Ru
10:04 / 26 Avqust 2026

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan nefti kəskin ucuzlaşdı
Eye

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti yenidən ucuzlaşıb.

"Bakupost"a neft bazarındakı mənbənin verdiyi məlumata görə, İtaliyanın Augusta limanında CIF bazasında "Azeri Light"ın bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,2 dollar və ya 3,36 faiz azalaraq 91,93 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir barelinin qiyməti isə 3,12 dollar və ya 3,4 faiz ucuzlaşaraq 88,50 dollara düşüb.

"URALS" markalı xam neftin qiyməti 3,52 dollar və ya 5,14 faiz azalaraq 64,89 dollar/barel olub.

"Dated Brent" markalı neftin bir barelinin qiyməti də əvvəlki göstərici ilə müqayisədə 3,6 dollar və ya 3,89 faiz ucuzlaşıb. Nəticədə Brent neftinin qiyməti 89 dollar/barel təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar/barel səviyyəsində nəzərdə tutulub.

"Trading Economics"in məlumatına görə, dünya bazarında neftin qiyməti çərşənbə günü bir barel üçün 80 dollara yaxınlaşıb. Bu, qiymətlərin ardıcıl üçüncü ticarət sessiyasında geriləməsi deməkdir.

Qiymətlərdəki eniş İran və Oman arasında Hörmüz boğazında "müvəqqəti birgə dəniz dəhlizinin" yaradılmasının müzakirə edilməsi ilə bağlı xəbərlərlə əlaqələndirilir.

Məlumata görə, tərəflər arasında texniki danışıqlar davam etdiriləcək. Müzakirələrdə boğazın gələcək idarə olunması, məlumat mübadiləsi, gəmi hərəkətinin tənzimlənməsi, həmçinin dəniz və təhlükəsizlik xidmətlərinin təşkili məsələləri üzrə daimi dəniz dəhlizinin yaradılması nəzərdən keçirilir.

Bununla yanaşı, Pakistanın ordu rəhbərinin diplomatik səylərə dəstək məqsədilə Tehrana səfər etdiyi, Qətərin isə vasitəçilik fəaliyyətini davam etdirdiyi bildirilir.

Neft bazarında qiymətlərə təzyiq göstərən digər amil isə ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi artırmaq məqsədilə tətbiq etdiyi son tədbirlərin bazar gözləntilərindən daha yumşaq olmasıdır. Vaşinqtonun hələlik İranla ticarət aparan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməkdən çəkinməsi də qiymətlərə təsir edən amillər sırasında göstərilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar