Ru
14:13 / 29 İyul 2025

Azərbaycanın “İbrahim sazişlərinə” qoşulması... - İsraildən ilginc iddia

Azərbaycanın “İbrahim sazişlərinə” qoşulması... - İsraildən ilginc iddia
Eye

İsrailin hökumətyönlü “Kanal 7” telekanalı Azərbaycanın “İbrahim sazişlərinə” qoşulması ilə bağlı geniş məqalə hazırlayıb.

Bakupost.az xəbər verir ki, kanal adı açıqlanmayan siyasi mənbəyə istinadla bildirib ki, bu istiqamətdə atılacaq addımlardan biri də ABŞ ilə Azərbaycanın yaxınlaşması üçün nəzərdə tutulmuş modeldir.

Mənbə əlavə edib ki, bu həftə ABŞ Senatının xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə respublikaçı senator Stiv Deyns Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, həmçinin Azərbaycan ilə İsrail arasında diplomatik və enerji əlaqələri barədə danışıb.

Müzakirələr zamanı Deyns SOCAR ilə İsrail arasında imzalanan qaz sazişindən bəhs edərək bildirib ki, bu saziş enerji təhlükəsizliyini möhkəmləndirəcək. O əlavə edib ki, Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Diklə də görüşüb və Bakı ilə Qüds arasında tarixi əməkdaşlıqdan təsirləndiyini bildirib.

ABŞ-nin İsraildəki keçmiş səfiri Daniel Şapiro da həmin Senat dinləmələrində çıxış edərək Azərbaycanın “İbrahim sazişləri”nə qoşulmaq potensialını izah edib:

“Bəzən insanlar soruşurlar: “İbrahim sazişləri” necə genişlənə bilər? Bəlkə də Azərbaycan? Azərbaycan artıq uzun illərdir ki, İsraillə diplomatik münasibətləi saxlayır və bu razılaşmalardan xeyli əvvəl İsraillə əlaqələri olan aparıcı müsəlman ölkələrindən biridir. Azərbaycanın bu razılaşmalara qoşulmasının strateji əhəmiyyəti danılmazdır. İsrailin digər ərəb və müsəlman ölkələri, o cümlədən Cənubi və Mərkəzi Asiyadakı bəzi dövlətlərlə əlaqələrinin möhkəmlənməsi üçün də burada körpülər qurmaq potensialı mövcuddur.”

Eyni zamanda mənbə bildirir ki, ABŞ və Azərbaycan prezidentləri arasında yaxınlaşma müşahidə olunur.

Bu həftə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da Azərbaycan Prezidenti İlham Əliyevin çıxışının videosunu paylaşaraq, Əliyevin onu bəyəndiyini nümayiş etdirib.

Qeyd olunur ki, Tramp ilk dəfə olaraq xarici dövlət başçısının çıxışını öz sosial şəbəkəsində paylaşıb. Bu iki lider arasında xüsusi münasibətin göstəricisi kimi qiymətləndirilir.

Mənbə Vaşinqton ilə Bakı arasındakı münasibətlərin artıq bir müddətdir ki, istiləşdiyini bildirir.

2025-ci ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 600 milyon dollara yaxın olub ki, bu da ötən illə müqayisədə 36% artım deməkdir.

Azərbaycan Xəzər dənizindən Cənubi Avropaya qaz nəql edən enerji dəhlizinin əsas mərkəzinə çevrilib və bu, Avropanın Rusiyadan qaz asılılığını azaltmaq səyləri baxımından olduqca vacibdir.

Bildirilir ki, ABŞ administrasiyası Şərqi Avropa və Mərkəzi Asiyadakı təsirini yenidən nəzərdən keçirdiyi bir vaxtda, Azərbaycan həm İsrailin tərəfdaşı, həm də yeni geosiyasi səhnədə əsas oyunçulardan biri kimi mövqeyini möhkəmləndirir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar