Azərbaycandan çıxan tütün Avstriya məhkəmə sistemində ciddi hüquqi qalmaqala səbəb olub, nəticədə Avropada yaşayan bir sahibkarı məhkəmə qarşısına çıxarıb. Söhbət 20 tondan artıq tütünün qanunsuz dövriyyəyə buraxılması iddiasından gedir.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, dünən Avstriya Məhkəməsində baxılan işdə Polşa vətəndaşı olan, lakin Avstriyada yaşayan sahibkar inhisar qanununu pozmaqda ittiham olunub. İstintaq materiallarına görə, o, 2024-cü ilin yazında Azərbaycandan Avstriyaya dörd mərhələdə ümumilikdə təxminən 50 ton tütün gətirib. Rəsmi ittihamda vurğulanır ki, bu məhsulun 20.000 kiloqramdan çox hissəsi ticarət şirkəti vasitəsilə iki milyon avrodan artıq məbləğə satılıb.
“Birbaşa tarladan gələn tütün”
Təqsirləndirilən şəxs məhkəmədə özünü belə müdafiə edərkən idxal edilən məhsul hazır siqaret tütünü deyil, Azərbaycandan birbaşa sahələrdən yığılmış xammal – tütün yarpaqları olduğunu bildirib. Onun sözlərinə görə, məhsulun keyfiyyəti aşağı olduğundan Avstriyada satılması mümkün olmayıb və ilkin emal üçün İtaliyada yerləşən bir şirkətə göndərilib.
Bu mərhələdən sonra Zaltsburqdakı anbara geri qaytarılan tütünün həcmi artıq təxminən 20 ton təşkil edib. Sahibkar həmin partiyanı Çexiyada fəaliyyət göstərən bir firmaya satdığını, tütünün Avstriya ərazisində dövriyyəyə buraxılmadığını iddia edib.
İttiham tərəfi: tütün artıq çəkilə bilirdi
Lakin İqtisadiyyat və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu bu arqumentləri qəbul etməyib. Dövlət ittihamçısının sözlərinə görə, aparılan texniki ekspertiza tütünün artıq çəkməyə yararlı vəziyyətdə olduğunu göstərib. Bu isə məhsulu birbaşa tütün vergisi və inhisar qanunu çərçivəsinə salır.
Məhkəmədə ifadə verən gömrük əməkdaşı da sahibkarın versiyasını şübhə altına alıb: “Bu məhsulun ölkədən çıxarıldığını və satıldığını təsdiqləyən heç bir faktura tapılmayıb”.
Bu məqam istintaq üçün həlledici olub. Çünki Avstriya qanunvericiliyinə görə, tütün məhsullarının dövlət nəzarətindən kənar satışı ağır maliyyə cinayəti sayılır.
Hökm: cərimə və müsadirə
Nəticədə məhkəmə sahibkarı Maliyyə Cinayətləri Məcəlləsinin 44-cü maddəsi üzrə təqsirli bilib. O, 13.000 avro məbləğində məcburi pul cəriməsi, həmçinin qanunsuz gəlir kimi 39.000 avro müsadirə məbləği ödəməlidir. Hökm hələ qüvvəyə minməyib.
Cavid, BakuPost