Ru
16:00 / 02 Avqust 2022

Taxıl qıtlığı yarana bilərmi? - İqtisadçı şərh edir

Taxıl qıtlığı yarana bilərmi? - İqtisadçı şərh edir
Eye

Azərbaycanın illik buğda tələbatı 3.5 milyon tondur. Ölkəmizdə buğdaya olan tələbin 40 %-i idxal hesabına ödənilir. İdxalda ən böyük paya Rusiya (90 faiz) sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə az çəkiyə malikdir. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30% bahalaşmışdı. Mütəxəssislər yaxın illər üçün yeni idxal mənbələrinin tapılmasının vacib olduğunu söyləyirlər.


Bəs, çörəyin qiymətinin optimal saxlanılması üçün daha hansı addımlar atılmalıdır?


Məsələni iqtisadçı ekspert Cəfər İbrahimli Bakupost.az -a şərh edib.


O, iqtisadi böhranla bağlı vəziyyətin hələ ki real olmadığını diqqətə çatdırıb:




“Dünyada iqtisadi böhran məsələsi bir gözləntidir, real deyil. Dünyada yaxın zaman üçün növbəti dərin böhran gözləmirik. Doğrudur, ərzaq məhsullarının qiymətilə bağlı problemlər, inflyasiya var. Amma dünyanın mərkəzi bankları bunu tənzimləməyə çalışırlar. Son dönəmdə beynəlxalq aləmdə qiymətlərin artımında bir dayanma var.Yəni, inflyasiyada yüksəlmə trendi zəifləyib”.

İqtisadçı bildirib ki, taxıl istehsalımız az olsa belə Rusiyadan almaq imkanımız var:
“Azərbaycanda taxıl istehsalı 4 ildir azalır. Ötən illə müqayisədə bu il də azalıb. Bunun da özünəməxsus fundamental səbəbləri var. Bu ilin əvvəlində qeyd etmişdik ki, Azərbaycanda taxıl və qida ilə bağlı ciddi təhlükə gözləmirik. Səbəb isə yerli istehsalımızda biçinin başlamasıdır. Əlavə olaraq Rusiyadan ölkəmizə taxıl satılmasında problemin olmayacağını düşünürük. Azərbaycan Rusiydan 1.2-1.3 milyon ton ərzaqlıq taxıl idxal edib. Yeni məhsul dönəmindən etibarən də hesab edirəm ki, müqavilərlər çərçivəsində Azərbaycan yenə də Rusiyadan ərzaqlıq taxıl idxal edəcək. Bu baxımdan uzunmüddətli perspektivdə Azərbaycan üçün çörək, taxıl qıtlığı real deyil.


C.İbrahimli, taxılla bağlı asıllığımızı azaltmaq üçün görüləcək tədbirlərdən də danışıb:

“Ölkəmizədə xüsusilə ərzaqlıq taxılla bağlı fundamental problemlər var. İllərdir istehsal etdiyimiz taxılın nə qədərinin ərzaqlıq, nə qədərinin yemlik olduğunu dəqiq bilmirik. Bunların qeydiyyatı aparılmayıb. Demək olar ki, birinci problem burdadır. Deyilir ki, bu il 1 milyon 700 min ton taxıl istehsal olunub. Bu, ötən illə müqayisədə 180 min ton azdır. Halbuki bu il Qarabağda 50 min hektar ərazi əkilib və bu səbəbdən daha çox taxıl istehsal olunacağı gözlənilirdi. Qeyd etdiyim 1 milyon 700 min ton taxılın təxminən 500-600 min tonu ərzaqlıq buğda, qalanı isə yem kimi istifadə olunur. Lakin Rusiya və Qazaxıstandan da ərzaq buğdası gətirilib. Bununla da ərzaqlıq buğda problemi həll edilib”.

İqtisadçı taxılla bağlı növbəti onilliklər üçün strateji planın qurulmasının vacibliyini diqqətə çatdırıb:

"Qarabağda taxıl istehsalının artırılması ilə bağlı böyük ümidlərimiz var. Həmçinin ərzaq buğdası ilə bağlı növbəti onillik üçün strateji plan qurulmalıdır. Bu mənada torpaqların genişləndirilməsi o qədər real deyil. Amma normal toxumlar əldə edərək, məhsuldarlığı artıra bilərik. Məhsuldarlığın artması çərçivəsində 1 milyon 300 min tonluq idxalı ən azı 500 min ton azalda bilərik. Bununla da idxaldan asıllığımız kifayət qədər azalmış olar”.


Fəridə
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar