"Avesta Konserni”nin sahibi, tanınmış iş adamı hacı İbrahim Nehrəmli Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən “Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binasını satması barədə xəbərlərə münasibət bildirib.
Bakupost.az xəbər verir ki, İ.Nehrəmli demokrat.az-a açıqlamasında deyib ki, bina hələ ki, satılmayıb:
“Mənim binam Xanlar Vəliyevin nəyinə lazımdır? Məgər Xanlar Vəliyev bina alandır? Biz Dubaylı bir iş adamı ilə anlaşmışıq, amma sənədləşmə hələ olmayıb. Yəqin ki, bu yaxınlarda satacağıq. Dubaylı iş adamı gəlib binaya baxıb. Amma hələ ortada bir şey yoxdur. Qiyməti də 14 milyon manatdan aşağı razılaşmışıq. Hamı almaq istəyir, amma ortada bir şey yoxdur. Bəlkə gələn aya satıldı. O zaman zəng edərsiniz, kimin aldığını sizə dəqiq deyərəm. Bir daha deyirəm, dediyiniz şəxslə bu məsələnin əlaqəsi yoxdur”.
Qeyd edək ki, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, Məmməd Araz küçəsi 109 ünvanında yerləşən “Avesta Konserni” kimi tanınan hündürmərtəbəli qeyri-yaşayış binasının 14 milyon manata Azərbaycanın sabiq hərbi prokuroru, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin oğlu Elşən Vəliyevə satılması barədə xəbərlər yayılıb.
Məlumata görə, hazırda da Elşən Vəliyev sözügedən binada ofislərin təhvil-təslimi işinə rəhbərlik edir.
Elşən Vəliyev ixtisasca hüquqşünasdır, Ukraynadakı Azərbaycan Ticarət Evinin təsisçisidir.
Binanın yeni səhmdarlarından digər birinin isə Dubaydan olan iş adamı olduğu deyilir.
Xatırladaq ki, “Avesta Konserni” 1996-cı ildə fəaliyyətə başlayıb.