Ru
10:18 / 26 Fevral 2026

“Bakı və İrəvan bir-birinə siyahı verib” – Erməni nazirdən açıqlama

“Bakı və İrəvan bir-birinə siyahı verib” – Erməni nazirdən açıqlama
Eye

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkənin yanacaq bazarındakı vəziyyətə münasibət bildirib. O, qiymət dalğalanmalarını Azərbaycandan idxal olunan benzinlə əlaqələndirib.

Bakupost.az xəbər verir ki, nazir sözlərinə görə, 430 dram (1,96 manat) qiymətinə satılan benzinə tələbat yüksək olduğundan qısa müddətdə tükənir. Yanacaq bitdikdən sonra isə digər növ benzinlərin qiyməti artır.

“İdxal həcmi nə qədər çox olarsa, yanacaq da bazardan bir o qədər tez yox olur, çünki istehlakçılar daha ucuz benzini fəal şəkildə alırlar. Azərbaycan benzini tükənən kimi digər yanacaq növlərinin qiyməti yüksəlir”, – deyə Papoyan bildirib.

Bundan əvvəl məlumat verilmişdi ki, 2026-cı ilin yanvarında Azərbaycandan Ermənistana benzin və dizel yanacağının idxalı 2 milyon 403,6 min dollar təşkil edib.

Hazırda pərakəndə satışda Aİ-95 markalı benzinin qiyməti təxminən 460 dram (təqribən 2,1 manat), Aİ-92 markalı benzinin qiyməti isə 440 dram (təxminən 2 manat) səviyyəsindədir.

Nazir vurğulayıb ki, qiymət sabitliyinə nail olmaq üçün daha əlçatan yanacağın tədarük həcmləri artırılmalıdır.

Papoyan həmçinin bildirib ki, Ermənistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin yüz milyonlarla dollara qədər artmaq potensialı var. Onun sözlərinə görə, Azərbaycan tərəfi erməni tərəfdaşlara ixrac üçün məhsul siyahısı təqdim edib, İrəvan da Bakıya öz siyahısını göndərib.

“Hələlik, belə desək, ciddi rəqabət üstünlükləri yoxdur. Əlbəttə, müəyyən məqamlar, psixoloji amillər də var… Ticarət olacaq”, – deyə nazir qeyd edib.

2025-ci ilin noyabrında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 35 ildən sonra ilk dəfə olaraq 1050 tonluq Rusiya buğdası partiyası göndərilmişdi. Həmin ilin dekabrında isə ilk Azərbaycan yükü – 1218 ton Aİ-95 markalı benzin daşıyan 22 vaqon Ermənistana çatmışdı. 7 yanvar 2026-cı ildə benzin və dizel yanacağını əhatə edən 7600 ton həcmində yeni yanacaq partiyasının göndərildiyi açıqlanmışdı. Papoyanın yanvarın sonunda bildirdiyinə görə, İrəvan Bakı ilə Rusiyadan mayeləşdirilmiş qaz və bitumun dəmir yolu ilə Azərbaycan üzərindən tədarükü barədə razılığa gəlib.

Qeyd edək ki, dünən Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı yola salınıb.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar