2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyaların həcmi 10 faiz artaraq 12,68 milyard manata çatıb. Bununla yanaşı, qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların artımı 1,4 faiz təşkil edib.
Mövzu ilə bağlı iqtisadçı
Natiq Cəfərli “Bakupost”a bildirib ki, Azərbaycanda son dövrlərdə enerji sektoruna investisiyaların artması müşahidə olunur.
Onun sözlərinə görə, enerji sektoru uzun müddətdir Azərbaycanda əsas prioritet istiqamətlərdən biri olaraq qalır. Hazırda bu sahədə müxtəlif yeni layihələrin həyata keçirilməsi investisiyaların artmasına təsir göstərir.
“Azərbaycanda son zamanlar enerji sahəsinə investisiyalar artıb. Həmişə də belə olub, yəni enerji sahəsi həmişə prioritet olub. İndi enerji sahəsi ilə bağlı yeni layihələr həyata keçirilir. İstər neft, istər qaz, istər yaşıl enerji və s. Bu sahədə investisiyaların artması təbiidir”, – deyə N.Cəfərli qeyd edib.
İqtisadçı qeyri-neft sektorunda investisiyaların artımının isə gözləntilərə cavab vermədiyini bildirib.
“Amma problem odur ki, qeyri-neft sektorunda investisiyalar istədiyimiz şərtlərlə, istədiyimiz şəraitdə artmır, yəni gözləntilərə cavab vermir”, – iqtisadçı vurğulayıb.
N.Cəfərli qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının əsas drayveri və mühərriki enerji sektoru olaraq qalır.
“Buna görə də qeyri-neft sektorunun inkişafı üçün müəyyən addımların atılmasına ehtiyac var”, – deyə iqtisadçı əlavə edib.
Vüsalə Hüseynova,
BakuPost