Tez-tez sosial şəbəkələrdə Bakıda kuryerlərin üzləşdiyi problemli hallar onların öz paylaşımları ilə gündəmə gəlir. Son belə hadisələrdən biri 12 ildir bu sahədə çalışan kuryer Taleh Məhərrəmovun paylaşımı ilə diqqət çəkib.
Onun sözlərinə görə, sifariş verən şəxs yeməyi təhvil almaq üçün onu dənizin ortasına çağırıb. Müştəri ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, ünvanı dəqiqləşdirmək mümkün olmayıb. Nəticədə kuryer sifarişi çatdıra bilmədiyi üçün gətirdiyi yeməyi özü yemək məcburiyyətində qalıb.
T.Məhərrəmov bildirir ki, bu, onun qarşılaşdığı ilk belə hal deyil. O qeyd edir ki, bu sahədə mövcud olan boşluqlar bəzi müştərilərin kuryerlərə qarşı məsuliyyətsiz və hörmətsiz davranmasına şərait yaradır.
Bəs bu kimi halları hüquqi baxımdan necə qiymətləndirmək olar? Problemlərin qarşısını almaq üçün hansı mexanizmlər tətbiq olunmalıdır?
Mövzu ilə bağlı
“Bakupost”a Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, kuryer əmək müqaviləsi ilə işləyirsə, bütün bu məsələlər həmin müqavilədə aydın şəkildə tənzimlənməlidir:
“Onun əmək hüquqları, əməkhaqqısı və əlavələri müqavilədə əks olunmalıdır. Məsələn, kuryer öz günahı olmadan sifarişi ünvana çatdıra bilmədikdə məsuliyyətin kimə aid olduğu əvvəlcədən müəyyənləşdirilməlidir. Əgər əmək müqaviləsi yoxdursa, bu halda mülki-hüquqi müqavilə bağlanmalı və tərəflərin hüquq və vəzifələri orada dəqiq göstərilməlidir.
Bu kimi hallar müqavilə ilə tənzimlənməzsə, əlbəttə, problemlər qaçılmaz olur. Digər tərəfdən, kuryerin də məsuliyyəti müəyyən edilməlidir. Məsələn, sifarişi üzrsüz səbəbdən gecikdirdikdə, məhsul zədələndikdə və ya yararsız hala düşdükdə onun maddi məsuliyyəti necə olacaq, bütün bunlar müqavilədə öz əksini tapmalıdır”.
Lalə,
BakuPost