Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nda dəyişikliklər edib.
“Bakupost” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Sənədə əsasən, gündəlik kreditlər bir dəfə restrukturizasiya olunduqda restrukturizasiya anında olan təsnifat kateqoriyasından yuxarı təsnifat kateqoriyasına aid edilməyəcək.
Həmin kreditlər iki dəfə və daha artıq restrukturizasiya olunduqda azı qeyri-qənaətbəxş aktiv kimi, restrukturizasiya anında "qeyri-standart" kateqoriyada olan kreditlər isə mövcud kateqoriyadan bir pillə aşağı kateqoriyada təsnifləşdiriləcək.
Görəsən, dəyişiklik nəyə hesablanıb və nəyə gətirib çıxara bilər?
Maliyyə-bank məsələləri üzrə ekspert
Əkrəm Həsənov “Bakupost”a bildirib ki, banklar, bank olmayan kredit təşkilatları kredit verəndə proses vəsaitin qaytarılması və yaxud qaytarılmamasında problemlərin olması ehtimalına uyğun olaraq Mərkəzi Bankın qaydaları ilə təsnifləşdirilir:
“Kateqoriya aşağı olarsa, ehtiyat da az yaradılır. Kateqoriya, yəni risk artdıqca, daha çox ehtiyat da yaradılır.
Kreditin vaxtı uzadılır, yəni restrukturizasiya olunursa, deməli problemli kredit də artır.
Daha çox ehtiyatın saxlanılması isə bankın əlindəki pulun bir hissəsini kredit kimi verə bilməməsi anlamına gəlir”.
Müsahibimizin sözlərinə görə, nəticədə kredit verilişi azalacaq:
“Bank olmayan kredit təşkilatları daha ehtiyatlı davranmağa vadar olaraq, daha az kredit vermək məcburiyyətində qalacaqlar.
Mərkəzi Bank bu addımı gələcəkdə yarana biləcək problemli kreditlərin qarşısını almaq və problemli kreditlərin də həmin bank və bank olmayan kredit təşkilatlarının öz ehtiyatları hesabına bağlanmasını təmin etmək üçün atıb”.
Rüfət Sultan,
BakuPost