Ru
15:33 / 07 Yanvar 2022

Türkiyə Qazaxıstandakı hadisələrə niyə səssiz qalıb? - İlginc açıqlamalar

21459
“Türkiyənin çağırılmamış və sərhədindən uzaq olan bir yerə müdaxiləsi mümkün deyil”.

Bu sözləri Bakupost.az -a millət vəkili Fazil Mustafa Qazaxıstandakı prosesləri şərh edərkən deyib.

Millət vəkili vurğulayıb ki, Türkiyə hazırda təmkinli mövqe sərgiləyir:



“Qazaxıstanın prezidenti problemin həlli üçün Türkiyəyə müraciət etməyib. O, əsasən KTMT-yə üzv olan ölkələri kömək üçün dəvət edib. Ona görə də Türkiyənin çağırılmamış və sərhədindən uzaq olan bir yerə müdaxiləsi mümkün deyil. Türkiyə hasısa ayrı-ayrı siyasi liderlərin adından arzu, bəyanat, fikir səsləndirə bilər. Hətta Qazaxıstanın lideri zəng vurub Türkiyə ilə məsləhətləşməni də özünə rəva bilmədiyinə görə zorla Türkiyə müdaxilə edə bilməz. Lakin əvəzində Türkiyə Azərbaycanla, Özbəkistanla və başqa türk qüvvətləri ilə bu məsələylə bağlı telefon danışığı apardı. Yəni, indiki məqamda Türkiyənin izlədiyi siyasət təmkinli və müəyyən dərəcədə gözləmə siyasətidir. Qarşılıqlı çağırışlar olmasa, birtərəfli hansısa bir addımı atmaq beynəlxalq hüquq nöqteyi-nəzərdən mümkünsüzdür. İkincisi isə Qazaxıstanda baş verən hadisələrin əslində, hamı üçün təhlili ona görə vacibdir ki, biz hansı geopolitik məkanda olduğumuzu bir daha dərindən anlamalıyıq”.

Millət vəkili vurğulayıb ki, Qazaxıstan prezidenti böyük tarixi səhvə yol verib:

“KTMT ölkələrini Qazaxıstana dəvət etmək böyük siyasi səhv idi. Bunu ona görə söyləyirəm ki, hər hansı bir şəkildə ölkənin bir müddət prezidenti olmuş şəxsin əlində həm təhlükəsizlik qüvvələri, həm polis qüvvələri bu cür hadisələrə daha hazırlıqlı olmalı idi. Kənar müdaxilə Qazaxıstanda prosesləri müvəqqəti şəkildə sakitləşdirmiş olsa da, sonradan bunun daha böyük formatda partlamasına gətirib çıxaracaq. Təbii ki, Qazax xalqının böyük hissəsi Nazarbayev siyasətini anlayır. Amma Qazax xalqında da təqribən bizdə olan obrazlara uyğun bir məsuliyyətsiz təbəqə var. O məsuliyyətsiz təbəqə ki, 20 Yanvarda, başqa proseslərdə burnundan uzağı görə bilmədiyinə görə rus qoşununun gəlməsinə də şərait yaratdılar, o həddə gətirib çıxartdılar. Qazaxıstanda da bu cür qüvvələr ölkənin məhz bu vəziyyətə gəlməsinə səbəb oludular”.



Politoloq Teymur Qasımlı bildirib ki, Türkiyə Qazaxıstandakı proseslərlə bağlı Rusiya ilə danışıqlar aparıb, gücü çatdığı qədər aktiv ola bilər:



“Sovetlər birliyi dağılandan sonra Turqut Özalın vaxtında Türkiyə Respublikası Orta Asiyaya maraq göstərməyə başladı və Amerikanın dəstəyi ilə sürətlə Orta Asiyaya daxil oldu. Orada həm iqtisadi layihələrdə, həm də digər məsələlərdə uğurlu addımlar atdı. Amma sonrakı proseslər göstərdi ki, Türkiyənin Orta Asiya dövlətlərilə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla çox soyuq münasibətləri olub. Hətta Özbəkistanla düşmənçilik səviyyəsinə qədər gəlib çıxıb. Həmçinin Qırğızıstanda da Akayevin saxta soyqırımı tanıması Türkiyənin Orta Asiya dövlətləri arasında müəyyən sərinlik yaradıb. Amma buna baxmayaraq, Türkiyə dövləti Qırğızıstanda, o cümlədən də Qazaxıstanda universitet yaradıb. Türkiyə konkret olaraq Qazaxıstanın dövlət müstəqilliyini 1991-ci ildən tanıyıb və 1992-ci ildən orada öz səfirliyini açıb. Eyni zamanda Türkiyə orada iqtisadi layihələrdə iştirak edib, investisiyalar yatırıb, Türk Əhməd Yəsəvi universitetini açıb.



Politoloq əlavə edib ki, iqtisadi layihələrdən fərqli olaraq siyasi güc baxımından Türkiyə Orta Asiyada zəif olub:

“Bunu əsasən Rusiya, İran, Çin əngəlləyib və üstəgəl bu dövlətlərin özləri Türkiyəyə yaxın gəlməyiblər. Son illərdə müəyyən mənada Nursultan Nazarbayevin Türk Şurasının Qazaxıstana gəlməsi ilə bağlı dəstəklər verdi. Konkret olaraq Qazaxıstanda Türkiyənin bu məsələlərə müdaxilə etməməsinə gəldikdə isə, diqqətə çatdırmaq istəyirəm ki, 15 ilin hərbi çevrilişindən sonra Nazarbayev Ankaraya gəlmişdi. Ankarada Ərdoğanla görüşündə Qazaxıstanda Türkiyədə çevrilişə cəhd edənlərə dəstək verən qüvvələr vardı, daha sonra orada bir sıra məktəblərin bağlanmasını Ərdoğan istəyirdi, amma Nazarbayev bunu etmədi. Eyni zamanda Qazaxıstanın tarix kitablarında Osmanlılara qarşı mənfi imic yaradılmışdı. Bunlar üzdə görünsə də, pərdəarxası münasibətlərdə iki ölkə arasında sərinlik yartmışdı. Türkiyənin Qazaxıstandakı siyasi proseslərə, ümumiyyətlə, Orta Asiyada baş verən siyasi proseslərə müdaxilə imkanı hələ ki yoxdur. Buna həm Rusiya imkan vermir, həm də Orta Asiya ölkələri özləri yaxın gəlmirlər. Qazaxıstan Rusiya ilə telefon danışıqları aparıb, müəyyən müzakirədən sonra Türkiyəni dəvət edə bilərlər. Amma indiki dövrdə bu, çətin məsələdir. Bu gün Qazaxıstan prezidenti Tokayev, Türkiyə və Azərbaycana isti baxmayan insanlardan biridir. O, sırf Rusiyaya meyili insandır. Düşünmürəm ki, o Türkiyənin Qazaxıstanda hər hansı bir məsələlərə müdaxilə olunmasına icazə versin. Amma yenə də Türkiyə, bu məsələlərə müdaxilə olunması üçün Rusiya ilə danışıqlar aparıb. Düşünürəm ki, bu proseslərdə Türkiyə gücü çatdığı qədər aktiv ola bilər”.

F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər