Avstraliyada Darvin şəhər sakini balıqtutma yarışlarında iştirak edərək gözlənilmədən böyük məbləğdə pul mükafatı qazanıb.
"Bakupost" xəbər verir ki, bu barədə "Guardian" nəşri məlumat yayıb.
26 yaşlı Metyu Moris xaricdən gələn qardaşı ilə birlikdə balıq ovuna yollanıb. Onun sözlərinə görə, bu proses sadəcə qohumu ilə vaxt keçirmək və söhbət etmək üçün bir bəhanə idi. Qardaşı ilə danışarkən Moris təsadüfən üzərində qırmızı nişan olan təxminən 80 sm uzunluğunda ağ dəniz xanıbalığı tutub.
Məlum olub ki, "Million Dollar Fish" balıq ovu müsabiqəsinin təşkilatçıları bölgədəki su hövzələrinə üzərində nişan olan yüz dəniz xanı balığı buraxıblar. Bu balıqlardan birini tutan şəxsə 10 min Avstraliya dolları (6.96 min ABŞ dolları) məbləğində mükafat nəzərdə tutulub. Qırmızı nişanlı balığı tutan şəxs isə 1 milyon Avstraliya dolları (696 min ABŞ dolları) dəyəri olan baş mükafatı əldə edirdi.
Diqqətçəkən məqam odur ki, qalib qazandığı bu uğurdan tamamilə xəbərsiz olub. Hətta yarışda iştirak üçün rəsmi qeydiyyatdan keçməyib.
Şanslı balıqçı qazandığı pulla yeni bir ev alacağını deyib.