Ru
14:24 / 20 İyun 2026

Azərbaycanda qızıl və gümüş istehsalı niyə azalıb?

Azərbaycanda qızıl və gümüş istehsalı niyə azalıb?
Eye

Azərbaycanda qızıl istehsalı azalmağa doğru istiqamət götürüb.

2026-cı ilin ilk beş ayına görə, ölkədə qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% azalaraq 1073,4 kiloqrama çatıb.
Bakupost.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 1 iyun tarixinə sənaye anbarlarında hazır qızıl məmulatları ehtiyatları 38,1% azalaraq 73,9 kiloqrama düşüb.

Hesabat dövründə gümüş istehsalında da azalma qeydə alınıb. Bu azalma 6,6% təşkil edərək, 1575,9 kiloqram olub. 1 iyun tarixinə sənaye anbarlarında hazır gümüş məmulatları ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 18,8% azalaraq 474 kiloqrama çatıb.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bakupost.az-a bildirib ki, qızıl istehsalı və anbar ehtiyatlarının azalmasının bir neçə mümkün səbəbləri var:

“İlk növbədə, mədənlərdə hasilat həcminin aşağı düşməsi istehsala birbaşa təsir göstərib. Bu, yataqlarda filizin keyfiyyətinin zəifləməsi, bəzi sahələrdə ehtiyatların tədricən azalması, texniki xidmət və ya yeni hasilat sahələrinin istismara hazırlanması ilə bağlı ola bilər. Mədən sənayesində hasilatın hər il eyni səviyyədə qalması həmişə mümkün olmur və bəzi dövrlərdə təbii azalmalar müşahidə edilir”.

Digər mühüm amil isə ekspertin fikrincə, dünya bazarında qızılın qiymətinin yüksək olmasıdır:

“Qiymətlər yüksəldikdə istehsalçılar və ixracatçılar əldə etdikləri məhsulu daha sürətlə satmağa çalışırlar. Bu halda anbarlarda saxlanılan hazır məhsul ehtiyatları azalır. Statistikada həm istehsalın, həm də ehtiyatların azalması onu göstərir ki, bazara çıxarılan məhsulun bir hissəsi satılıb və anbarlarda əvvəlki dövrlə müqayisədə daha az qızıl qalıb”.

Mərkəz sədri hesab edir ki, anbar ehtiyatlarının 38 faizdən çox azalmasında daxili və xarici tələbatın yüksək olması amili də rol oynaya bilər:

“Qızıl son illərdə geosiyasi risklər, inflyasiya gözləntiləri və investorların təhlükəsiz aktivlərə üstünlük verməsi səbəbindən daha çox tələb görür. Belə şəraitdə istehsal olunan məhsulun böyük hissəsi qısa müddətdə satışa yönəldilir.
Gümüş istehsalındakı azalma da həmsöhbətimizə görə ümumən oxşar səbəblərdən qaynaqlanır:

“Çünki qızıl və gümüş çox vaxt eyni yataqlardan və ya eyni istehsal prosesləri çərçivəsində əldə olunur. Hasilatın ümumi tempinin zəifləməsi hər iki metalın istehsalına təsir edir.

Amma ekspertin sözlərinə görə, qızıl istehsalının azalması mütləq şəkildə sektorun böhran yaşadığı anlamına gəlməməlidir:

“Bəzən şirkətlər yeni yataqların işlənməsinə investisiya qoyur, mövcud mədənlərdə yenidənqurma işləri aparır və bu da qısamüddətli dövrdə hasilatı azaldır. Nəticədə bir neçə rübdən sonra istehsal yenidən arta bilər”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar