Sosial şəbəkələrdə universitet tələbələrinin fotolarından istifadə etməklə onları şantaj edir, paylaşımların silinməsi müqabilində pul tələb edirlər.
"Bakupost" xəbər verir ki, naməlum şəxslər müxtəlif universitetlərdə təhsil alan qızların fotolarını sosial şəbəkə hesablarından oğurlayaraq saxta profillər vasitəsilə "TikTok", "Instagram" və "Telegram" platformalarında paylaşırlar.
Həmin səhifələrdə gənc qızların fotolarının altında əxlaqsız və təhqiramiz ifadələr yazılaraq onların şəxsi həyatına və nüfuzuna ciddi zərər vurulur. Zərərçəkənlər paylaşımların silinməsini tələb etdikdə isə bu dəfə onlardan pul istəyirlər. Belə ki, saxta səhifələrin arxasında dayanan şəxslər fotoların silinməsi müqabilində 10, 25 manat tələb edirlər.
Fotolar "TikTok"da "Telebeler_az", "İnstagram"da isə "Telebemdi" adlı hesablar vasitəsilə yayılır.
Məlumatlarda xüsusilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin adları hallanır.
"Bakupost"un məlumatına görə, "İnstagram"da mövcud olmuş "Telebemdi" səhifəsi bağlansa da, "TikTok" platformasında oxşar səhifələr yaradılaraq tələbələrə qarşı şantaj cəhdləri bu gün də davam etdirilir.
Məsələ ilə bağlı "Bakupost"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, universitet hadisədən məlumatlıdır:
"Tələbələr tərəfindən fərdi müraciətlər edilməsə də, ali təhsil müəssisəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda məsələ ciddi nəzarətdə saxlanılır".
"Bakupost" Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.
Lalə Novruz, BakuPost