Bu günün iqtisadi sistemi insana hər şeyin sahibi olmaq imkanı verməklə yananşı, sahib ola bilmədiklərini kirayə götürmək şansı da verir.
Ev, maşın, torpaq, hətta paltar alacaq qədər pulunuz yoxdursa, kirayələyə bilərsiniz. Yaxud da əksinə, başqalarında olmayıb sizdə olan bir çox şeyi kirayə verı bilərsiniz. Sosial şəbəkələrdə də bu cür elanlarla tez-tez qarşılaşırıq. Son vaxtlar isə ən çox diqqət çəkən kirayə verilən bədənlərdir.
Bəli, məhz bədən! Sizin üçün bəlkə o qədər də “dəyərli” görünməyən bədən başqaları üçün ya ümid, ya macəra, ya da cinayət yolu ola bilər.
Söhbət ana olmağa yaşı, sağlamlığı imkan verən qadınlardan gedir ki, buna müasir dildə “surroqat”, yaxud “daşıyıcı ana” deyirlər.
Dünyada surroqat analıq iki yolla həyata keçirilir. Birincisində qadının yumurtalıqlarından istifadə edilir ki, buna dair elanlar sosial şəbəkələrdə boy-boy paylaşılır. Yəni qadın bədənini yox, yumurtalıqlarından alınan folekulu satır.
İkinci üsul isə birbaşa daşıyıcı analığı özündə ehtiva edir. Uşaq sahibi ola bilməyən cütlüklər, müxətlif səbəblərdən övlad dünyaya gətirə bilməyən və ya bunu öz bədəni ilə etmək istəməyən qadınlar üçüncü bir şəxsin, yəni qadının bədənini kirayə götürür, kişidən alınan sperma və qadından alınan yumurtalıq daşıyıcı sayılan qadının bədəninə yerləşdirilir. Bundan sonra qadın kirayə verilən bədənində onunla heç bir bioloji bağlılığı olmayan körpəni 9 ay sonra valideynlərinə təhvil vermək üçün böyüdür. Azərbaycanda surroqatlıq nə qadağadır, nə də qanuni. Prosesi tənzimləyən hüquqi qanunvercilik mövcud deyil, amma bu, o demək deyil ki, Azərbaycanda surroqat analar yoxdur. Əksinə, bunu biznesə çevirənlər də var.
Və bu biznesdə uşaq satılır!
Gürcüstan, Kipr kimi ölkələrdə daşıyıcı analıq leqal olduğundan, proses məhz həmin ölkələrdəki şirkətlər tərəfindən təşkil olunur.
Qadınlara belə biznes ortaqlığı təklif edən elanların biri ilə sosial şəbəkədə qarşılaşdım. Jurnalist marağı üstün gəldi, prosesin necə getdiyi, hansı mərhələlərdən keçdiyini öyrənmək üçün verilən əlaqə nömrəsinə zəng etdim.
Və başladı…
Dəqiqə bir, qol bir, salamdan sonra anında cəlbedici təklifi aldım. Azərbaycan dilində yazışırıq, bəllidir ki, adını sonradan öyrəndiyim “Reprolife”ın Gürcüstan təmsilçiliyində işləyən azərbaycanlılardır. Telefon nömrəsini axtarışa verirəm, Dato Qurdadze adı çıxır. Kiçik bir araşdrma göstərir ki, Dato Qurdadze və ya David Kurdadze Gürcüstanda, xüsusilə Tbilisidə fəaliyyət göstərən "Surrogate Mothers Georgia" (Gürcüstan Surroqat Analıq Mərkəzi) kimi tanınan reproduktiv tibb və surroqat analıq (daşıyıcı ana) xidmətləri göstərən agentlik/mərkəzlərlə bağlı tanınan mütəxəssis-təşkilatçıdır. Onlar bu klinikalara və surroqat analıq agentliklərinə Azərbaycan da daxil olmaqla, xarici ölkələrdən müraciət edən pasiyentlərin qəbulu, tibbi prosesin əlaqələndirilməsi, hüquqi sənədləşmə və surroqat ananın tapılması işlərini təşkil edirlər. Gürcüstanda “Səhiyyə haqqında" Qanunun 143 və 144-cü maddələrinə əsasən, buna rəsmi icazə var. Rəsmi nikahda olan cütlüklər və ya müəyyən şərtlərə cavab verən şəxslər surroqat analıq xidmətindən hüquqi müstəvidə istifadə edə bilərlər. Uşaq doğulduqdan sonra daşıyıcı ananın onun üzərində heç bir valideynlik hüququ olmur. Doğum haqqında şəhadətnamədə bioloji valideynlərin adları qeyd edilir.
Söhbətdən aydın olur ki, spermanın bədənə yerləşdirilməsi, nəzarət və doğuş Tbilisidəki “İnnova” klinikasında həyata keçiriləcək. Amma bu tək belə klinika deyil. Innovamedical.ge saytı vasitəsilə klinika ilə tanış olmaq mümkündür. “Hər ay yüzlərlə xanım pulunu alıb ölkəsinə qayıdır” - deyirlər.
Ürək döyüntüsünə görə də pul…
Danışıqdan öyrənirəm ki, qonorar yaş aralığına görə dəyişir. Qadın nə qədər cavandırsa, alacağı pul da o qədər çox olur:
* 20–30 yaş — 17 000 ABŞ dolları
* 31–35 yaş — 16 000 ABŞ dolları
* 36–38 yaş — 15 000 ABŞ dolları
Aylıq ödəniş: • 400 ABŞ dolları
Əlavə ödənişlər:
* Ürək döyüntüsünədək - gündə 10 ABŞ dolları
* Embrion köçürülən gün - +300 ABŞ dolları
* Ürək döyüntüsü günü - +400 ABŞ dolları
* 20-ci həftə (geyim xərcləri üçün) - 300 ABŞ dolları
* Qeysəriyyə əməliyyatı - +1 000 ABŞ dolları
* Əkiz hamiləlik - +2 000 ABŞ dolları
Bonuslar (həkimin göstərişlərinə tam əməl edildikdə):
* 12-ci həftəyədək - +300 ABŞ dolları
* 24-cü həftəyədək - +300 ABŞ dolları
* 38-ci həftəyədək — +300 ABŞ dolları.
Proses Azərbaycanda 50 manatdan başlayır
Daşıyıcıya rahat yaşayış şəraiti, daimi qayğı və proses boyunca tam dəstək vəd olunur. Qadınların yaşadığı mənzilin, mənzilin yerləşdiyi binanın, binanın yerləşdiyi həyətin foto və videoları göndərilir. Amma proses o qədər də rahat deyil. Qəbul edilmək üçün bir neçə etapdan keçməlisiniz. İlk növbədə sizə göndərilən 26 suallıq anketi doldurmalısınız. Anketdə boyunuz, çəkiniz, qan qrupunuz, abort əməliyyatı olunub-olunmadığınız, əvvəl dünyaya gətirdiyinzi uşağın çəkisi və s. kimi müxtəlif sualları cavablandırırsınız. Ailədəki genetik xəstəliklərlə də maraqlanırlar. Anketdəki cavablar daşıyıcı olmaq istəyən anaya imtina verilməsinə səbəb ola bilər. Anketi doldurub göndərdikdən və təsdiq cavabı aldıqdan sonra ikinci, əsas mərhələ başlayır. Qadın menstural dövrün 8, 9 və 10-cü günündə USM etdirməlidir, amma bu öz hesabına olacaq, yəni prosesə azı 50 AZN ödəməklə başlayacaq. Klinika üçün uyğun namizəd sayılarsa, Tbilisiyə gedəndə USM xərcini ödəyəcəklərini vəd edirlər. USM baryerindən keçmək üçün isə mütləq monitordan videoçəkiliş tələb edilir. Onu da öyrənirəm ki, Azərbaycanda dövlət xəstəxanalarında icbari tibbi sığorta ilə USM zamanı monitordan çəkilişə icazə verilmir, ona görə də özəl xəstəxana seçmək və bu zaman surroqat analıq üçün çəkiliş aparmalı olduğunu deməmək lazımdır.
“Bəs videoçəkiliş necə aparılmalıdır” sualına dərhal nümunə video ilə cavab alıram. Məlum olur ki, USM-də uşaqlıq, sağ, sol yumurtalıq və endimetriya göstəriciləri olmalıdır. USM olunan pasiyentin monitordan videonu necə çəkəcəyi sualını verməyə hazırlaşıram ki, çıxış yolunu göstərirlər, ya həkimin köməkçisindən xahiş etməliyəm, ya da özüm çəkməliyəm, çünki belə USM aparatlarında monitor pasiyentlə üzbəüz yerləşir.
“Bir saniyə belə uşağın üzünü görmürsünüz”
USM nəticəsi onları qane etsə, bilet alınır, Gürcüstana daxil olmaq üçün sığorta ödənilir, klinikada müayinələr aparılır, toxum yerləşdirilir. Bətninizi kimin övladının böyüməsi üçün kirayə verdiyinizi ancaq müqavilə imzalananda bilirsiniz, cütlük də sizin adınızı o zaman öyrənir. Cütlüklər əsasən Çin və Avropa ölkələrindən olur:
“Çoxu iş adamıdır, xarici ölkələrdə yaşayırlar, bəzən hədiyyələr də edirlər. Uşaq dünyaya gələndə, onu bir saniyə belə görmürsünüz. Anında uşaq alınır və bioloji valideynlərə verilir”.
“Deyirlər ki, üçüncü dəfə də gələcəklər”
Sağlamlıq vəziyyəti imkan verərsə, 2 və ya 3-cü dəfə də müqavilə imzalaya bilərsiniz:
“Bizdə ikinci dəfə gələn xanımlar var. Deyirlər ki, üçüncü dəfə də gələcəklər”.
Çoxlarını düşündürən o sualı verirəm: “Azərbaycana qayıdanda problem olmur ki?”
Cavab belədir: “Yox, heç bir problem olmur. Birinci növbədə qanunsuz iş deyil. İkinci, kim nə bilir ki? Bu işi dünyada az sayda ölkələrdə görürlər. Azərbaycanda bunun üçün lazımi hüquq baza mövcud deyil. Nə icazə var, nə də qadağa”.
Tibilisidəki klinikanın vəziyyətini öz gözümlə görmək üçün mənə bəzi videolar göndərirlər. Diqqətimi ancaq Çin dilində yazılar çəkir. Belə əsaslandırırlar ki, çinli müştərilər çox olduğuna görədir. Onu da deyirlər ki, işçilərin yarıdan çoxu azərbaycanlıdır, amma Bakıda ofisləri yoxdur, fəaliyyət ancaq Gürcüstandadır.
“Ərimi və uşaqlarımı qoyub gəlmişəm”
Narahatlığımı aradan qaldırmaq, digər suallarıma cavab almaq üçün hazırda Tbilisidə olan xanımlardan biri ilə danışmaq istəyirəm. Bu istəyimi də yerinə yetirirlər, telefondan daşıyıcı anamı, şirkətin öz əməkdaşımı olduğu bəlli olmayan bir xanımla söhbətləşirəm. Bu nömrə də Gürcüstan provayderlərinə aiddir, nömrə sahibi kimi də azərbaycanlı adı görünmür.
Məlum səbəbdən açıq yazmadığım ixtisasını deyir, həyat yoldaşı və övladlarının Azərbaycanda olduğunu bildirir. Deyir ki, ailədə heç kim Gürcüstana daşıyıcı analıq üçün getdiyini bilmir, sadəcə 20 min manat borcu var və bu pulu ödəmək üçün ailəsinə işiylə bağlı təhsil üçün Gürcüstana getdiyini bildirib. Ailəsi ilə telefonla danışanda, ancaq üzünü göstərir: “Məni bir nəfər 20 min zibilə saldı, ona görə burdayam. Qarnımla nə işləri var? Üzümü görürlər, özümü boydan göstərmirəm ki. Bilsələr, ümumiyyətlə, evdən çölə qoymazlar. Amma hər kəsin evdə demədiyi sıxıntları olur. Məndə də elə. Məndə birinci transfer tutmadı, ikinci tutdu. HCG-dən (HCG analizi hamiləliyi erkən müəyyən olunması, dölün inkişafına nəzarət etmək və bəzi sağlamlıq problemlərini yoxlamaq üçün aparılan vacib qan və ya sidik testi-müəll.) yeni gəlmişəm, 5 həftəlikdir. Hələ ürək döyüntüsünə getməmişəm”.
“Məni şantaj edən…”
Məni düşündürən sualı verirəm, dedikləri kimi azərbaycanlılar çoxdursa, kiminsə onu tanıyacağından, Bakıda ailəsinə məlumat verəcəyindən, lap sonra şantaj belə edə biləcəyindən qorxmurmu? Özündən əmin danışır: “Məni şantaj edən qələt edir. Dünya dərəbəylikdir? Onun qarnı ilə uşaq dünyaya gətirmirəm ki, (o, bu ifadəni daha loru dildə deyir) məni şantaj da edələr. Çox adama yaxınlıq etməyin, məsafə saxlayın. Zamanla kimin kim olduğunu tanıyacaqsınız. Burada hamıdan çox E… bəyə güvənin, çox yaxşı insandır. Burada E… bəy və ya G… xanım var, ikisi də çox yaxşı agentdir, gəlin, biz burdayıq, çətində qalmağa qoymarıq”.
Dediklərinin sübutu kimi mən istəmədən qaldığı evdən video göndərir, hamiləlik testinin şəklini də əlinin altında hazır saxlayıb.
Müqavilədə nəzərdə tutulan vəsaitin az olub-olmaması ilə maraqlanıram, çünki bəzi elanlarda iki dəfə artıq məbləğdən söz gedir. Cavabı belə olur ki, Gürcüstanda da 30 min dollar verən firmalar var, ancaq onlar ev vermir, dərman pulu ayırmır, yemək xərci ödəmir. Azərbaycan vətəndaşı Gürcüstanda 1 il vizasız qala bilər: “Bir il ərzində sizə heç kim dəyib dolaşan deyil. Gəlsəniz, uduzmasınız”.
Surroqatlıq fırıldaqçılığına qurban gedə bilərsiniz
Yazını oxuyub bir anlıq bədənini kirayə verib pul qazanmaq fikrinə düşənlər ola bilər. Qanunsuzluq olmadığı müddətcə kimsənin qərarlarına müdaxilə etmək fikrim yoxdur, sadəcə qərar vermədən öncə dəfələrlə düşünüb-daşınmağı tövsiyə edə bilərdim, amma bunu da etmirəm. Bu il iyulun 11-də Gürcüstan mətbuatında ölkə prokurorluğu tərəfindən yayılmış xəbər bunu mənim əvəzimdən edəcək:
“Gürcüstanda yüksək səviyyəli surroqatlıq fırıldaqçılığı işi ilə bağlı məhkəmə başa çatıb. Valideynlər və surroqat analar arasında vasitəçi kimi çıxış edən “Kinderly” şirkətinin iki təsisçisi külli miqdarda mənimsəmə ittihamı ilə 10 il həbs cəzasına məhkum ediliblər. Təxminən bir il araşdırılan iş təkcə Gürcüstanda deyil, həm də xaricdə geniş müzakirələrə səbəb olub. Aldadılanlar arasında Orta Asiya və Şərqi Avropadan olan surroqat analar da var idi. Tbilisi məhkəməsi “Kinderly”in iki təsisçisi - Armen Melikyan və Ruslan Timoşenkonu vəzifələrindən istifadə edərək əvvəlcədən sui-qəsd yolu ilə mənimsəmədə təqsirli bilib.
Şirkət adından onlar bioloji valideynlərlə müqavilələr bağlayıb, surroqat anaları tapmaq və uşağın in vitro mayalanma (IVF) yolu ilə doğulmasını təmin etmək öhdəliyini götürüblər. Beləliklə, təqsirləndirilən şəxslər Çin Respublikası vətəndaşlarından külli miqdarda pul alıblar və surroqat anaların müxtəlif xərclərini və müqavilədə nəzərdə tutulan əmək haqqını ödəmək əvəzinə, 780.000 dollardan çox vəsaiti mənimsəyiblər".
Məhkəmədə yalnız Armen Melikyan iştirak edib. Ruslan Timoşenko həbs olunmazdan əvvəl Gürcüstandan qaçıb, ona görə də onun hökmü qiyabi olaraq çıxarılıb və axtarışa verilib.
Gürcüstanın insan haqları təşkilatı “Sapari” zərərçəkən bəzi qadınların hakimiyyət orqanları tərəfindən insan alverinin qurbanı kimi tanındığını bildirib.
Məlumata görə, Melikyan və Timoşenko tərəfindən qurulan şirkət əsasən Çindən olan müştəriləri hədəf alıb, lakin surroqat analıq üçün cəlb edilən qadınlar əsasən Orta Asiya ölkələrinin vətəndaşları olub.
2025-ci ildə bir neçə qadın uşaqlarının doğulduqdan sonra şirkətin onlara vəd edilmiş müqavilə ödənişlərini ödəməməsindən şikayətlənib.
Ödəniş gecikmələri 2024-cü ilin yayında başlayıb. Qurbanlardan biri, qazaxıstanlı Anastasiya Pokolnişko bildirib ki, 2024-cü ilin noyabr ayından bəri ödəniş gözləyir. Şirkət hələ də ona təxminən 12 min dollar borcludur.
Müqavilə şərtlərini yerinə yetirmək əvəzinə şirkət nümayəndələri qadınları sosial mediada və mesajlaşma tətbiqlərində bloklayıblar, hətta açıq şəkildə təhdid ediblər. Qazaxıstanın "Səssiz olma" təşkilatı qadınların mənəvi və emosional təzyiqə məruz qalmasına dair videogörüntülər olduğunu bildirib.
Bu zərərçəkənlər şirkət haqqında sosial mediadakı reklamlardan məlumat əldə etdiklərini deyiblər. Onlara uşaq üçün 16 min dollar ödəniş, eləcə də Gürcüstana aviabilet, yaşayış yeri və normal hamiləlik üçün lazım olan kompensasiya vəd edilib. Bu şərtlərin heç də hamısı yerinə yetirilməyib. Zərərçəkənlər arasında Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynadan olan qadınlar var”.
Bu da hələ son deyil. Hazırda Gürcüstanda reproduktiv tibblə bağlı daha bir yüksək səviyyəli iş insan alveri iddiası ilə araşdırılır.
Məlumata görə, Taylanddan təxminən 100 qadın Gürcüstana aparılıb, "insan yumurtası ferması" adlanan yerdə işləməyə məcbur edilib. Onlardan üçü Tayland Kral Polisinin Xarici İşlər Departamenti tərəfindən İnterpolla əməkdaşlıq çərçivəsində xilas edilib.
Taylanda qayıdan qadınlar bildiriblər ki, onları Çin cinayətkar qrupunun üzvləri Gürcüstana aparıblar və surroqat analıq brokerləri (agentləri) adlandıran şəxslərlə tanış ediblər. Onlar qadınlara surroqat ana olduqları təqdirdə 12-17 min dollar ödəyəcəklərinə söz veriblər. Gürcüstana çatdıqdan sonra onlar aylıq yumurta (folekul) verməyə məcbur ediliblər, bütün prosedurlar klinikada aparılıb. Hələlik bu iş üzrə araşdırma başa çatmayıb.
Yəni hansısa qərarı verməzdən əvvəl yüz ölçüb, bir biçin. Pul qazanmaq istədiyiniz yerdə, qurbana çevrilə bilərsiniz.
Aygün M,
BakuPost