Ru
23:31 / 27 Fevral 2026

Bağlanan verilişlər, müharibədə itən meyxanaçı və məsum eşq hekayəsi – MƏTN – VİDEO

Bağlanan verilişlər, müharibədə itən meyxanaçı və məsum eşq hekayəsi – MƏTN – VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bkupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 14-cü buraxılışının yazılı variantını təqdim edir.

Yatan alimlərimiz...

– Elmlər Akademiyasının iclasında adamların mürgüləməsi, yaxud yatması həftənin, bəlkə də, ən çox müzakirə yaradan hadisəsi oldu. İclaslarda belə hadisələr olur. Çox da şişirtmək lazım deyil. Müxtəlif münasibətlər müşahidə etdik sosial platformalarda. Bəziləri dedi, mətbuat bunu niyə yayıb. Təbii, bu gülməli idi. Mətbuatın işi elə bu deyilmi? Çəkmək və göstərmək. Çəkdiyi və göstərdiyi gündəmə çevrilirsə, bu mətbuatın uğurudur. Bizdə köhnədən qalan – güzgüyə hücum ənənəsi var. Nə edirsən gizlin elə. Gizlində olar. Açıb-ağartma.

İkinci yanaşma alimlərin müdafiəsinə qalxmaq oldu: şox işləyirlər, yorğundurlar, iclas uzun çəkib və s. Bu münasibəti başa düşmək olar. Çünki həqiqət payı var. Doğrudan da iclaslar çox vaxt uzun çəkir, maraqsız çıxışlar olur, rəsmilik adamı yorur.

Daha sonra böyük bir kütlə alimlərin üstünə düşdü ki, bunlar heç nə yaratmır, ümumiyyətlə Azərbaycanda elmin vəziyyəti çox pisdir... Ən böyük qıcığın kökündə də, məncə, bu amil dayanırdı. Məni düşündürən və narahat edən isə bizim akademiyada çalışan alimlərin öz azad iradələrini ifadə edə bilməməsidir. Onların arasında yüksək titullu elm adamları vardı, and içirdilər ki, yatmamışdıq, fotoaparatın işığı gözümüzə düşmüşdü. Yaxud kim kimi tanıyır, kimin kimlə münasibəti yaxşıdır, onun müdafiəsinə qalxdı. Yaxşı adamdır... Yaxşı alimdir... Doğrudan da orda mənim də yaxşı hesab etdiyim, düşüncəsinə hörmətlə yanaşdığım alimlər vardı. Bizdə belədir. Ayrı-ayrılıqda çox yaxşı adamlarıq, ancaq bir yerə cəmləşəndə işlər korlanır.

Elmər Akademiyasında və bu sayaq idarələrdə inzibatçılıq çox güclüdür. Sovet dövründə akademiyalar elmdən daha çox, idarəçiliklə məşğul idi. Hətta təhlükəsizlik xidmətlərinə işləyən insanları orada yerləşdirirdilər. Təəssüf edirəm ki, sovetdən qalan bu ənənə indi də davam edir.

Alimlərin bu gün də bu rəsmiyyətçilikdən, bu inzibatçılıqdan çəkinirlər. O qorxu, o xof hələ də qalır. Ay aman, rəhbər orda çıxş edir, mən də burda yatmışam! Mətbuat isə yazır. Əksər alimlərin reaksiyasında mən bu qorxunu hiss elədim.

Azərbaycan aliminin nəinki səadəti, nəinki yaradıcılıq arzusu, hətta yaşamaq şərtləri, özünün intellektindən, yaradıcılığından və elmi fəaliyyətindən çox, rəhbərinin ona münasibətindən, çox zaman isə onun mərhəmətindən asılıdır. Məhz buna görə Azərbaycan alimi daxilən azad olsa belə, öz iradəsini nümayiş etdirə bilmir. Təsəvvür edin, o qədər alimin içindən biri durub demir ki, əcəb eləyib yatmışam, dünyanın bütün iclaslarında kimsə mürgüləyə və ya yata bilər. Milli Məclisdə yatan deputatların da şəkli dəfələrlə yayılıb. Bu cür hallarla bağlı çoxlu xatirələr, məqalələr, hətta lətifələr oxumuşuq. Əslində, bu hadisəni də pozitiv enerjiyə, xoş bir zarafata çevirmək olardı. Amma inzibati zəhm imkan versəydi. Alimlər iradə göstərsəydi.

Geniş kütlə də uzun illər məhz bu qorxu, bu inzibati nəzarətlə tərbiyə olunub. Ona görə, alimlərin rəsmi iclasda mürgüləməsi və ya yatması onlara dəhşətli bir hadisə kimi gəlir.


Rəyasət heyətinin iclasında ötən ilin hesabatı ilə Ramiz Mehdiyevin akademiyadan çıxarılması məsləsi qoyulubmuş. Bu faktı oxuyanda öz-özümə düşündüm ki, bəlkə də, bir elm ocağının bu qədər siyasiləşməsinə ən böyük etiraz elə yatmaqdır!

Dilini çıxarıb şəkil çəkdirən həmyerlimiz...

– Akademiya məsləsinin müzkirəsi zamanı Amerikada masterlik keçən bir professor qərbdəki alimlərin də uzun iclaslarda yatdığını yazmışdı. Bu münasibət bir dotumun başına gələn əhvalatı yadıma saldı. O bizim akademiyada kvant fizikası ilə məşğul olurdu. Əlbəttə, komediya elə buradan başlayır. Azərbaycanlı alim və kvant mexanikası...

O, Eynşeynə sevgisindən onun kimi dilini çıxarıb şəkil çəkdirmiş, feysbukda paylaşmışdı. Müdiri dərhal çağırdı. Dedi, bizim ictimai nüfuzumuza niyə xələl gətirirsən? Dostum Eynşteyni misal çəkdi. Müdiri gənc alimə dahiyanə bir söz söylədi. Dedi, ay oğul, get, nisbilik nəzəryyəsi demirəm, fotoelektrik effekti demirəm, xırdaca bir kəşf elə, ondan sonra istəyirsən küçədə tumançaq gəz, sənə bir söz desəm, adam deyiləm.

Tolikin və Elgizin verilişi bağlandı...

– Dünya dağıla ağlıma gəlməzdi ki, gün gələr, haradasa Toliki müdafiə edərəm. Bu gün, indiki vəziyyətdə tam səmimi olaraq Tolikin və Elgizin yanındayam. Bu verilişlərin tamaşaçısı var. İnsanlar bu verilişləri seçir. Biz demokratik ölkədə yaşayırıqsa, bu böyük çoxluğun seçiminə hörmətlə yanaşmalıyıq. Milli-mental dəyərlər indi yada düşdü? İllərdir axı bu verilişlər gedir. Özünə bəlli bir auditopriya yığıb. Tamaşaçı yetişdirib. Baxırlar. Sevirlər. Hətta nəinki sevirlər, Tolikə, Elgizə, Zaura, Xoşqədəmə ümid yeri kimi baxırlar. Xüsusən əyalətdəki acgöz, qaniçən məmurları onlarla hədələyirlər. Təbii, bu verilişlərin məqsədi və məramı adamlara kömək etmək deyil. Bir problemi həll edib, yüzündən baxış yığır, pul qzanırlar. Bunu alnamaq üçün dahi olmağa ehtiyac yoxdur. Ancaq insanların onlara ümid yeri kimi baxması bir reallıqdır. Bəli, Toliki milyonlar seçir. Bəli, aşağı səviyyəldir. Bəli, bayağıdır. Şəxsən məni beşcə dəqiqə onun verilişinə baxmağa məcbur eləsələr, bunu Çin işgəncəsi kimi qəbul edərəm. Amma bu mənə milyonların seçiminə həqarətlə yanaşmaq haqqı vermir. Bu gün həqiqət Tolikin yanındadır.

Demokratik düşüncə onun tərəfindədir. Tolikin tamaşaçısı var və vəzifəyə getməsi ilə xəbərlər də buna görə yayılır. O öz auditoriyasına görə, çoxlu sposorla işləyir.

Toliklərlə mübarizə inzibati yolla, qadağalarla aparılmamlıdır. Efirə qoymayacqsan, tamaşaçı başqa bir Tolik tapacaq. Çünki bu boşluq dolamalıdır. Bəzən televiziyalardan danışırıq, misal üçün, Mir Şahin Ağayev çıxıb deyir ki, gedin, bildiyiniz işlə məşğuıl olun. Amma biz bu sahədən nə qədər bixəbər olsaq da, bilirik ki, televiziyanın gücü saat 9-un ana xəbər bületenindədir. Ordakı rəngarəng, fərqli, alternativ fikirlərdədir. Cəmiyyəti nəq qədər dürüst, nə qədər obyektiv göstərməsindədir. Bu gün Azərbaycan efiri öz müstəqilliyi və obyektivliyi ilə tamaşaçını əsas xəbər buraxılışına bağlaya bilmirsə, Tolikə baxacaqlar, söyüş söyən yutub kanallarına baxacaqlar.

Vaxtında problemə göz yuma-yuma gəlib bura çıxmışıq, görürük vəziyyət qəlizdir, keçirik ən asan yola – qadağaya! Halbuki biz heç olmasa indi düşünməliyik. Axı bu qədər insan niyə Tolika baxır? Deyə bilərsiniz ki, dünyanın hər yerində şou verilişlərinə çox baxırlar. Ama dünyada kitab oxuyanlar da yetəri qədərdir, tamaşaya gedənlər də, ciddi kinoya baxanlar da. Son dövrlər bizim efirlərdən bir dənə də ciddi tənqid eşitmirik. Belə bir qeyri-səmimi şəraitdə insan nə etsin?

Bu, ciddi problemdir və ciddi araşdırılmalıdır.

Ukraynada itkin düşən meyxanaçı...

– Bəli, belə bir acı xəbər... Vahud Qədimi biz ANS-dəki “De, gəlsin” meyxana yarışmasından tanıyırıq. Xəbər tam təsdiqini tapmadığı üçün internetdə bir balaca axtarış apardım. Nələr çıxmadı? Adamı dələduzluğa görə interpol axtarırmış. Sevgilisini bıçaqlayıb qaçması haqda materiallar gördüm. İndi isə belə. Meyxananın başqa hara aparıb-çıxaracaq? Narkotik, dələduzluq, bıçaqlaşma. Çünki kriminal mahiyyətlidir. Yaradılışında var bu xüsusiyyət.

Tüstü-duman, ritm-gurultu. Ədalətsiz, işğalçı tərəfdən savaşa girmək özü də kriminal elementdir. Ancaq səbəb nə olur-olsun bir Azərbaycan vətəndaşının Rusiya tərfədən Ukraynaya qarşı döyüşməsi və orada itkin düşməsi tək bir şəxsin yox, bütün ölkənin faciəsidir. Ümid edirəm, xəbər yalan çıxar.

Roman... Muzey... Serial...

– Nəhayət, sonda pozitiv bir mövzumuz da oldu. Söhbət bu ay “Netflix”də yayımlanan “Məsumiyyət muzeyi” serialından və serialın Azərbaycan seqmentində də əkls-səda doğurmasından gedir. Ekran əsəri Nobel mükafatçısı, dəyərli Orxan Pamukun eyni adlı romanı əsasında “Ay” prodakşn tərəfindən çəkilib. Romanı oxumaq, eyni adlı muzeyi ən azı onlayn gəzmək, üstəlik seriala baxmaq, serialın ardınca Orxan Pamukun serial haqda müshibəsini dinləmək, daha sonra yaradıcı qrupun söhbətlərinə qulaq asmaq doğrudan da inanılmaz bir zövqdür. Mən də hamısını maraqla izlədim. Hətta Orxan Pamukun bir səhvini də tutdum (gülüş). Deyir, romanda baş qəhrəmanın daxili dünyasını yazmq asandır, amma görüntü həllini vermək çətindir. Serial isə baş qəhrəmanın yazıçıya öz həyatını danışması, yəni kadrarxası səs üzərində qurulub. Harda çətinə düşüblər, Kamal bəyi (əsas obraz – red.) asanlıqla danışdırıblar. Və bu, kinoda, serialda mənim xoşlamadığım bir fənddir. Lakin serialı ümumilikdə uğurlu hesab edirəm. Dünyada məşhur əsələrin nadir hallarda uğurlu ekran həllini görürük. Elə bu serialdan dərhal sonra Qabrilel Markesin məşhur tromanı əsasında çəkilmiş “Yüzillik yalqızlıq” serialına baxdım və heç bəyənmədim.

Məncə, Orxan bəyin müshibəsi serialın özündən də maralıdır. Sən demə, əvvəl “Məsumiyyət muzeyi”nin ekranıaşdırılması üçün “Hollivud”la müqaviə bağlayıb, hətta anvans da alıbmış. Müqvilənin şərtlərinə görə, süjetin dəyişdilməsinə razılaşıb. Füsun (ikinci baş qəhrəman – red.) senariyə görə hamilə qalır və süjet tamam fərqli istiqamət alır.

Müəllif bu vəziyyətdən narahat qalır, hüquqşünaslarla məsləhətləşir və məlum olur ki, məşhur romanlarla bağlı istisna hallar var. Pamuk ona verilən avansı geri qaytararaq müqviləni pozur. Səbəbini isə belə izah edir: “Mən oxucularıma xəyanət edə bilməzdim!” Təsəvvür edirsiniz? Mən bu məqamda Orxan Pamuku özüm də daxil bütün Azərbaycan yazıçılarına, xüsusən də şəxsi mənafeyi üçün hər addımda ədəbiyyatı qurban verən yaşlı yazıçılara nümunə göstərirəm.

Gözünüzə su verin. Baxın, görün, ədəbiyyata hansı vicdanla, hansı ləyaqətlə yanaşan insnalar var. Pamukun oxunma səbəbi də budur. Pamuku hamımız buna görə sevirik. Onu ədəbiyyata inandığına görə sevirik. Yazdığına inandığına görə sevirik. Və o qədər inanıb ki, eyni vaxtda romanın muzeyini yaradıb. “Məsumiyyət muzeyi” dünyada həm roman kimi yazılan, həm də muzey kimi tikilən yeganə eşq hekayəsidir. Hamınızı serialı izləməyə və Orxan Pamukun serial haqda söhbətini dinləməyə dəvət edirəm.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar