Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Suriyaya nəqlini təmin edəcək təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər. Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.
Maraqlıdır, Azərbaycanın qaz ixracatında Suriyanın yeri və rolu necə qiymətləndirilir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli
Bakupost.az-a açıqlamasında bildirib ki, Azərbaycan qazı Suriya üçün böyük əhəmiyyət kəsb edir.
"Azərbaycan onsuz da qazını dünya, Avropa bazarına rahatlıqla çıxara bilir. Hazırda Gürcüstan və Türkiyəni çıxsaq, TAP layihəsi vasitəsilə Avropanın 10 ölkəsinə satış coğrafiyasını və bazarlarını kifayət qədər diversifikasiya edib qaz satırıq. Yəni satış bazarımızın coğrafi diversifikasiyası Azərbaycanın hər hansı bir alıcıdan asılılığını azaldır və eyni zamanda bu ölkələrlə əlaqələrin yaxşılaşdırılmasına, digər istiqamətlərdə əməkdaşlıq üçün də imkanlar yaradır. Bu ölkələrlə Azərbaycanın demək olar ki, strateji əməkdaşlıq haqqında memorandumları mövcuddur, əlaqələr də yaxşıdır”, - o bildirib.
Eskpert Suriyada son 10-15 ildə baş verənlərə də toxunaraq qeyd edib ki, bu, ölkəni həddindən artıq çətin vəziyyətə salıb.
“Suriya uzun müddətdir ki, həm vətəndaş müharibəsi, həm də xarici qüvvələrin müdaxiləsi nəticəsində ciddi böhran yaşayır və ölkənin işıq, qaz, su təminatında böyük problemlər var. Bu baxımdan, Azərbaycan qazının satılması prosesində ən çox fayda götürən məhz Suriyadır. Təbii ki, Azərbaycan Türkiyə ilə regional məsələlərdə ortaq mövqe nümayiş etdirməyə çalışır”.
Onun sözlərinə görə, bu layihə, təkcə iqtisadi deyil, siyasi münasibətlərin normallaşmasına da töhfə verə bilər:
“Türkiyənin Suriyanı dirçəltmək cəhdlərində də Azərbaycan maraqlıdır. Eyni zamanda, Suriya ilə əvvəlki hakimiyyətin dönəmində formalaşmış neqativ münasibətlərin yaxşılaşdırılmasında bu məsələ müsbət rol oynaya bilər. Azərbaycan bu ölkənin tədricən dünya siyasi-iqtisadi səhnəsində yer alması prosesinə öz töhfəsini verir. Müharibələrin hələ bitmədiyi, problemlərin tam həll olunmadığı bir məqamda bu dəstək, yəqin ki, Suriya hökuməti və xalqı tərəfindən gələcəkdə müsbət qiymətləndiriləcək. Təbii ki, bu prosesin əsas memarı Türkiyənin apardığı siyasət bizim də maraqlarımıza uyğun olduğundan Azərbaycan bu prosesdə iştirak edir".
Lalə,
BakuPost