Rusiyada bir sıra ekspertlər gənclər üçün yuxarı yaş həddinin 35-dən 40 yaşa qaldırılmasını təklif edirlər. Səhiyyə naziri Mixail Muraşko, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko, sosioloq, Əmək Nazirliyi yanında İctimai Şuranın rəhbəri Konstantin Abramov və Dövlət Dumasının bir neçə deputatı bu təkliflə çıxış ediblər.
Məlumatlara görə, hazırda Çin, Latın Amerikası ölkələri, AB və ABŞ BMT-nin əsrin ortalarına qədər kişilərin 42 yaşına qədər gənc qalacağı ilə bağlı proqnozları öyrənirlər. Bunu da qlobal miqyasda ömür uzunluğunun artırılması, yaşayış şəraitinin yaxşılaşdırılması və ağır əməyin texnologiyalaşdırılması ilə əsaslandırırlar.
Onu da xatırladaq ki, 2012-ci ildə BMT və ÜST rəsmi olaraq gəncliyin 44 yaşa qədər uzadılmasını təklif edib. Azərbaycanda isə gəncliyin yuxarı həddi 29 yaş götürülüb.
Milli Məclisin deputatı Fazil Mustafa
Bakupost.az-a bildirib ki, Rusiya buna gedir deyə, onu birbaşa Azərbaycana da tətbiq etmək mümkün deyil:
“Rusiya miqrasiya ilə bağlı ciddi problemlərlə üz-üzədir. Bu ölkədə habelə ölüm yaşı da aşağıdır. Ona görə də gənclik yaşı məsələsini Azərbaycan spesifikasını düşünərək, həll etmək lazımdır. Fikrimcə, gənclər 30-35 yaşlarında evlənə bilmirsə, demək bu yaş həddi bir az çəkindiricidir”.
Sosioloq Mail Yaqub
Bakupost.az-a bildirib ki, son 50 ildə dünyada rifah səviyyəsinin xeyli yüksəldiyi bir həqiqətdir:
“İnsanların rifah səviyyəsi yüksəldikcə, onların ömürləri də uzanır. Sosial təminat daha yüksək olan ölkələrdə orta ömür həddi də artıb. Azərbaycanda isə həll olunmamış iqtisadi-sosial problemlər çoxdur. Tibbi əlçatanlıq orta səviyyədə belə deyil. Nəticədə ölkəmiz bu baxımdan sosial təminatın yüksək olduğu ölkələr səviyyəsinə hələlik çata bilməyib”.
Sosioloq qeyd edir ki, əvvəlki illərlə müqayisədə müasir dövrdə insanların daha gənc yaşda görünməsi artıq bir faktdır:
“Məsələn, bir əsr bundan qabaqkı 50 yaşda olan insanın fiziki görünüşü ilə indiki eyni yaşda olan insanın fiziki görünüşündə xeyli fərqlər var. Bir ölkədə insanlar 44-45 yaşlarında hələ də gənc görünür və enerjilidirsə, onların rifahı, səhiyyəyə əlçatanlığı yüksəkdirsə, bu şəxsləri gənc adlandırmaq olar”.
Azərbaycana gəldikdə, həmsöhbətimiz hesab edir ki, ölkədə mövcud sosial-iqtisadi problemlər öz həllini taparsa, burada da gənclik yaş həddi limiti 29-dan 40 yaşına qaldırıla bilər:
“Amma bunun üçün sosial-iqtisadi problemlər həllini tapmalıdır”.
Rüfət Sultan,
BakuPost