Ru
15:58 / 17 İyul 2025

Yeni dəb: kişilərin dodaq-dodağa öpüşməsi...

Yeni dəb: kişilərin dodaq-dodağa öpüşməsi...
Eye


Sədaqət Kərimova, Yazıçı

Son illər kişilərin görüşərkən öpüşməsi Azərbaycanda az qala bir davranış modelinə çevrilib. Bir vaxtlar qəribə görünən bu jestlər indi cəmiyyət tərəfindən adi qarşılanır, hətta bəzən mehribanlıq göstəricisi kimi təqdim olunur. Söhbət üzdən, yanaqdan dəfələrlə öpməkdən, qucaqlaşmaqdan, hətta bəzən dodaq-dodağa təmasdan gedir. Nə deyirsiniz, deyin, xoşlamıram bu dəbi, qəbul edə bilmirəm onu. On beş – iyirmi il əvvəl belə görüşlərlə təsadüfən rastlaşardıq. İndi isə kişilərin marça-murçla öpüşməsi adı hala çevrilib. Halbuki bir vaxtlar Qafqazda kişilər arasında belə davranışlar nəinki olmayıb, hətta qeyri-etik sayılıb.

Bu dəyişikliyin arxasında nə dayanır? Qloballaşmanın gətirdiyi ünsiyyət formaları? Sosial şəbəkə nümayişçiliyi? Bəlkə emosional yaxınlıq axtarışı? Əslində isə bu, mədəniyyət kodlarımızın necə və nə qədər dəyişdiyini göstərən bir göstəricidir.

Azərbaycan və ümumiyyətlə Qafqaz mədəniyyəti tarixən ciddi davranış formaları ilə seçilib. Ənənəvi kişi görüşü - bir-birinə əl vermək, bəzən çiyinlə toxunmaq, başını azacıq əyməklə salam vermək həm ehtiram, həm də təmkinin təcəssümü idi. Bu jestlər həm sərt, həm də səmimi idi. Hər jest bir məna daşıyırdı, hər davranışın arxasında dayanan dəyərlər bütövlüyü vardı.
Bu gün isə bu sadə və dərin jestlərin yerini bəzən qeyri-səmimi, hərdən təqlidçi və qəribə görünən davranışlar tutur. İnsanlar yerli-yersiz bir-birini bağrına basır, üz-gözündən öpür, bəzən bu hərəkətin arxasında nə hörmət var, nə də səmimiyyət.
Tanınmış filosof Epiktet deyirdi: "Hörmət – davranışda deyil, düşüncədə doğulur." Doğrudan da, kimisə sevib hörmət edirsənsə, yerli-yersiz onu qucaqlayıb öpməyə ehtiyac yoxdur. Bu hiss baxışda, sözdə, adi bir salamda da görünə bilər. Səmimiyyəti forma ilə göstərmək mümkün deyil - əgər o, içində yoxdursa, jestlərin mənası yoxdur.

Əsl dostluq, əsl hörmət gizli ahəngdən ibarətdir. Gözün içindəki sevinc, səsin tonundakı ehtiram, əlin təması – bunlar ruhun səmimi toxunuşlarıdır. Sufilər deyərdi: "Göz danışanda dil susar." İndi bəlkə də çox danışırıq, çox toxunuruq, amma az duyuruq.

Əlbəttə, zaman dəyişir, mədəniyyətlər bir-birinə qarışır, qloballaşma ünsiyyət formalarına da təsir edir. Amma bu dəyişikliklər baş verərkən əsas məsələ özümüzü itirməməkdir. Əgər davranışlarımız səmimi hisslərə deyil, təqlidə, görüntüyə, “nümayişkaranə yaxınlığa” əsaslanırsa, orada nə mehribanlıq olur, nə də dəyər.

Bu gün sosial mediada daha çox öpüşən, qucaqlaşan dostlar, tanışlar, qonşular görürük. Sual yaranır: görəsən bir-birinə ürəkdən bağlı olanlar çoxdur, yoxsa bu səhnəni başqalarına göstərmək istəyənlər?

Kişilərin görüşərkən bir-biri ilə öpüşməsi təkcə bir jest deyil, bir baxış bucağıdır. Bu baxış bəzən öz mədəniyyətinə arxa çevirmək, bəzən səmimiyyəti formaya qurban vermək anlamına gəlir. Ənənəvi davranış modellərimizi “dəbdən düşmüş” hesab etmək gülüncdür. Halbuki dəyişən zamanda belə, sabit və dayanıqlı dəyərlər bizə kim olduğumuzu xatırlatmalıdır.

Gəlin etiraf edək ki, kişilərə ciddiyyət və təmkin daha çox yaraşır, ona görə də zahiri deyil, qəlbdən gələn münasibətləri yaşatmalıyıq. Gəlin, səmimiyyəti öpüşdə deyil, ürəkdə axtaraq. Az danışaq, çox anlayaq. Az toxunaq, çox hiss edək.

Bəlkə səhv edirəm?


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar