Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrində xidmət edən Zaur Rüstəmov general-leytenant ali hərbi rütbəsinə yüksəlib.
“Bakupost” xəbər verir ki, 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olan Zaur Zeynalabdul oğlu Rüstəmov hərbi təhsilini Türkiyədə də davam etdirib. O, 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri sırasında Vətənə qayıdıb.
Rüstəmovun fəaliyyəti ilə bağlı diqqətçəkən məqamlardan biri də 2022-ci ilin mayında baş verib. Bakıda keçirilən “Teknofest” festivalında iştirak etmək üçün Azərbaycana gələn “Baykar Texnologiya” şirkətinin rəhbəri Selçuk Bayraktar Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ilə uçuş həyata keçirib. Həmin uçuş zamanı Bayraktarı müşayiət edən pilot Zaur Rüstəmov olub.
O, həmçinin Azərbaycan Ordusunun 100 illiyinə həsr edilən hərbi paradda və 8 Noyabr Zəfər paradında hərbi təyyarəçilərə rəhbərlik edib.
2024-cü il noyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rüstəmov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandanı vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Prezidentin son sərəncamı ilə polkovniklər Elnur Əli oğlu Ələsgərli, Hikmət Rövşən oğlu Əliyev və Telman Əsgər oğlu Hüseynova da general-mayor rütbəsi verilib.