Ru
16:55 / 30 İyun 2025

Yekaterinburq hadisələri siyasi motivlidir - Deputat - FOTO

Yekaterinburq hadisələri siyasi motivlidir - Deputat - FOTO
Eye

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı Moskva hələ də rəsmi, aydın və tutarlı mövqe ortaya qoymayıb. ArdıncaVoronejdə keçirilən genişmiqyaslı reyd zamanı azərbaycanlıların saxlanıldığı xəbərləri yayılıb.

Millət vəkili, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov Bakupost.az -a açıqlamasında Rusiya–Ukrayna müharibəsi fonunda miqrantlara qarşı mənfi münasibətin artdığını bildirib:

“Biz baş verən hadisələrə diqqət yetirdikdə görürük ki, Rusiyanın müəyyən siyasi dairələri var ki, onlar miqrantlara qarşı olan mənfi münasibətini müxtəlif donlar geyindirməklə açıq-aşkar həyata keçirirlər. Eyni zamanda miqrantları çox ciddi seçimlər qarşısına qoyurlar. Rusiya–Ukrayna müharibəsinə cəlb olunma adı altında miqrantlar zaman-zaman müxtəlif təzyiqlərə məruz qalaraq “könüllü” şəkildə cəbhəyə getmək barədə ərizə forması doldururlar. Təbii ki, təzyiqlərə, fiziki işgəncələrə, psixoloji təsirlərə məruz qaldıqdan sonra buna məcbur olurlar.

Miqrantlara qarşı bu münasibətdə Rusiya–Ukrayna müharibəsində iştirak əsas göstərilir və bu səbəbdən də onlara qarşı Rusiyada mənfi rəy formalaşdırırlar. Bu da cəmiyyət daxilində miqrantlara olan münasibətin dəyişməsinə gətirib çıxarır. Nəticədə hüquq-mühafizə orqanlarının nümayəndələri həbsdə onlara fiziki güc tətbiq edir, zorakılığa əl atır. Beləliklə, bu təzyiqlərə məruz qalan miqrantlar məcbur olurlar ki, ifadələrini də hüquq-mühafizə orqanlarının istədiyi tərzdə imzalasınlar. Təbii ki, bunlar hamısı çox üzücü faktlardır. Təəssüf hissi ilə qeyd edirəm ki, hətta Rusiya Federasiyasının vətəndaşı olsa belə, heç bir qeyri-rus bu kimi diskriminasiyadan sigortalanmayıb”.

Deputatın sözlərinə görə, “AZAL”a aid təyyarənin Qroznıda vurulmasından sonrakı proseslər göstərir ki, baş verən hadisələr siyasi motivlidir:

“Fevral ayından etibarən Azərbaycanın informasiya məkanında Rusiyanın media orqanları, aidiyyəti strukturları tərəfindən kibercinayətkarlığa rəvac verilməsi, hibrid təhdidlər, Milli Məclisin deputatının Rusiya ərazisinə buraxılmaması və bu kimi hallar onu göstərir ki, münasibətlərdə bir çox açıq qalan suallar var. Bu suallar ətrafında da zəruri addımlar atılmalıdır.

Yekaterinburqdakı son hadisələr də Rusiyanın aidiyyəti strukturları, o cümlədən rəsmi Kreml qarşısındaçox ciddi suallar qoyur, . Rusiya ilə Azərbaycan arasında gərginliyin daha da dərinləşməsində maraqlı olan siyasi güclər bundan maksimum istifadə edirlər. Bu səbəbdən də baş verən hadisədə mən siyasi motivlərin daha qabarıq şəkildə göründüyünü düşünürəm”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar