"Bayağı verilişlərə qadağa qoymaqla problemi həll
etmək olmaz”.
Bunu BakiPost.az-a açıqlamasında media eksperti
Zeynal Məmmədli millət vəkili, keçmiş telejurnalist Qənirə Paşayevanın
televiziyalarda bayağı, səviyyəsiz verilişlərin və toy mərasimlərinin efirə
verilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə,
Qənirə Paşayeva millət vəkili olaraq bu məəslə ilə bağlı təşəbbüslər irəli sürə
bilər: "Qənirə xanım televiziya sahəsində təcrübəsi olan şəxsdir və bir
tamaşaçı kimi də öz fikrini bildirə bilər. Hesab edirəm, millət vəkili olduğu
üçün Qənirə xanım çox maraqlı təşəbbüslər irəli sürə bilər ki, Azərbaycanda da
tamaşaçı cəmiyyətləri olsun. Yəni, verilişdə hansı proqram ritmi çatmırsa,
proqram formatına ehtiyac varsa, sanki ictimai rəyi ona alışdırmaq və belə bir
ictimai rəy basqısı yaratmaq lazımdır. Bu, məhəllə basqısı və ya qışqır-bağır
deyil. Sadəcə cəmiyyətin ehtiyac duyduğu biçimləri əsaslandırmaqdır. Bu tipli
şeylərlə irəli getmək olar. Amma qadağa yolu çox mənasızdır. Belə şeylər
uçuruma aparır. Lakin əsaslandırmaq, alternativ vermək, yarış göstərmək
mümkündür”.
Media eksperti bildirib ki, bu məsələdə millət vəkilləri,
jurnalistlərlə yanaşı, Milli Teleradio Şurası da təşəbbüskar olmalıdır: "Bunu qadağa
etmək şəklində etməməlidir. Televiziyalarla bağlı müsabiqələr olur, tenderlər
keçirilir. O tenderlərdə prodokşnlara üz tutur. Bu sahədə təcrübəsi olan və
olmayan həvəskarlar belə komanda ilə öz təkliflərini verə bilər. Həmin qalib
üçün alternativ proqram hazırlasın. Amma doğrudan da bizim televiziyalara
baxanda görürsən ki, bir çox proqramlar üz qızardıcıdır”.
Zeynal Məmmədli bildirib ki, uşaqlar və gənclər üçün
olan verilişlərdə, televiziya filmlərində də biabırçı hallar çoxdur: "Xüsusilə
dövlətdən maliyyələşən kanallarda bu hal var. Parlament daha çox pulu dövlətdən
alıb ortaya bir şey çıxarmayan kanalları müzakirə etməlidir. AZTV və ya İTV
hansı örnək proqramlar verir ki, özəl kanallar da bunu əsas götürsün? Məsələni
bu istiqamətə yönəltmək lazımdır. İctimai rəyi formalşdırmaq lazımdır”.
Sevinc Yasinqızı
Bakı Post