Ru
20:38 / 11 İyun 2025

“Zəngəzur mahnısı” bu gündən radiolarda səslənəcək

“Zəngəzur mahnısı” bu gündən radiolarda səslənəcək
Eye

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda musiqi əsəri - “Zəngəzur mahnısı”nı ərsəyə gətirib. İdeya müəllifi tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur.

Bakupost.az xəbər verir ki, musiqi əsəri üzərində peşəkar komanda çalışıb.

“Zəngəzur mahnısı”nın sözlərini Şahin Musaoğlu yazıb, o, dillər əzbəri olan mahnılar müəllifidir.

Əsərin bəstəkarı tanınmış sənətkar, Əməkdar artist Vüqar Camalzadədir. Mahnının ruhuna uyğun olaraq, onu görkəmli sənətkarlar - Xalq artistləri - Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər - Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov, gənc ifaçı İlkin Dövlətov birlikdə ifa edib. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru Fərqanə Cabbarovadır.

“Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dillə musiqidə ifadəsidir.

Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi bu mənalı və yüksək emosional yüklü musiqi əsərinin dinləyicilərin ruhunu oxşayacağına ümidvar olduğunu bildirib. Musiqi əsərinə Şərqi Zəngəzurda klip də çəkiləcək. Bu gündən isə əsəri Azərbaycan radiolarında dinləmək mümkün olacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar