Ru
20:05 / 30 Aprel 2025

“Yaşılım, yaşılım, hara gedirsən” kitabı təqdim olundu

“Yaşılım, yaşılım, hara gedirsən” kitabı təqdim olundu
Eye

Azərbaycan Yazıçılar Birliyi tərəfindən çap etdirilən “Yaşılım, yaşılım, hara gedirsən” kitabı ictimaiyyətə təqdim olundu. Tədbirdə Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli kitabın əhəmiyyətindən söz açaraq qeyd etdi ki, ötən ilin noyabr ayında çapdan çıxan şeirlər toplusunda üç yüzə yaxın şairin təbiət mövzüsunda yazdığı ədəbi nümunələr cəmlənib. Geniş oxucu kütləsində maraq doğuran kitabın ilk təqdimatı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimin iştirakı ilə keçirilib. Kitab “Regional İqtisadi və Hüquqi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə çap olunub. Anar “Dünyanın yaşıllıq həsrəti” və Arzu Bağırova “Köysü gözəl qaya dağlara gün dəyəndə” başlığı altında ön söz yazıb. Ədəbiyyatımızın cəmiyyətə dəyərli töhfəsi kimi qəbul olunan şeirlər toplusu 700 səhifəlikdir. “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Tahir və Zöhrə, “Aşıq Qərib” kimi dastanlardan da təbiətlə bağlı şeirlər burada özünə yer tapıb. Nəşrin adı mərhum şair Eldar Baxışın şeirindən götürülüb.

Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, tanınmış şair Xatirə Fərəcli çıxış edərək kitab haqqında geniş məlumat verdi. Onu da vurğuladı ki, birliyin sədri Anar və sədr müavini Rəşad Məcid gənc şairlərinin topluya daxil edilməsinə xüsusi tarşırıq verdilər.

Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, professor, AYB-nin İdarə Heyətinin üzvü Jalə Əliyeva ictimaiyyətə təqdim olunan yeni kitab haqqında danışdı. Millət vəkili “Kitabi-Dədə Qorqud”dan müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər təbiətin füsünkarlığını tərənnüm edən şeirlər kitabının ərsəyə gəlməsində Xalq yazıçısı Anarın, ideya müəllifi Rəşad Məcidin, redaktor Vaqif Bəhmənlinin, tərtibçi Xatirə Fərəclinin böyük zəhməti olduğunu bildirdi. Jalə Əliyeva qeyd etdi ki, kitabın üz qabığında Xalq rəssamı Səttar Bəhlulzadənin əl işindən istifadə edilib. Təbiət gələcək nəsillərindir, onlar üçün yaşıl təbiəti qorumaq lazımdır. Dünyada iqlim dəyişiklikləri ilə əlaqədar olaraq ölkəmizdə COP-29 tədbirlərinin keçirildiyi bir vaxtda işıq üzü görən “Yaşılım, yaşılım, hara gedirsən” kitabı dünyanın yaşıllaşdırılması naminə həmrəyliyə çağırışdır.

Mətanət Şirvanlı, Adil Cəmil, İbrahim İlyaslı, Ağacəfər Həsənli, Arifə Əliyeva, Nazir Rüstəm, Zahir Məlikli, Məlahət Yusifqızı, Tofiq Nurəli, Yusif Nəğməkar, Nəzakət Məmmədli, Rəfail Tağızadə, Aybəniz Əliyar, Tapdıq Əlibəyli, Aysel Kərim, Şövkət Zərin, Südabə Sərvi, Tariyel Abbasov, Əlisəmid Kür, Şəfəq Sahibli, Fəxrəddin Meydanlı, İbrahim Yusifoğlu, Yasəmən Möhübbətqızı, Əzizə Ağahüseyn, Solmaz Cahangirova, Tahir Şirvanlı, Dayandur Sevgin, Sədi Yaradanqulu, Rəna Təbəssüm, Raifə Sərxanqızı, Təranə Musayeva, Nəsrəddin Musayev, Yaqoob Osili, Qəzənfər Məsimoğlu, Əzizə Ağahüseynqızı, Mədaxil Cavadlı və başqaları məmnunluq hissi ilə çıxış edərək diqqətə görə əziyyəti keçənlərə təşəkkür etdilər və onları təbiətlə bağlı yeni şeirlər yazmağa ruhlandıran tərtibatın cəmiyyətdə geniş vüsət alacağına, şeirlərin dillər əzbəri olacağına, təbiət sevdalı oxucular tərəfindən rəğbətlə qarşılanacağına əminlik ifadə etdilər. Topluda imzası olan müəlliflər ürək sözlərini çatdırdılar və təbiətin gözəlliyindən şeirlər söylədilər.
Bakı şəhəri, Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin şagirdlərindən Əmirli İlhamə, Şəfiyeva Duyğu, Şuşayeva Xədicə, Səfərli Fəridə, Ağayeva Leyla, Məmmədova Zəhraxanım, Sumqayıt şəhəri, general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbin şagirdlərindən Əkbərli Nərgiz və Əliyeva Arzu təqdimatın gedişinə rövnəq qataraq ədəbiyyatımızın görkəmli simalarından Rəsul Rza, Anar, Nurəngiz Gün, Rəşad Məcid və digərlərinin təbiətlə bağlı şeirlərini səsləndirdilər.

Bənzərsiz poetik nümunələrin nəşri istedadlı şairlərin yaradıcılığına verilən qiymət, ruhun təzələnməsi, cəmiyyətdə kamil insanın yaranışı kimi dərərləndirildi. Qeyd olundu ki, insana bəxş olunan ideal əsər məhz təbiətdir. Bu gün dünyada qlobal miqyasda aktual məsələlərdən olan təbiətin qorunması üçün vətəndaş mövqeyindən yanaşaraq əlimizdən gələni etməliyik. Yer kürəsində yaşıllığa bürünən təbiətin gözəlliyinin işığı insanı özünüdərkinə aparır.
Təbiətə həsr olunmuş şeirlər toplusunun kitabxanalara, məktəblərə verilməsi, yayınlanması, yeni cildinin hazırlanması təklif olundu.

Tədbirdə iştirak edən ziyalılar, yazarlar, elm adamları, jurnalistlər, poeziya həvəskarları yüksək səviyyədə təşkil olunan təqdimatın təşkilatçılarına minnətdarlıq bildirdilər. Topluda yer almış müəlliflərin hər birinə kitab hədiyyə olundu və xatirə şəkilləri çəkildi.

RƏNA TƏBƏSSÜM
AJB-nin və AYB-nin üzvü,
jurnalist, yazıçı-publisist








Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar