Ru
11:32 / 10 Mart 2023

X Qlobal Bakı Forumu niyə bu qədər əhəmiyyətlidir? - RƏYLƏR

4108
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.


Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.




Millət vəkili Arzu Nağıyev Bakupost.az-a açıqlamasında deyib ki, bu, mühüm əhəmiyyətli beynəlxalq tədbirdir, Azərbaycanın tək regionda deyil dünyada sülhün davamlılığında maraqlı olduğunu göstərir:


“Əminəm ki, müzakirələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və Qarabağda tam sabitliyin həll olunmasına öz müsbət təsirini göstərəcək”.


Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev məqsədli olaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının qorunmasına yönəldib.





Millət vəkili Elşad Mirbəşiroğlu qeyd edib ki, X Qlobal Bakı Forumu ən müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır. Artıq sayca 10-cu Qlobal Bakı Forumu Nizami Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan Qlobal Bakı Forumunun olduqca böyük əhəmiyyəti mövcuddur:


“Bu forum öz əhəmiyyətinə və miqyasına görə bu gün Davos Dünya İqtisadi Forumu kimi toplantılarla da müqayisə oluna bilər. Hətta deyərdim ki, onlardan daha da əhəmiyyətlidir. Qlobal Bakı Forumunda sözün əsl mənasında dünyanı narahat edən məsələlər ətrafında müzakirələr aparılır.Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Çünki son bir il ərzində üç böyük toplantı təşkil olundu. Hər üç platformada əsasən hansı missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdu və bütövlükdə toplantıların elə ruhu da məhz onun üzərində köklənmişdi. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır".




Millət vəkili Cavid Osmanovun dediyinə görə, 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. X Qlobal Bakı Forumunda BMT-nin və beynəlxalq təşkilatların görkəmli nümayəndələri, dünyanın tanınmış və nüfuzlu ictimai-siyasi və dövlət xadimləri, məşhur elm adamları iştirak edirlər. Çox mühüm məsələlərə həsr edilən bu forumun əhəmiyyəti olduqca böyükdür:


"Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Həmçinin Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim etdi. Düşünürəm ki, Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verəcək”.




Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, bu gün Bakı müxtəlif beynəlxalq əhəmiyyətli dövlətləri özündə cəmləşdirən, ölkələri narahat edən məsələlərlə bağlı forumların, konfransların keçirildiyi mühüm bir mərkəzə çevrilib. Bakıda beynəlxalq tədbirlər dünyanın diqqətini özünə cəlb edir:


“X Qlobal Bakı Forumunda çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir. İnanıram ki bu forumda dünyanı narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılacaq, müasir dövrümüzün çağırışlarına nəzər salınacaq. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirəcəklər. Bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş olacaq. Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir. Azərbaycanın beynəlxalq imicini və sülhsevərliyini bir daha açıq-aydın göstərir”.




Millət vəkili Vüqar Bayramov isə vurğulayıb ki, X Qlobal Bakı Forumunda çoxsaylı regional və qlobal məsələlərin müzakirəsi, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha ondan xəbər verir ki, Azərbaycan yeni düzən kontekstində qobal müzakirələrə töhvəsini verir:


“Qeyd edim ki, Bakı forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır. Bu Forum ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Çünki bir qayda olaraq Forumda iştirak edən və ölkəmizin reallıqları ilə yaxından tanış olan iştirakçılar ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın haqq işini daha əmin şəkildə müdafiə edirlər. X Qlobal Bakı Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident tərəfindən bir çox məqamlar barədə, o cümlədən ölkəmizdə mövcud olan dinlərarası və mədəniyyətlərarası harmoniya, birgəyaşayış ənənəsi, tolerantlıq mövzusunda vacib mesajlar verildi. Xüsusilə Qarabağda yaşayan erməni əhalinin hüquqları məsələsində dövlətimizin başçısı konseptual çərçivəni Forum iştirakçılarının diqqətinə çatdırdı”.


Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər