimsə açırsa və bu gün ordan təhqiramiz ifadələr işlədərək kiminsə hüquqlarını pozursa, hörmətsizlik edirsə belə insanlara qarşı ciddi cəza tədbirləri görülməlidir ki, bu hallar bir də təkrarlanmasın. Baş verənlərə heç bir reaksiya olmadıqda, cəza tədbiri görülməyəndə həmin insanların eyni fəaliyyətə davam etdiyinin şahidi oluruq. Hesab edirəm ki, təhqir, təhdid, şantaj kimi qanuna zidd əməllərə yol verən Yutub kanallarına qarşı ciddi cəza tədbirlərinin görülməsinə ehtiyac var”.



“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələyə belə şərh verib:




“Azərbaycanda ən populyar sosial medialardan biri də Yutubdur. Yutubun Azərbaycan dövləti, cəmiyyəti üçün faydalı tərəfləri hədsiz dərəcədə çoxdur. Yəni ölkə maraqlarının dünyaya çatdırılması, ictimai fikrin formalaşdırılması, müxtəlif istiqamətlər üzrə məlumatların əldə olunması və s. baxımından Yutub mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bir informasiya cəmiyyətinin formalaşmasında Yutubun rolu böyükdür. Elə 44 günlük Vətən müharibəsində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Yutub çox mühüm rol oynadı.

Ölkəmizdə onlarla Yutub kanalı fəaliyyət göstərir. Onların bir çoxu özlərinə böyük izləyici ordusu toplayıb. Bu kanalların çoxunda ölkənin əsasən, sosial, ictimai-siyasi mövzuları gündəmə çıxarılır. Ancaq bəzi kanallar onu açan şəxslərin şəxsi maraqlarına xidmət edir”.

O. Gündüzün dediyinə görə, Yutub azad şəbəkə olduğu üçün bundan sui-istifadə edənlərin sayı az deyil:

“Bu gün bəzi insanlar Yutubda kanal açıb özünün şəxsi maraqları baxımından istədiyi adamı qaralayır, onu çox ağır formada tənqid, hətta bəzən təhqir, şantaj edir. Dövlətçilik əleyhinə materiallar yayımlayır. Bu, qanuna zidd sayılan hərəkətlərdir və qəti şəkildə yol verilməməlidir. Hesab edirəm ki, bu kimi halların qarşısını almaq üçün müvafiq hökumət qurumları tərəfindən monitorinqlər keçirilməlidir. Bu kanallardan yayımlanan materialların nəyə, hansı maraqlara xidmət etdiyi araşdırılmalıdır. Dövlət maraqlarına zidd olan materiallar yayımlayan, insanları tənqid, təhqir və şantaj edən Yutub kanalları qanuna uyğun şəkildə cəzalandırılmalıdır”.


Forum prezidenti vurğulayıb ki, Yutub kanalları dövlətçilik maraqlarına xidmət etməlidir, şəxsi maraqlara deyil.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.




Fərid
Baku Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər