Bakıda tort hazırlayıb satan şəxslər dələduzluq qurbanına çevrilir.
Bakupost.az -ın məlumatına görə, fırıldaqçılar özlərini həkim kimi təqdim edərək müxtəlif xəstəxanaların və həkimlərin adından tort sifariş edirlər.
Şikayətçilərin bildirdiyinə görə, dələduzlar tort istehsalı ilə məşğul olanlara zəng edərək konkret xəstəxananın əməkdaşı olduqlarını bildirir, tortun taksi və ya kuryer vasitəsilə gətirilməsini istəyirlər. Tort ünvana çatdıqdan sonra həmin şəxslər bəhanə ilə pul tələb edirlər:
“Çox təəssüf, bu dəfə Sumqayıtda işləyən “həkim” xanım bu hərəkəti etdi. Tortu mümkün qədər tez istədi. Pulun nağd olduğunu və ilkin ödəniş edə bilməyəcəyini dedi. Güvəndim, hazırladım. Tortu istədiyi ünvana çatandan sonra “məndə 200 manatlıqdır, siz pulun qaliğını bu koda göndərin, sonra tortu götürərəm” dedi. "Bizdə xırda var" deyəndə isə nömrələrimizi bloka atdı. Artıq o koddan məlum oldu ki, xanım nə işlə məşğuldur. Ayıb olsun, qarşısındakının əziyyətini heçə sayanlara”, - deyə zərərçəkənlərdən biri qeyd edib.
Məlumata görə, eyni sxemlə artıq bir neçə tortçu aldadılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bakupost.az -a açıqlamasında bildirdi ki, sosial şəbəkələrdə onlayn satış edən vətəndaşları müştəri adı altında aldadan, yalan vədlərlə maddi ziyana salan şəxslərlə bağlı daxil olan məlumatlar polis tərəfindən araşdırılır:
“Aparılan araşdırmalarla həmin şəxslərin kimliyi müəyyən edilir və onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, onlayn ticarət zamanı ehtiyatlı olun. Tanımadığınız, etibar etmədiyiniz şəxslərə əvvəlcədən ödəniş etməyin.
“Çatdırılma üçün öncədən pul göndər”, “şipinq üçün ödəniş et”, “rezerv üçün kapora lazımdır” kimi müraciətlər dələduzluğun klassik üsullarıdır.
Heç bir halda şəxsi məlumatlarınızı, bank kartı detallarınızı və ya hesab girişlərinizi paylaşmayın. Şübhəli hal gördükdə dərhal polis orqanlarına məlumat verin”.
Lalə Novruz, BakuPost