Bakıda bir qadının adına kiber müdaxilə yolu ilə 18 min manat kredit rəsmiləşdirilib.
Bakupost.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş qadının telefonuna M10 platforması üzərindən kiber müdaxilə edilərək adına “Kapital Bank” vasitəsilə 18 min manat kredit rəsmiləşdirilib və vəsait dəqiqələr içində naməlum istiqamətə köçürülüb.
“Həmin xanım heç bir zaman M10 istifadəçisi olmayıb və tətbiq telefonuna kiber cinayətkarlar tərəfindən yazılıb.
İş üzrə faktlar:
1. Cinayət işi açılıb, müdaxilə Gürcüstan nömrəsi ilə türklər tərəfindən edilib.
2. Həmin müdaxilə edən şəxslərin səs yazıları var ki, xanıma zəng edərək başqa mövzuda danışıb və həmin ərəfədə kredit rəsmiləşdiriblər.
3. Ekspertiza müəyyən edib ki, xanımın telefonuna həmin müdaxilə zamanı 3 naməlum qurğu qoşulub və OPT kodları da hansı qurğu tərəfindən daxil edildiyi məlum deyil.
4. Xanım ümumiyyətlə kredit götürmək niyyəti, bəyanı və idarəsi olmayıb. Kiber müdaxilə edilən kimi hesablarının mövcud olduğu bank filialına dərhal məlumat verib.
5. Hüquqda hər kəs bilir ki, müqavilənin mövcud olması üçün iradə və bəyan olmalıdır. Niyyət olmalıdır”.
Vəkil bildirib ki, bütün bu faktlara baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi iddianı rədd edib:
“Proses düz 9 ay davam etdi. Ekspert rəyindən sonra bu iş dərhal yekunlaşmalı idi. Nədənsə məhkəmə işi yekunlaşdırmırdı”.
Aqil Layıc əlavə edib ki, dünən bank kartlarına edilən kiberhücumlar bu sahədə ciddi boşluqların mövcud olduğunu bir daha göstərir:
“Zərər görən isə ehtiyac içində olan vətəndaşlardır. Banklara qarşı iddialar isə əsassız şəkildə məhkəmələr tərəfindən rədd edilir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsini alan kimi əlavə məlumat verəcəyəm. Bu qədər fakta zidd gedərək iddianı necə rədd etmək olar?
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, deyim ki, xəbəriniz olsun. Vətəndaş hüquqlarının müdafiəsi üçün hara müraciət etsin? Cavab verə bilərsiniz ki, yuxarı instansiyalar var, şikayət verin. Niyə axı, niyə? Harada yazılıb ki, mütləq şəkildə birinci instansiya məhkəməsi açıq-aşkar ağa qara deməlidir?
Yuxarı instansiyada bu səhvlər düzələnə qədər vətəndaş niyə stresdə, maliyyə böhranında qalmalı, xərclər çəkərək hər dəfə prosesə gəlməlidir? Niyə vətəndaş hər dəfə dövlət rüsumu ödəməlidir?”.
Lalə Novruz,
BakuPost