Bakının Xəzər rayonunda 1984-cü il təvəllüdlü Tural ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Rəhiləyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Bakupost.az Demokrat.az-a istinadla xəbər verir ki, hadisə rayonun Türkan qəsəbəsində baş verib. Tural 1960-cı il təvəllüdlü anası Rəhilə mübahisə edib. Bu zaman oğul anasına xəsarət yetirib.
Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, anası ilə birlikdə eyni ünvanda yaşayır: “Bir müddətdir ki, anam ilə münasibətlərimiz pozulub. Buna səbəb 2-ci dəfə ailə həyatı qurmam olub. Məlum hadisə günü, təxminən saat 12 radələrində anam məni söydü, qarğış edərək dəstəmaz aldığı su qabında sabunla kimin əl yumasını soruşdu. Mən bundan xəbərim olmamasını dedim. Bundan sonra anam yenidən söyüş söyərək mənə və həyat yoldaşım Gulaya qarğış etməyə başladı. Həmin vaxt əsəbləşərək anamın üzərinə getdim, nəyə görə qarğış etməsini soruşdum. Cavab almadığıma görə əlim ilə anamın sol və sağ qol nahiyələrinə, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirdim”.
Rəhilənin sözlərinə görə, məlum hadisə günü təxminən saat 12 radələrində yaşadığı mənzildə namaz qılmaq məqsədilə dəstəmaz alıb: “Bu zaman oğlum Turalın arvadı Gulayın dəstəmaz aldığım su qabında sabunla əllərini yumasını və həmin sabunlu suyun güllərin dibinə getməsini gördüm. Oğluma öz iradımı bildirərək nəyə görə arvadının sözümə baxmamasını soruşdum. Əsəbləşərək Turalı söydüm. Otaqda olan oğlum da əsəbləşərək üzərimə gəldi və nəyə görə onu söyməyimi soruşdu. Əli ilə sol ayaq, sol və sağ qol nahiyələrimə, baş və bədənimin müxtəlif nahiyələrinə zərbələr endirərək xəsarətlər yetirdi”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş də oğlunu bağışladığını, ona qarşı şikayəti olmadığını deyib.
Bundan sonra hökm çıxaran hakim onların barışmasını, şikayətçi olmamasını nəzərə alıb. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.