Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi gərginlik pik həddə çatıb. Baş nazir, hakim blokun namizədi Nikol Paşinyan ilə müxalifətin, xüsusilə rusiyayönümlü qüvvələrin əsas fiquru Robert Köçəryan arasında sözlü qarşıdurma daha da artıb. Tərəflər bir-birinə qarşı sərt ifadələr işlədirlər. Paşinyan isə açıq şəkildə bəyan edib ki, Robert Köçəryan və rusiyayönümlü qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanla sentyabr ayında müharibə başlaya bilər.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Şəbnəm Həsənova Qərb və Rusiya hazırkı mərhələdə Avropa İttifaqı ilə Rusiya maraqlarının toqquşduğu və müdaxilə imkanlarının mövcud olduğu hər bir regiondan maksimum şəkildə istifadə etməyə çalışdığını bildirib.
O qeyd edib ki, 2018-ci ildə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Nikol Paşinyanın zamanında itirilmiş imkanlarını Rusiya yenidən dəyərləndirmək niyyətindədir:
“Bunun üçün ən əlverişli şərait kimi Ermənistanda gözlənilən parlament seçkiləri ön plana çıxır. Paşinyanın Moskvaya səfəri zamanı Vladimir Putin açıq şəkildə Rusiya yönümlü siyasətçilərə dəstəyini ifadə edib. Paşinyan öz növbəsində mövqeyini ortaya qoysa da, daha çox münasibətləri gərginləşdirməməyə fokuslanıb. Aydındır ki, Rusiya Cənubi Qafqazda təsir rıçaqlarını zəiflətmək niyyətində deyil. Bu səbəbdən də ənənəvi təzyiq vasitələrindən biri olan qaz amilindən istifadə etməklə Ermənistana aydın mesaj verib. Azərbaycanın yaratdığı yeni reallıqlar onu göstərir ki, Rusiya artıq Qarabağ kartı vasitəsilə regionu əvvəlki kimi idarə edə bilmir. Qarabağ məsələsi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və daha geniş regional kontekst üçün yeni reallıqlar formalaşdırıb. Nikol Paşinyan və komandası tərəfindən verilən bəyanatlar göstərir ki, onlar Azərbaycanla münasibətləri gərginləşdirməmək xəttini seçiblər. Bu kontekstdə Alen Simonyan hər iki ölkəni bir-birinin təhlükəsizliyinin təminatçısı kimi görür”.
Ş.Həsənovnın sözlərinə görə, proseslər daxili siyasətə də təsirsiz ötüşmür:
“Prezident İlham Əliyevin Gürcüstana səfəri, daxili siyasətdə baş verən dəyişikliklər və atılan addımlar Azərbaycanın regional proseslərdə aktiv mövqe tutduğunu göstərir. Təbii ki, Robert Köçəryan və revanşist qüvvələrin hakimiyyətə gəlməsi arzuolunan deyil. Azərbaycanın isə Ermənistanla imzaladığı sənədlər konkret hakimiyyətə deyil, Ermənistan dövlətinə aiddir. Bununla belə, revanşist ritorikanın yenidən gücləndirilməsi müsbət nəticələr vəd etmir. Mövcud vəziyyətdə Paşinyan komandasının seçkilərdə qalib gəlməsi daha real görünür. Rusiya müəyyən təsir göstərməyə çalışsa da görünür ki, Ermənistan cəmiyyəti seçimində Paşinyana üstünlük verəcək. Reallıqlar göstərir ki, Azərbaycan istənilən ssenariyə hazır olmalıdır. Bu yanaşma Prezident İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb. Məhz bu səbəbdən Azərbaycanın hərbi büdcəsində artım oldu. Ermənistan da öz növbəsində hərbi potensialını yenidən nəzərdən keçirir. Bu prosesləri yalnız Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində deyil, daha geniş regional kontekstdə qiymətləndirmək lazımdır. Çünki geosiyasi dinamika sürətlə dəyişir və kifayət qədər həssasdır. Müharibə ssenarisinin özü ilə yanaşı, onun ehtimalı belə Ermənistan üçün ciddi risklər yaradır. 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları zamanı tərəflər arasında mövcud fərq açıq şəkildə görünmüşdü. Azərbaycan yalnız Ermənistanla münasibətlər baxımından deyil, ümumilikdə regional və qlobal proseslər kontekstində də istənilən ssenariyə hazırdır. Bununla belə, ölkənin siyasəti və ritorikası müharibə deyil, sülh üzərində qurulub. Mövcud Ermənistan hakimiyyətinin bəyanatları da bu istiqamətdədir. Bununla yanaşı, güclü olmaq və müdafiə qabiliyyətini qorumaq strateji prioritet olaraq qalır. Paşinyanın bu yanaşması həm regional aktorlarla balans yaratmaq, həm də daxili ictimai rəyi nəzərə almaq məqsədi daşıyır. Ümumiyyətlə, heç bir cəmiyyət müharibə istəmir. Azərbaycanın yaratdığı reallıqlar Ermənistan cəmiyyətində xüsusilə müharibə ehtimalına qarşı ciddi həssaslıq formalaşdırıb. Bu baxımdan, Paşinyan həm daxili, həm də xarici auditoriyaya sülh və quruculuq gündəmini önə çıxarmağa çalışır”.