Bakıda kuryer işləmək üçün motosiklet oğurlayıb.
Bakupost.az Lent.az -a istinadla xəbər verir ki, hadisə Yasamal rayonu Əsəd Əhmədov küçəsində qeydə alınıb.
27 yaşlı Ceyhun Alməmmədov (ad və soyad şərtidir) kənar şəxslərin azad girib-çıxdığı binanın zirzəmisində motosiklet görərək, onu oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə səhər saat 7 radələrində həmin ünvana gələrək, ümumi dəyəri 4 min manat olan motosikleti oğurlayıb.
Bu əməlinə görə, Ceyhun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, kuryer kimi fəaliyyət göstərdiyi üçün ona motosiklet lazım idi. Lakin nəqliyyat vasitəsini almağa pulu olmayıb. Ceyhun Alməmmədov əlavə olaraq deyib ki, əməlindən peşmandır və zərərçəkənə dəymiş ziyanı tam ödəyib.
Yasamal rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə Ceyhun Alməmmədov barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.