Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti ölkədə idarəetmənin yeni mərhələsinə keçidi elan edib.
Bakupost.az xəbər verir ki, prezidentin göstərişləri əsasında tətbiq ediləcək yeni model çərçivəsində yaxın iki il ərzində dövlət sektorlarının, xidmətlərin və əməliyyatların 50 faizi “Agentik Süni İntellekt” üzərindən fəaliyyət göstərəcək. Bununla da BƏƏ bu miqyasda avtonom sistemlərlə işləyən ilk hökumətə çevrilməyi hədəfləyir.
Bildirilib ki, süni intellekt artıq yalnız köməkçi alət deyil. Yeni yanaşmaya əsasən, AI sistemləri məlumatları analiz edəcək, qərarlar qəbul edəcək, icra proseslərini həyata keçirəcək və real vaxt rejimində öz fəaliyyətini təkmilləşdirəcək. Hökumət bu texnologiyanı xidmətlərin keyfiyyətinin artırılması, qərarların daha sürətli qəbul edilməsi və ümumi səmərəliliyin yüksəldilməsi üçün “icraedici tərəfdaş” kimi qiymətləndirir.
Açıqlamada qeyd olunur ki, transformasiya prosesi üçün konkret zaman çərçivəsi müəyyənləşdirilib – iki il. Bu müddət ərzində dövlət qurumlarının fəaliyyəti süni intellektin tətbiq sürəti, icra keyfiyyəti və idarəetmənin yenidən qurulmasında AI-nin mənimsənilməsi səviyyəsinə görə qiymətləndiriləcək.
Eyni zamanda insan resurslarının inkişafı da əsas prioritetlərdən biri kimi göstərilir. Belə ki, bütün federal dövlət əməkdaşları süni intellekt sahəsində təlimlərə cəlb olunacaq və onların bu texnologiyanı effektiv şəkildə tətbiq etməsi təmin ediləcək. Məqsəd AI əsaslı idarəetmədə dünyanın ən güclü kadr potensialını formalaşdırmaqdır.
Layihənin icrasına yüksək səviyyədə nəzarət ediləcək. Bu prosesə Şeyx Mənsur bin Zayed rəhbərlik edəcək, icra işlərini isə Məhəmməd Əl Gərqavinin sədrlik etdiyi xüsusi işçi qrup koordinasiya edəcək.
Sonda vurğulanır ki, texnologiya sürətlə inkişaf etsə də, hökumətin əsas prinsipi dəyişməz qalır – insan amili hər zaman ön plandadır. Yeni modelin əsas məqsədi daha sürətli, çevik və effektiv dövlət idarəçiliyinin qurulmasıdır.