"Masallı rayonunda taxıl sahələrinin su altında qalması və badımcan sahələrində xəstəliklərin yayılması ilə bağlı bəzi KİV-lərdə "Azadlıq” radiosuna istinadən yayılan məlumatlar Masallı rayon İcra hakimiyyəti tərəfindən araşdırılıb. Məlum olub ki, bu məlumatların heç bir əsası yoxdur”.
BakuPost.az xəbər verir ki, Masallı İH-in yaydığı məlumatda belə qeyd edilir.
Bildirilir ki, material hazırlanarkən qarşı tərəfin fikirlərinə yer ayrılmayıb, jurnalist qərəzli adamların dediklərini tirajlamaqla cəmiyyətə heç bir həqiqətə uyğun olmayan informasiyalar təqdim edib:
"Məqalədə Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənovun fikirlərinə yer verilib. O kənd təsərrüfatı məhsulların əkini ilə bağlı "problemlərdən” danışıb. Daha sonra Səmədağa Həsənov (AXCP üzvüdür) tərəvəzdən, cəfəri plantasiyalarından, tədarükçülərin aşağı qiymətə məhsul almasından, alıcı azlığından şikayət edib.
Yazıda Masallı rayonun Həsənli kənd sakini Toğrul Mərhəmlinin də fikirlərinə yer verilib. Siyasi partiyalardan birinin gənclər təşkilatının sədri olan T. Mərhəmli badımcan sahələrində xəstəliyin yayıldığından danışıb.
Əvvəla, onu deyək ki, qarşı tərəfin münasibətini öyrənmək- jurnalistikanın təməl prinsipləridir. "Azadlıq” radiosu bu ali prinsipi növbəti dəfə pozaraq bitərəfli mövqe nümayiş etdirib.
İkincisi, İcra Hakimiyyətindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, "Azadlıq” radiosunun yaydığı məlumat həmişəki kimi əsassız və təxribat xarakterlidir. Belə ki, Təklə kənd sakini Səmədağa Həsənovun bəzi taxıl sahələrinin su altında qalması ilə bağlı iddiası araşdırılan zaman məlum olub ki, bu şəxs ot kimi biçilən sahələrin taxıl kimi qeydə alınmasını və subsidiya verilməsini tələb edir ki, bu da qanunla mümkün deyil. Qanunsuz tələbi təmin edilmədiyi üçün müxalifət düşərgəsinin Masallıdakı radikal üzvü olan bu şəxs, adəti üzrə qaralama kampaniyası aparmağa çalışır.
Masallı rayonu Həsənli kənd sakini Toğrul Məhərrəmlinin (Müsavat Partiyasının üzvü) badımcan sahələrində xəstəliyin yayılması ilə bağlı məlumatı rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılıb və əsassız olduğu müəyyən olunub. Bildirilir ki, bu şəxsin özünə məxsus torpaq sahəsində badımcan bitkisi əkilməyib və ən qəribəsi odur ki, verilən məlumatdan xəbərsiz olduğunu bildirib”.
İcta hakimiyyəti təkzib materialında Masallıda kənd təsərrüfatının vəziyyəti barədə də məlumat verib: "Məlumat üçün bildiririk ki, Masallı rayonunda 2017-ci ilin məhsulu üçün 11934 hektar sahədə payızlıq əkinlər (7430 hektar buğda, 3055 hektar arpa və 1449 hektar sair əkinlər) aparılmışdır. 4950 hektar torpaq sahəsində isə yazlıq bitkilər əkilib.
Belə ki, 940 hektar sahədə kartof əkini aparılmışdır. Hazırda kartofun çıxarılması yekunlaşmaq üzrədir və tədarükündə heç bir problem yoxdur. 474 hektar sahədə badımcan bitkisi əkilmiş və hazırda yığımına başlanılıb. Bundan başqa rayon ərazisində 187 hektar çəltik, 32.5 hektar tütün, 88 hektar qarğıdalı, 545 hektar pomidor, xiyar, 382 hektar bostan, 63 hektar soğan, 39 hektar sarımsaq, 345 hektar dənli və dənli paxlalı bitkilər, 193 hektar yonca, 34 hektar günəbaxan, 65 hektar bibər və sair bitki növləri əkilmişdir. Bildiririk ki, əkin sahələrinin becərilməsində və suvarılmasında heç bir çətinlik müşahidə olunmur.
Bir sözlə, indi Masallıda hansı kəndə, qəsəbəyə üz tutsan, qızğın iş getdiyinin şahidi olarıq. Hər kəs zəhməti ilə bol məhsul yetişdirmək qayğısı ilə yaşayır. Son illərdə aparılan islahatlar, yeniliklər və qurucluq işləri ilə əlaqədar olaraq bu gün Masallı rayonu Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevrilib. Rayonda abadlıq, quruculuq işləri aparılır, iş yerləri açılır, əhalinin maddi-rifah halının yüksəldilməsi üçün işlər görülür”.
Baku Post