"Biz müxtəlif beynəlxalq təcrübələri və ən yaxşı praktikaları araşdırdıq, lakin başa düşdük ki, heç bir beynəlxalq təcrübə Azərbaycanda birbaşa tətbiq oluna bilməz. Odur ki, biz öz bərpa metodumuzu və öz yanaşmamızı yaratmalı idik. Əslində, Prezidentimizin gördüyü iş də məhz budur - konkret yol xəritəsi".
Bakupost.az xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.
O bildirib ki, bu yol xəritəsi beşaddımlı, mərhələli yanaşmanı nəzərdə tutur:
"Planlaşdırma - planlaşdırma çox önəmlidir və biz mümkün qədər çox vaxtı planlaşdırmağa sərf edirik. Plan düzgün qurulduqda tətbiq prosesi daha səmərəli olur və səhvlər minimuma enir.
Minalardan təmizləmə - azad edilmiş ərazilərdə qarşılaşdığımız əsas çağırışlardan biridir.
Əsas infrastrukturun bərpası - minalardan təmizləmə prosesindən sonra infrastrukturun bərpasına başlanır.
Sosial-iqtisadi infrastrukturun bərpası - insanların həyat keyfiyyətini artıracaq təhsil, səhiyyə və iqtisadi fəaliyyət sahələrinin bərpası.
İnsanların öz doğma torpaqlarına qayıdışı - keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıdışı təmin olunur.
Bu beş istiqamətli yanaşma son beş ildə böyük irəliləyişlərə səbəb olub və proses davam edir".
"Hazırda təxminən 50 000 nəfər azad edilmiş ərazilərdə yaşayır və işləyir. Yeni şəhərlər, kəndlər, məhəllələr və iqtisadi fəaliyyət formalaşır", - deyə xüsusi nümayəndə fikrilərini yekunlaşdırıb.