Bu ilin 13 Dekabr tarixində Gürcüstanın paytaxtı Tbilisidə baş tutacaq “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi ictimaiyyətə təqdim olunub.
Bakupost.az xəbər verir ki, 12 yaşlı Yağmur Nəsrullayeva Azərbaycanı sözügedən müsabiqədə təmsil edəcək.
Bununla bağlı keçirilən mətbuat konfransında Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova bildirib ki, seçim üçün ümumilikdə 60-dan çox müraciət olub.
"Ən yaxşı 15 nəfər növbəti mərhələyə buraxılıb və onlardan biri də qalib olub".
Müsabiqənin seçim mərhələsində münsiflər heyətində Xalq artisti Siyavuş Kərimi, əməkdar artist Gövhər Həsənzadə, əməkdar artist Vüqar Camalzadə, arenjemançı Vüqar Baxış, əvvəlki Avroviziya təmsilçisi Samirə Əfəndi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru Cavid İmamverdiyev olub.
Qeyd edək ki, bundan öncə Azərbaycan 4 dəfə bu layihənin iştirakçısı olmuş, sonuncu dəfə isə ölkəni “One of Those Days” mahnısı ilə Sona Əzizova 2021-ci ildə təmsil etmişdir. 19 ölkə arasında 5-ci olmağı bacaran Sonanın performansı ölkənin indiyədək olan ən uğurlu çıxışı hesab edilir.