Bakı-Tiflis-Bakı sərnişin qatarının açılması məsələsi hələ də müəyyən suallar doğurmaqda davam edir. Bu suallar özünü xüsusən də qiymət məsələsində göstərir.
Gürcüstana gediş 81 manata başa gələcək. Bundan başqa, bura 12 manat sığorta haqqı da əlavə edilir. Amma bunlar səslənən rəsmi rəqəmlərdir. Eyni zamanda, başqa fərqli məbləğlər də göstərilir.
Digər tərəfdən, atılan addım sanki turizm üçün nəzərdə tutulub. Sadə insanların sosial vəziyyətinə isə o qədər də diqqət yetirilməyib. Bu əsasda qiymət əsaslandırılmasının da doğru olmadığı bildirilir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli
Bakupost.az-a bildirib ki, Bakı-Tiflis qatarı üçün ilk baxışda 45 manatlıq qiymət daha balanslıdır:
“Bir sərnişinin daşınmasının təxmini maya dəyəri 35 manat civarındadırsa və bunun üzərinə dövlət şirkəti kimi normal əməliyyat ehtiyatı və məsələn 20 faiz əlavə qoyulursa, 40-45 manat aralığında qiymət ilk baxışda daha sosial və balanslı görünə bilər. Xüsusilə də Azərbaycan kimi orta aylıq maaşın təxminən 1100 manat olduğu ölkədə 90–100 manatlıq qatar bileti insanların gəlirinə nisbətdə kifayət qədər ağır yükdür.
Amma ekspertin sözlərinə görə, məsələ yalnız “bir sərnişinin yanacaq və xidmət xərci” ilə ölçülmür:
“Dövlət dəmir yolu şirkətləri bir çox hallarda kommersiya şirkəti kimi tam mənfəət yönümlü işləməsə də, özlərini qismən maliyyələşdirməyə çalışırlar. Çünki beynəlxalq xəttin xərcləri görünəndən daha böyük olur. Buraya yalnız vaqon və elektrik yox, həm də illərlə qurulmuş infrastrukturun saxlanması, relslərin yenilənməsi, lokomotivlərin amortizasiyası, beynəlxalq koordinasiya, sərhəd prosedurları, təhlükəsizlik sistemi, ehtiyat lokomotivlər, gecə qatarı personalı və boş reys riskləri daxildir. Qatar hər dəfə tam dolu getmirsə, boş qalan yerlərin xərci də digər sərnişinlərin bileti hesabına bağlanır”.
Mərkəz sədri qeyd edir ki, bəzi hallarda qiymət siyasəti iqtisadi yox, strateji qərar olur:
“Məsələn, dövlət düşünə bilər ki, bu xətt əsasən orta gəlirli turistlər, biznes səfərləri və rahatlıq istəyən insanlar üçün nəzərdə tutulmalıdır. Bu halda qiymət bilərəkdən daha yüksək saxlanılır ki, xidmət öz xərcini daha tez çıxarsın və dövlət büdcəsinə yük azalsın. Yəni burada məqsəd maksimum əlçatanlıq yox, “özünü maliyyələşdirən beynəlxalq marşrut” modeli ola bilər”.
Amma bütün hallarda müsahibimizə görə, müqayisə aparanda ən güclü arqument maaş məsələsidir:
“Avropada insanlar 80–100 avroluq qatar biletini aylıq gəlirin kiçik hissəsi kimi görür. Azərbaycanda isə 80 manat bəzən bir insanın bir həftəlik ərzaq xərcinə bərabərdir. Buna görə də Avropada normal görünən qiymət Azərbaycanda sosial baxımdan baha qəbul edilir. Elə buna görə insanlar maya dəyəri ilə son qiymət arasındakı fərqi daha həssas qarşılayırlar".
A.Nəsirlinin fikrincə, dövlət sözügedən xətti sosial layihə kimi nəzərdə tutsaydı, güman ki, biletlər 45 manat ətrafında olacaqdı:
“Bu halda həm Gürcüstandakı azərbaycanlı ailələrlə əlaqələr daha aktiv olar, həm turizm genişlənər, həm də daha çox insan təyyarə əvəzinə qatar seçərdi. Çünki qatarın əsas üstünlüyü yalnız sürət deyil, əlçatanlıq və rahat hərəkət imkanıdır.
Ona görə vətəndaşların iradı tam əsassız deyil. Sadəcə görünür ki, ADY bu marşruta daha çox kommersiya və özünü maliyyələşdirmə prizmasından yanaşır, vətəndaşların alıcılıq qabiliyyəti prizmasından yox. Buna görə də insanlar qiyməti “maya dəyərinə görə yox, maaşa görə baha” hesab edirlər”.
Rüfət Sultan, BakuPost