Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.
"Bakupost" xəbər verir ki, “Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, şirkət tərəfindən 2020-ci ilin dekabrından işğaldan azad olunmuş Ağdam ərazisində sahələr minalardan və hərbi sursatlardan təmizlənəndən sonra torpaq hazırlığı və planlaşdırma işləri görülərək, dərhal əkinə başlanılıb. İlkin olaraq ərazidə taxıl əkini aparılıb. Taxıl sahələrində məhsuldarlıq 40 sentner təşkil edib.
Hazırda isə burada 1150 hektar ərazidə zeytun bağı salınıb. Ərazidə 700 mindən çox ağac əkilib. Gələcəkdə isə zeytun və badam ağaclarının sayının 1 500 minə çatdırılması nəzərdə tutulur.
Burada ildə 10 min ton zeytun (və ya 2 min ton yağ) istehsalı planlaşdırılır. İstehsalatda müasir kənd təsərrüfatı texnikasından istifadə edilir.
Layihə çərçivəsində müvəqqəti suvarma kanalları çəkilib, Eyvazxanbəyli-Xaçınçay avtomobil yolu (3690 metr) təmir olunub, inzibati və texniki zonalar yaradılıb. On hektar ərazidə meşə massivi salınıb, əlavə olaraq 50 hektar meşə sahəsinin salınması planlaşdırılır. Ərazidə yanacaqdoldurma məntəqəsi, meteostansiya yaradılıb.
Dövlətimizin başçısına ölkəmizdə qoz istehsalı sənayesi barədə də məlumat verildi. Azərbaycana qoz idxalının əvəzlənməsi və ixracyönümlü qoz istehsalı sənayesinin yaradılması məqsədilə 2017-ci ildən başlayaraq “Aqroinkişaf 2017” MMC tərəfindən Şəki-Oğuz rayonlarının ərazisində 2 min hektardan çox sahədə müasir intensiv salxımlı qoz növləri yetişdirilən bağların salınması artıq yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyev 2022-ci ildə Oğuz rayonunda qozyuma, qurutma, çeşidləmə və qablaşdırma zavodunun təməlini qoyub. MMC tərəfindən bu müəssisə üçün 2025-ci ildə illik istehsal gücü 10 min ton qoz olan qurğular alınaraq istismara verilib.
Toplanmış qoz məhsulu əsasən daxili bazarda satılmaqla yanaşı, xarici bazarlara da (Türkiyə, Gürcüstan, Rusiya, İtaliya) ixrac olunub. Min hektara yaxın sahədə isə müasir intensiv badam bağları salınır.
Müəssisə müasir kənd təsərrüfatı texnikası, damcı suvarma sistemi, meteostansiyalar, fito-laboratoriya və digər zəruri avadanlıqla təchiz olunub.
Prezident İlham Əliyevə “Acınohur Zeytun vadisi” layihəsi üzrə görülən işlər barədə də ətraflı məlumat verildi.
Sonda Prezident İlham Əliyev ərazidə zeytun ağacı əkdi.